Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Icra başçısı hesabat verdi

İctimaiyyətin marağını nəzərə aıaraq, Icra Hakimiyyəti başçısının illik hesabatını dərc edirik.

Hörmətli qonaqlar!

Hörmətli Şura üzvləri və müşavirə iştirakçıları!
Bu il yanvar ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir. İclasda ölkənin 2019-cu ildə sosial-iqtisadi inkişafına yekun vurulmuş və 2020-ci ildə qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Dövlət başçısı iclasdakı giriş nitqində qeyd etmişdir ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur – həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Təsadüfi deyil ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır. Bu islahatlar ölkə inkişafının bundan sonra daha da uğurlu olacağına imkan verəcəkdir.
Təhlil göstərir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Ümumi daxili məhsul 2,2 faiz artmış, xüsusilə qeyri-neft sektorunda bu artım 3,5 faiz olmuşdur. Sənaye istehsalı 1,5 faiz artmış, infilyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Valyuta ehtiyatları isə 6,4 milyard dollar artaraq rekord həddə – 51 milyard dollara çatmışdır. Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu da, öz növbəsində çox geniş sosial paketin əhaliyə təqdim edilməsinə imkan verdi. Minimum əməkhaqqı və sosial müavinətlər 2 dəfə, minimum pensiya 70 faiz artırılmışdır. Ümumilikdə keçirilən sosial paket 4,2 milyon insanı əhatə etmiş və bu, vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmışdır.
Ölkə iqtisadiyyatında 2019-cu ildə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər, hesabat dövründə şəhərimizin də dinamik inkişafına öz müsbət təsirini göstərmişdir.
İlin əvvəlindən şəhərin sənaye müəssisələrində 315,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon manat və ya 3,2 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 294,1 milyon manatlığı dövlət müəssisələrinin, 21,1 milyon manatlığı qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 477,5 manat təşkil etmişdir.
Ötən il şəhər miqyasında tikinti-quraşdırma işlərinə 67,7 milyon manat, əsas kapitala 73,2 milyon manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəlmiş investisiyaların 68,3 milyon manatını dövlət mülkiyyəti, 4,9 milyon manatını qeyri-dövlət mülkiyyəti təşkil edir. Rabitə xidmətləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq 1,6 milyon manat təşkil etmişdir. Nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisə və fiziki şəxslər tərəfindən il ərzində yükdaşımalar 0,6 faiz artaraq 808 min ton, sərnişin daşınması isə 2,4 faiz artaraq 36,2 min nəfər təşkil etmişdir.
2019-cu ilin hesabat dövründə şəhərin istehlak bazarında əhaliyə 210,5 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
İl ərzində 9 hündürmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtükləri və giriş blokları, ümumi istifadə olan yerləri təmir olunmuşdur. Şəhərin “Dostluq” parkının 2-ci hissəsində böyük abadlıq, yenidənqurma işləri aparılmışdır. Belə ki, parkın ərazisi 1,4 hektar genişləndirilərək abadlaşdırılmış, sahəsi 3350 kv.metr daş döşənmiş, 300-ə qədər ağac və dekorativ kol bitkiləri əkilmiş, sahəsi 800 kv.metr mini futbol meydançası, sahəsi 100 kv.metr musiqili fəvvarə, şahmat meydançası, uşaqlar üçün əyləncə meydançası, 49 ədəd işıqlandırma dirəyi quraşdırılmış, 4 söhbətgah, 26 ədəd müasir oturacaq, 12 ədəd zibil qutuları qoyulmuşdur.
Şəhərin şərq girişində antisanitar vəziyyətdə olan, çirkab tullantı suları axıdılan kanal ləğv olunaraq 2.4 hektar ərazi abadlaşdırılmışdır. Əraziyə 12 min kub metr torpaq daşınıb hamarlanmış, münbitləşmə işləri aparılmış, 1500 p/m suvarma xətti çəkilmiş, 6000 kv.metr daş döşənmiş, 5000 kv.metr çəmən otu səpilmiş, 1100 ədəd ağac əkilmiş, 6 söhbətgah hazırlanmışdır. Hazırda layihə əsasında dekorativ ağac və bəzək kollarının əkilməsi, işıqlandırma sisteminin qurulması, fəvvarənin, idman və uşaq meydançalarının tikintisi işləri davam etdirilir.
