Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İdeal müəllim şagirdlərində dərsə həvəs və rəğbəti necə qazandırmalı?

Şagirdin qabiliyyətlərinə görə hədəf təyin edilməli və o hədəf istiqamətində həvəs və rəğbət aşılanmalıdır. Bu şəkildə şagirdin həm zehni, həm də fiziki cəhətdən o istiqamətdə məşğul olması təmin olunmalıdır. Bununla yanaşı ən yüksək hədəfin də vətən və milli-mənəvi dəyərlər olduğu tez-tez xatırladılmalı və şagirdin o hədəfi əldə etməsi üçün həvəs və səylə çalışması təmin edilməlidir.

Müəllimin üzərinə düşən vəzifələr nələrdən ibarətdir?

Müəllim şagirdlərinə qarşı sevgi, şəfqət və mərhəmət hissi ilə yanaşmalıdır. Bunun üçün müəllim daima onların əhvallarını soruşmalı, dərsləri ilə maraqlanmalı və onların maddi və mənəvi problemləri ilə məşğul olmalıdır. Ancaq burada müəllim çox incə bir nüansa diqqət etməlidir ki, daha sonra şagirdlər müəllimin bu cəhətindən faydalanıb sui-istifadə etməsinlər. Bunun üçün də şagird-müəllim münasibətlərində aradakı məsafəni qorumalı, lazım gələrsə, nizam-intizamı saxlamasını bacarmalıdır. Buna görə də müəllim sevgi və mərhəmət balansında şagirdlərlə olan əlaqəsini çox düzgün qurmalıdır. Məsələn, onlara bir səbəb olmadan əsəbiləşməməli, yersiz danışmamalı, sakit şəkildə, həmişəki təbii vəziyyəti ilə müraciət etməli, onları döyməməli, qürurlarını qıran davranışlar sərgiləməməlidir. Müəllim mövzunu şagirdlərlə birlikdə dərs əsnasında sual-cavabla və ya başqa hər hansı bir fəaliyyətlə aktivləşdirməlidir. Dərs əsnasında yerində və vaxtında olmaq şərti ilə zarafat etməyi də vərdiş şəklinə salmalıdır. Əgər müəllim dərs əsnasında müəyyən zarafatlarla şagirdlərin yorğunluqlarını aradan qaldıra bilməzsə, o zaman şagirdlər bunu öz dostları ilə etmək məcburiyyətində qalacaqlar. Bu zaman dərsdə səs-küy, gurultu qopacaq və sinfi ələ almaq çətinləşəcək.

İdeal müəllim başqalarına təsirli, faydalı ola bilmək üçün özündə hansı xarakter və davranışları əks etdirməlidir?
-İnandırıcı və təsiredici nitqə malik olmalıdır.
-Başqalarına nümunə olmalı, dediyi sözün əslinə riayət edəcək davranışlar sərgiləməlidir.
-Təltif və təqdir etməyi bacarmalıdır. İdeal müəllim verilən tapşırıqları lazımi şəkildə yerinə yetirən, nümunəvi şagirdləri mükafatlandırmalıdır.
-Şagirdlərini xeyirxah insanlarla tanış edib, onların yaxşı mühitdə olmalarını təmin etməlidir.
-Şagirdlərə milli-mənəvi dəyərləri təbliğ edən kitablar verərək onların mütəmadi olaraq oxunmasını təmin etməlidir.
-Şagirdlərinə qabiliyyətlərinə görə hədəf müəyyənləşdirməli, o hədəfə çatmaları üçün müxtəlif tapşırıqlar verməli və beləliklə, şagirdlərin vaxtlarını boş keçirmələrinə yol verməməlidir.
-Bütün bunlarla yanaşı şagirdin tədqiqat aparıcı bir ruha və fərasətli bir zəkaya malik olmaları üçün də əzmkarlıq və təmkinlə səy göstərməlidir.
Müvəffəq müəllim necə olamalıdır?
Hər hansı bir şəxs müəllimlikdə uğur əldə etmək üçün 3 əsas işi özü üçün prinsip hesab etməlidir: Öyrənmə, yaşama (tətbiq etmə) və öyrətmə.

