“İcra hakimiyyəti başçısı imzaladığı sərəncamla yerli səviyyədə dövlətin adından akt qəbul edir”
Noyabrın 6-da inzibati aktların qəbulunda iştirak edən məmurlar üçün seminar keçirilib. Mingəçevir Media Mərkəzində GİZ-in (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) təşkilatçılığı ilə baş tutan toplantıda Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov yeni inzibati hüquq mövzusunda fikirlərini bölüşüb. Natiq izah edib ki, əvvəllər inzibati hüquq dedikdə vətəndaşın dövlət qarşısında vəzifələr daşıdığı başa düşülürdü: “O zaman inzibati orqanlara qarşı məhkəmə qaydasında hüquqi müdafiə demək olar ki, mövcud deyildi. Yeni inzibati hüquq isə dövlətin vətəndaş qarşısında vəzifələrini müəyyənləşdirib. Bununla da inzibati orqanların tədbirlərinə qarşı hüquqi müdafiə imkanları tənzimlənib”.
S.Kərimov inzibati hüququn mahiyyəti, prinsipləri və harada tənzimlənməsi, inzibati icraatın aparılması, inzibati orqanın necə fəaliyyət göstərməsi, inzibati aktın icrası ilə bağlı məsələlərə geniş toxunub, bu sahədə xarici ölkələrin, xüsusən Hollandiya və Almaniyanın təcrübəsindən danışıb. O, qeyd edib ki, vətəndaş dövlət orqanlrının həm pozitiv, həm də neqativ qərarlarına o zaman hörmətlə yanaşır ki, bu aktların bələdiyyə və icra hakimiyyətlərinin subyektiv deyil, obyektiv əsasla verdiklərinə əmin olur: “Əgər kimya müəssisəsi ətrafa buraxdığı zəhərli qazlarla ekologiyaya zərər vurursa, təbii ki, müəssisəni bağlamaq olar, lakin bu, son həddir. Müəssisə yeni texnologiyanı tətbiq etmək, məsələn tüstü borusunu müasir tələblər səviyyəsində qurmaqla problemi həll edə bilirsə, ona bu imkanı yaratmaq lazımdır. Çünki müəssisənin bağlanması onun istehsal etdiyi məhsula defisitin yaranması, işçilərin işsiz və məvacibsiz qalması, sahibkarın ziyana düşməsi ilə nəticələnə bilər. Yəni inzibati orqan nail olmaq istədiyi məqsədə çatmaq üçün uyğun, ən yumşaq vasitəni seçməlidir. Bu vasitə adekvat olmalıdır, həddi keçən müdaxiləyə yol verilməməlidir”.
Ekspert nəzərə çatdırıb ki, son illər Azərbaycanda qanunsuz tikililərin sökülməsi ilə bağlı çoxsaylı mübahisələr gedir: “Təbii ki, qanunsuz tikinti söküməlidir. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda, meşə torpaqlarında tikililərin aparılmasına icazə verilmir. Başqa yerdə isə inşaat işləri üçün müvafiq icazəni alınması tələb olunur. Lakin bu, həmin tikilinin dərhal sökülməsi anlamına gəlməməlidir. Əgər vətəndaş fərdi ev tikmək məqsədilə qanuni şəkildə torpaq alıbsa və sonradan tikintiyə icazə almadan həmin sahədə özü üçün mənzil tikibsə, indi bunu niyə sökməliyik? Yəni burda problem olmamalıdır, inzibati orqanın vətəndaşla bağlı qəbul etdiyi aktda mütənasiblik prinsipi gözlənilməlidir”.
Seminar iştirakçıları qonağın nəzərinə çatdırıblar ki, son vaxtlar DSMF pensiyaya çıxmaq istəyən vətəndaşların hər birindən ali təhsil müddətinin ümumi staja daxil ediməsiylə bağlı məhkəmə qərarının gətirilməsini tələb edir. Bu isə əlavə enerji, vaxt və maliyyə itkisi deməkdir.
S.Kərimov “İnzibati icraat haqqında Qanun”un bərabərlik və etimad hüququnun qorunması prinsiplərindən bəhs edən 12 və 13-cü maddələrini xatırladıb: “12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.”.
Məsələyə aydınlıq gətirən natiq onu da əlavə edib ki, cəmi bir vətəndaşın təhsil illərini, ya cəza çəkmə müəssisəsində olduğu müddəti məhkəmə qaydasında ümumi staja qəbul ediblərsə, daha digərlərinin məhkəməyə getməsinə ehtiyac yoxdur: “İnzibati orqan bu qərarı başqalarına da şamil etməlidir. Bu, inzibati orqanın fiziki və ya hüquqi şəxslərin etimadını qazanması üçün çox vacibdir”.
Natiq onu da vurğulayıb ki, adətən inzibati orqanlaın aktları Azərbaycan Respublikasının adından verilir: “Məhkəmə qərarlarında bu görünür. Digər orqanlarda isə bəzən elə hesab edirlər ki, vəzifəli şəxsin sərəncamı dövlətə deyil, onun özünə aidir. Bu, yanlış fikirdir. Məsələn, icra hakimiyyəti başçısı imzaladığı sərəncamla yerli səviyyədə dövlətin adından akt qəbul edir. Xarici təcrübədə bu sənəddən yuxarı inzibati orqana, daha sonra isə məhkəməyə şikayət vermək olar. Qərarın icrası isə labüddür, çünki Qərbdə qərarların icra oluna bilməyəcəyini insanlar təsəvvür belə etmirlər”.
GİZ-in nümayəndəsi Şakir Səfərbəyovun dediyinə görə, eyni xarakterli tədbir bir gün əvvəl, noyabrın 5-də Yevlaxda da keçirilib.
Şərhlər bağlıdır.