Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İLHAM ƏLİYEV : “İNSANLARI NARAHAT EDƏN BÜTÜN PROBLEMLIR HƏLL OLUNMALIDİR”

Bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verərək bir sıra  dövlət əhəmiyyətli məsələlərə toxunmuş, o cümlədən  “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisə olduğundan bəhs etmişdir.

İqtisadiyyatımızın günbəgün inkişaf etməsi sayəsində Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və buna istinadən demək olar ki,  Azərbaycan bundan sonra həm də  etibarlı qaz təchizatçısı olacaqdır. Fərəhlə qeyd etmək olar ki, Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş   və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. Müsahibəsində prezidentimiz qeyd etmişdir ki, “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdəəldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”.

Hər bir sahədə iş zamanı çətinliklər də olur, nailiyyətlər də, uğursuzluqlar da. İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində   böyük qaz-kondensat yatağı aşkarlanmışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də təbii ki,  Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. İlkin proqnoza görə bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz yalnız daxili tələbatlara istiqamətləndiriləcək.    Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir.  Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.

Prezidentimiz deyib ki, “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür”. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər”.

Doxsanıncı illərdə Azərbaycanın çox çətin, iqtisadiyyatının tamamən durğunluğu dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə böyek neft kontraktının imzalanması Azərbaycanın inkişafı və dünyaya inteqrasiyası yolunda atılan ilk addımlardan idi. O zaman çoxları buna inanmırdı. Lakin illər keçdikcə ölkəmizin nailiyyətləri sıralandıqca insanlarda inam hissi çoxalmağa başladı.  Azərbaycanın dünyanın ən böyük dövlətləri ilə birgə iqtisadi kontraktlarin imzlanmasında iştirak etməsi sübut etdi ki, uğurlar hələ qabaqdadır.   “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır.

“Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular  Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.

Neftçilərin əməyi əsl qəhrəmanlıqdır.

Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. “Abşeron”, “Qarabağ” və  digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır. Bu barədə cənab prezident də xüsusi vurğulayıb ki, Neftçi Qurban dünyada bir nömrəli neftçi sayılmalıdır. Xoşbəxt Yusifzadə  bizim əfsanəvi neftçi-geoloqdur.  “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var”.

Müstəqillik əldə edildikdən sonra, xüsusilə keçid dövründə qarşıya çox böyük çətinliklər çıxmışdı. Dövləti qorumaq və möhkəmləndirmək üçün əməli işlər görülməli idi. Həyatın hər sahəsində mövcud olan durğunluğun  aradan qaldırılması üçün qətiyyətli və cəsarətli layihələrin reallaşması zərurəti yaranmışdı.  Müstəqillik dövrünə qədər  çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.  Biz o vaxt müstəqil ölkə olsaydıq,  Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Tarixi umutmaq olmaz. Azərbaycanın dəyərli və xeyriyyəçi insanları  zamanında həm də insanların həyat tərzinin yaxşılaşması üçün əməli işlər görüb.  Çıxış və yazılarda Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalıdır. Tağıyevin azərbaycanlıların təhsil almasında, Bakının abadlaşdırılmasında rolu xüsusi olaraq vurğulanmalıdır.  Tağıyev görkəmli dövlət xadimi Əziz Əliyevin Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumasına kömək etmişdir.

İkinci Dünya müharibəsi zamanı Dağıstana rəhbərlik edərkən Əziz Əliyev Şimali Qafqazın digər müsəlman xalqlarından fərqli olaraq dağıstanlıların köçürülməsinin qarşısını almışdır. Gizlin deyil ki, əzəli və əbədi düşmənimiz olan ermənilər öz çirkin əməlləri ilə Azərbaycana zərbə vurmağa cəhd göstərir, dost ölkələrlə aramızı vurmağa çalışırlar. Dağıstan və digər ölkələrlə olan dostluq və əməkdaşlığımıza da  barmaq uzatmaq istəsələr də buna yol verilməməlidir. İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi olmuşdur. Təəssüf ki, II dünya müharibəsində faşizm üzərində qələbənin əldəedilməsində azərbaycanlıların və Azərbaycanın rolu lazıminca qiymətləndirilməyib. Bunun müqabilində  isə Sovet İttifaqı  Azərbaycana dağılmış iqtisadiyyat, dağılmış neft infrastrukturu miras qoyub. Sovet vaxtında  Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın  bir çox rayonlarında qaz xətləri yox idi. Müstəqillik illərində Azərbaycan bütün sahələrdə müvəffəqiyyətlərə nail olub.  Bu gün yurdumuzun ən ucqar kəndləri belə qaz ilə təchiz edilib və bu da dövlətimizin insanların  sosial rifah halının yaxşılaşması yolunda gördüyü işlərdən bir hissəsidir.

