Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlk Şura iclasında ciddi narahatlıq doğuran məqamlar diqqətə çatdırıldı

Yanvarın 17-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın ilk iclası keçirilib. İclasda Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2020-ci il üzrə perspektiv iş planı təsdiq edilib. İH-nin başçısı İlham İsmayılov 2019-cu ildə olduğu kimi 2020-ci ildə də tədbirlər planında 41 məsələ nəzərdə tutulduğunu bildirib.

İHB yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın 2019-cu ildəki fəaliyyəti barədə hesabatı qənaətbəxş hesab edilsə də, həm başçının, həm də təşkilat rəhbərlərinin çıxışlarında ciddi narahatlıq doğuran məqamlar diqqətə çatdırılıb. Belə ki, boşanan, valideynlərindən biri narkoman olan, çox kasıb şəraitdə yaşayan və ya uğusuz hesab edilən ailələrin azyaşlı uşaqlarının təhsilə cəlb olunması istiqamətində aparılan işlər aşağı səviyyədədir.

İH-yə ötən il daxil olmuş sənədlərlə işin, vətəndaşların ərizə və şikayətlərinə baxılması vəziyyətinin müzakirəsi xeyli uzun çəkib. Bildirilib ki, vətəndaşların qanuni müraciətləri təmin edilib və icrası üçün müvafiq hərəkətlər icra olunub. Lakin haqsız müraciətlər də az olmayıb. Məsələn, dövlət və bələdiyyə torpaqlarını zəbt edənlər qanunsuz tələblərinə rədd cavabı aldıqdan sonra yuxarı instansiyalara eyni məzmunlu məktublarını təkrar-təkrar göndəriblər. İcra başçısı vurğulayıb ki, son vaxtlar Mingəçevirdə məhəllələrin ərazisində ayrı-ayrı vətəndaşlara ev tikmək üçün torpaq yeri ayrıldığı barədə sənədlər ortaya çıxıb: “Məlum olub ki, bir fırıldaqçı qrup 2015-ci ildə ləğv olunan Dövlət Torpaq Komitəsinin adından saxta sənədlər hazırlayaraq, vətəndaşları və dövlət qurumlarını aldatmağa çalışır. Hazırda istintaq orqanları araşdırma aparırlar”.

Şura iclasında Mingəçevir şəhərinin Dövlət büdcəsinin 2020-ci il üzrə gəlir və xərcləri və bu ilki yeniliklər, xüsusən tender əməliyyatlarının indidən sonra elektron qaydada aparılacağı barədə də məlumat verilib.

Şərhlər bağlıdır.