Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilin əvvəlindən yaşayış məhəllələrində sakinlərlə səyyar görüşlərə başlayıb. İlk görüş yanvarın 9-da Üzeyir Hacıbəyov küçəsindəki 78 və 80, Müslüm Maqomayev küçəsindəki 79 və 81, Rəsul Rza küçəsindəki 23 saylı binaların həyətində yerləşən stadionda baş tutub. Məhəllə sakinləri ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də böyük maraq doğuran görüşə qatılıblar.
Xəbər verdiyimiz kimi, məhəllə öz səliqə-sahmanı ilə diqqəti çəkir. Mənzil Təsərrüfatə Abadlaşdırma İdarəsinin və onun tabeliyindəki 5 saylı MİS-in daxili imkanları hesabına ərazidə uşaq və gənclərin, yaşlı insanların istirahəti və əylənməsi üçün yaxşı şərait yaradılıb. Əvvəllər bərbad halda olan futbol meydançası və idman qurğuları əsaslı təmirdən sonra nümunəvi vəziyyətə gətirilib, onun ətrafında skameykalar quraşdırılıb və rənglənib, 50-dən artıq ağac əkilib. Məhəllədaxili yollara və səkilərə yeni asfalt örtüyü və bardürlər döşənib, binaların dam örtükləri dəyişdirilib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi mövcud ərazidə məişət tullantılarını yığmaqdan ötrü ayrılan zibil qablarının sayını artırıb və onları işlək yoldan bir qədər kənarda yerləşdirməklə, sakinlərin narahatlığına son qoyub. Nümunəvi məhəllədə əhalinin çox olduğunu nəzərə alaraq, yaxın vaxtlarda ərazinin başqa bir hissəsində də zibil qutuların qoyulmasına qərar verilib.
Görüşü açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov öncə sakinləri salamlayıb, onlara yeni il təbriklərini çatdırıb. Başçı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən Mingəçevirdə aparılan əməli işlərdən, həyata keçirilən uğurlu layihələrdən söz açıb. O, qeyd edib ki, hazırda şəhərdə yenidənqurma işləri uğurla davam etdirilir: “Binaların dam örtükləri əsaslı təmirdən çıxarılır, sakinlərin arzusu nəzərə alınaraq nümunəvi məhəllələr, yeni parklar salınır, movcud park və xiyabanlarda səliqə-sahman yaradılır. Artıq beş məhəllədə nümunəvi şərait yaradılıb. İlin sonunadək bu qəbildən olan tədbirlərin sayı artırılacaq.”
Məhəllə sakinlərindən Mürsəl Mürsəlov, Fərman Nəbiyev, Mirzə Mirzəyev, Ərşad Cəfərov, Əlyar Qədimov və başqaları İ.İsmayılova şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alması münasibətilə təbriklərini çatdıraraq, gələcək işlərində uğurlar arzulayıblar. Eyni zamanda başçının diqqətini istilik sisteminə və binaların giriş qapılarına, ağacları suvarmaq üçün su xəttinə ehtiyacla bağlı problemə yönəldiblər. Ffiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi, yaxud budanmasından da danışılıb. Sakinlər onu da bildiriblər ki, şəhərimizin inkişafı naminə həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə və şəhər rəhbərliyinə dəstək göstərməyə hazırdırlar.
İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərə aydınlıq gətirib, onların həlli məqsədi ilə müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinə yerindəcə tapşırıqlar verib, Məhəllə sakinlərinə onlara yaradılan imkanlardan səmərəli istifadə etməyi, yaşıllıqları və ətrafdakı qurğuları qoruyub saxlamağı tövsiyyə edən İ.İsmayılov sakinləri əmin edib ki, Mingəçevirin inkişafı naminə ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Başçı KİV-ə və ictimaiyyət nümayəndələrinə də ismarışlarını verib: “Yaxşı olar ki, siz də bu məsələlərdə diqqətli olasınız. Şəhərimizin gözəlliyinə ziyan vuranlara, xüsusilə nəzərdə tutulmayan yerlərə zibil atanlara qarşı birgə mübarizə aparmalıyıq. Mətbuat bu sahədə daha böyük rol oynaya bilər”.
Şərhlər bağlıdır.