Müstəqillik o deməkdir ki, dövlət heç bir başqa ölkədən asılı deyil, özünün daxili potensialı ilə yaşamağa qadirdir. Azərbaycan da belə müstəqil ölkələrdəndir. Energetikası, qazı, nefti, suyu və digər həyat əhəmiyyətli sərvətləri olan ölkə bundan sonra da  inkişaf yolunda inamla irəliləyəcək.  Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir.  İndi Azərbaycan bütün reytinqlərdəən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün  infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir.

Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur.  Prezident İlham Əliyev : “Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz – müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib.  700-dən çox xəstəxana tikilib vəən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi”. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik”. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik”. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir”. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”. Prezidentimizin jurnalistlərə müsahibəsi zamanı söylədiyi bu fikirlərdən sitat gətirməklə qeyd etmək  istəyirəm ki, Azərbaycanın daxili işlərinə heç bir dövlət qarışa bilməz, dövlətimiz müharibə şəraitində yaşasa da xalqın həyat tərzinin yaxşılaşması, sağlamlığı,  gənc nəslin yüksək səviyyədə təhsili, mədəniyyətinin dünyada tanınması, bir sözlə, dünyada öz layiqli yerini tutması üçün hər bir təzyiqi dəf etməyə qadirdir.

Ötən əsrə nəzər salaq. Sovet vaxtı Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları  idi. On beş ildən artıqdır ki, prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramları həyata keçirilir. Yurdumuzun bütün bölgələrində abadlıq-quruculuq və əsaslı tikinti işləri reallaşər. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Ekoloji fəlakət zonası olan Balaxanı gözəl bir qəsəbəyə çevrilib.  Qara şəhər artıq yoxdur, onun yerində Ağ şəhər var.  Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir. Ölkəmizi nura qərd edən Mingəçevir şəhərində yeni-yeni parklar və istirahət mərkəzləri yaradılıb, küçə və məhəllələrdə əsaslı quruculuq işləri reallaşıb. Orta məktəb və uşaq bağçalarının bir neçəsi yenidən tikilib, bir çoxu əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Mərkəzi şəhər xəstəxanası  əsaslı təmir edilib. Su və kanalizasiya xətləri yenilənib. İşıqlanma sistemi tamamilə yenidən qurulib. Küçələr asfaltlanıb, yaşıllıq zolaqları genişlənib. Bütün bunlar prezidentimizin regionlara göstərdiyi diqqət və qayğının  əyani nümunəsidir.

İlham Əliyev: ”Bakının bütün qəsəbələri abadlaşdırılmalı, tarixi abidələr bərpa edilməli, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır”.

İki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.  Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar  xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir.    Çar Rusiyası və sovet dövründə bu addımlar atılmayıb, sərvətlərimiz yalnız istismar edilib, insan amili nəzərə alınmayıb.  Bu günkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir.

Bu barədə İlham Əlıiyev belə deyib: ”Neft   məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir”. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik”.

Dövlətimizin başçısının bu müsahibəsi də bizim üçün bir tezisdir. Və bundan sonrakı fəaliyyətimiz üçün xüsusi bir iş proqramı və tapşırıqdır. Biz də öz fəaliyyətimizlə  hər zamankı kimi prezidentimizə dəstək olmalı, ona olan inam və ehtiramımızı göstərməliyik. Çünki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, uğurlarımız sıralanacaq, xalqın sosial rifah halı  yaxşılaşacaq.

Emiliya Hüseynova,

İqtisad üzrə fəlsəfə doktoru

Şərhlər bağlıdır.