Öyrənmə
Müvəffəq və işində səmərəli müəllim doğruları axtaran xarakterə malik olmalıdır. Dünyada mövcud olmağımız, varlığımızı davam etdirməyimiz, dünya miqyasında sözü keçən bir millət ola bilməyimiz üçün öyrənməli, düşünməli, problemləri fikirləşərək həll etməli və düşüncəni əngəlləyən və bizi düşünməz hala gətirən faktorlardan uzaq olmalıyıq. Müəllim daima ciddi əsərlər oxuyaraq, oxuduqlarından xülasələr çıxararaq daima özünü yeniləməli və inkişaf etdirməlidir. Elmi, ədəbi, əxlaqi, tərbiyəvi kitablar oxumalı və onlardan fikirlər çıxarmalıdır. Bunun sayəsində insanın düşüncə forması inkişaf edər və xəyal gücü qüvvətlənər. Müəllim yalnız özü deyil, şagirdlərini də hər ay heç olmazsa bir kitab oxumağa sövq etməli və oxuyub-oxumadıqlarını tez-tez soruşub, təqib etməlidir.

Yaşama (tətbiq etmə)
Elm tətbiq edilmək üçün öyrənilir və öyrədilir. Əgər bir adam öyrəndiklərini tətbiq etməyəcəksə, bir çox şeylər öyrənməklə boş işlərlə məşğul olmuş və qiymətli vaxtını boş yerə xərcləmiş olmazmı? Bu mənada müəllimin sahib olduğu imkanları dəyərləndirməsi və bildiklərini praktikada tətbiq etməsi lazımdır. Əgər dediklərini öz həyatında yaşaması ilə göstərməzsə, danışdıqlarına heç kim qulaq asmaz və nümunə götürməz. Ona görə də əgər bir müəllim müəllimlikdə müvəffəqiyyət əldə etmək istəyirsə, ilk öncə öz şəxsi həyatını və çalışmalarını nizamlamalıdır. Ailə vəziyyəti və nizamı düzgün olmalıdır ki, başqalarına da nəsihət etdikdə təsir edə bilsin.

Öyrətmə
Məsələləri istər yazılı, istərsə də şifahi öyrədərkən nələrə diqqət etmək lazımdır?
Nə isə öyrədərkən qarşı tərəfin qabiliyyət və istedadını müəyyənləşdirib, ondan sonra qarşı tərəfin səviyyəsinə uyğun izah edilməlidir. İzah əsnasında bənzətmələr, nümunələr çox vacibdir. Məsələləri izah edərkən üslub da əsas şərtlərdən biridir. Üslub şəffaf, aydın, sadə olmaqla yanaşı mənalı və düşündürücü olmalıdır.
Nə isə izah edərkən özümüzü qarşı tərəfin yerinə qoyub ondan sonra danışmalıyıq. Yəni hər kəsin başa düşəcəyi şəkildə sadə cümlələrə daha çox yer ayırmalıyıq. İzah zamanı analiz və təhlil çox vacib məsələlərdən biridir. Buna əsasən izah edəcəyimiz mövzunu hissələrə bölməli, ondan sonra izah etməliyik. İzah həmişə asandan çətinə doğru inkişaf etdirilməlidir. Öyrədilən mövzuda nə (mövzu), necə (metod), nə üçün (məqsəd), nə ilə (predmet) suallarına cavab verilməlidir. Öyrədiləcək mövzuya hakim olunmalıdır. Belə ki, o mövzu ilə bağlı bizim ağlımızda heç bir qaranlıq yer qalmamalıdır.

Fuat Bakışlı

Şərhlər bağlıdır.