Uzun müddət baxımsız vəziyyətdə olan A.Qurbani dairəsində də abadlıq işləri aparılmışdır. Ərazisi 1 hektar olan dairədə piyada cıgırları asfaltlanmış, işıqlandırma sistemi qurulmuş, 183 metr suvarma xətti çəkilmiş, 1000-ə yaxın ağac və həmişəyaşıl kol əkilmiş, sakinlərin istirahəti üçün 1 ədəd uşaq əyləncə meydançası, futbol və basketbol meydançaları quraşdırılmış, oturacaqlar qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin Mingəçevir şəhərinə diqqət və qayğısını biz mingəçevirlilər daimi hiss edirik. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 05 fevral Sərəncamı ilə Mingəçevir şəhərində 10 hündürmərtəbəli yaşayış binasının 16 ədəd istismara yararsız liftlərinin dəyişdirilməsi və zəruri təmir işlərinin aparılmasına 882800 manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitə uyğun olaraq şəhərin V.Abdullayev küçəsi 2, 4, N.Rəfibəyli küçəsi 4, 6, 11, 13/1, 20 Yanvar küçəsi 18, 14 və C.Əliyev küçəsi 12 saylı yaşayış binalarının liftləri təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Ötən ilin sonunda mingəçevirlilər bu diqqətin bir daha şahidi oldu. Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında cənab Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 4 yaşayış massivini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılmışdır. Ayrılmış vəsait hesabina şəhərin ən ucqar ərazilərinin avtomobil yollarının asfaltlanması işlərinə başlanılmışdır.
Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dördüncü proqramın əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamı olduğunu və proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələrin icra olunacağını vurğulamışdır. Prezident İlham Əliyev həmin konfransda qəbul edilən proqramların ölkənin hərtərəfli inkişafındakı əhəmiyyətini vurğulayaraq bildirmişdir: “…2003-cü ildən bugünə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır… Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır… Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir”.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Mingəçevir şəhərinə aid bəndləri ardıcıl olaraq uğurla icra olunmaqdadır. Təbriz, Z.Həsənova, Naxçıvan, Natavan, Ü.Hacıbəyov, N.Nərimanov, Nəsimi küçəsinin bir hissəsinə, məhəllədaxili yollara və səkilərə ümumilikdə 142733 kv.metr yeni asfalt örtük salınmışdır. Hesabat ilində yol və səkilərə 24618 metr müxtəlif ölçülü beton səki daşları düzülmüşdür.
Qaz təminatının yaxşılaşdırılması istiqamətində uzun müddət şəhərin ən böyük problemlərindən olan “Vaqonlar” və “Borçalı” yaşayış massivlərinin təbii qazla təmin olunması məsələsi həllini tapmış və ərazilərdə 400-ə yaxın ev qazlaşdırılmışdır.
Kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində hesabat dövründə 14061 p/m müxtəlif diametrli kanalizasiya xəttləri çəkilmiş, 120 ədəd nəzarət-baxış quyuları və 549 ədəd ev bağlantı quyuları quraşdırılmışdır.
Dövlət Proqramına uyğun olaraq hesabat dövründə 1669 nəfər daimi olmaqla işlə təmin edilmiş, 82 nəfər özünüməşğulluq təliminə cəlb olunmuşdur.
Hesabat dövründə Dövlət Proqramının “Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə şəhid A.Niftəliyev adına Mədəniyyət mərkəzində əsaslı təmir işləri aparılır, “Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi” bəndi üzrə 14 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış və istifadəyə verilmiş, 13 saylı tam orta məktəbin yeni tədris binasının tikintisi, 16 saylı tam orta məktəbdə əsaslı təmir işləri aparılmaqdadır.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Mingəçevir şəhərinə aid 15 bənddən 10 bəndi üzrə tədbirlər icra edilir, 5 bənd üzrə (elektrik enerjisi təminatı, sel və daşqın sularından mühafizə tədbirləri, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, idman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi, turizmin inkişafı) hesabat dövründə işlər aparılmamışdır.
2019-cu ildə şəhərin enerji istehsalı edən “Azərbaycan İstilik Elektrik Stansiyası” və “SES Silsiləsi” MMC-lərdə hesabat dövründə 282,9 milyon manatlıq məhsul istehsal edilib ki, bu da natural ifadədə 7 milyard 553 milyon kilovatsaat elektrik enerjisi edir. 2019-cu il ərzində “Azneftemaş”, “Mingəçevir Maşınqayırma Zavodu”, “Azərkabel” ASC-lər və “Mingəçevir Tekstil”, “HTech İnvest” MMC-lər mövcud imkanları daxilində işlərini təşkil etmiş və istehsalın artırılmasına nail olmuşlar.
2019-cu ildə şəhərin sosial sahələrinin işi daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 2019-cu ilin yekunu üzrə Mingəçevir şəhərində əmək pensiyası alan vətəndaşların sayı 17211 nəfər olmuş, 1257 ailəyə və ya 9379 nəfərə müavinət yardım verilməsi təmin edilmişdir.
2019-cu il ərzində ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında əhalinin məşğulluğunu təmin etmək məqsədilə Mingəçevir şəhərinə 1140 sosial iş yerləri, o cümlədən, kommunal təşkilatlar üzrə 905, “Azərenerji” ASC üzrə 100, “Azərişıq” ASC üzrə 40 və “Azəriqaz” İB üzrə 95 yer ayrılmışdır.
2019-cu il ərzində şəhərin kommunal xidməti müəssisələri şəhər sakinlərinə, idarə, müəssisə və təşkilatlara aidiyyəti xidmətin göstərilməsi ilə bərabər, şəhərdə aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərində də yaxından iştirak etmişlər.
2019-cu il ərzində 32 metalkirəmit, 70 yumşaq dam örtüklü binaların 5280 kv.metr sahəsi cari təmir edilmiş, 343 binanın tüstü və havaçəkən boruları, 142 binanın yağışötürücü boruları təmizlənmiş, 149 binanın yağışötürücü boruları cari təmir edilmişdir.
İl ərzində məhəllələrdə 6305 ədəddən çox müxtəlif növ ağac, 760 ədəd həmişəyaşıl kol və 1111 ədəd qızılgül tingi, 4300 çiçək əkilmişdir. Ötən il ərzində 114 binanın qarşısındakı oturacaqlar təmir edilmiş və 247 ədəd yeni oturacaq quraşdırılmışdır.
Ümumilikdə 21 nümunəvi məhəllə yaradılmış, 35 yaşayış binasının 94 giriş və fasad hissələrində əsaslı təmir işləri aparılmışdır. Nümunəvi məhəllələrdə idman qurğuları qoyulmuş, yaşlı insanların və uşaqların istirahəti üçün şərait yaradılmışdır.
Şəhər İcra Hakimiyyətinin müraciətləri əsasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu il ərzində 5 №li DBM zavodunun və “Energetik” kooperativinin inzibati ərazisində yerləşən binada məcburi köçkün məskunlaşmış tikililərin dam örtükləri və Sağ sahildə yarımçıq Mədəniyyət evi binasının 1-cı və 2-ci mərtəbəarası dağılmış pilləkən qəfəsi əsaslı təmir edilmişdir.
2019-cu ildə şəhərin elektrik təsərrüfatında müxtəlif ünvanlarda 150 metr yeni SİP kabel çəkilmiş, 3 ədəd zədəli transformator yenisi ilə əvəz olunmuş, bir sıra yaşayış binalarının şitləri, binalara gedən kabel xətlərinin qabaritliyi normal vəziyyətə salınmış, 19 ədəd dayaq basdırılmış, hava xətlərində 5 dayaqlararası məftillər təhlükəsizliyinə görə SİP kabel xətti ilə əvəz edilmişdir.
2019-cu il ərzində su şəbəkəsi üzrə su xəttlərinin 3810 p/m hissəsi təmir edilmiş, 80-dən çox yeni abonentə su təchizatı şəbəkəsindən ev bağlantısı verilmişdir. Kanalizasiya şəbəkəsi üzrə 35 yaşayış binasında ümumilikdə 667 p/m zirzəmi-kanalizasiya xəttləri yenilənmişdir. Su-kanalizasiya xidmətlərinə görə ödəniş əhali üzrə 88,7 faiz təşkil etmişdir.
Şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün ümumilikdə 2019-cu ildə 5529.89 p/m müxtəlif diametrli borularla qaz xətti çəkilmişdir. Güzəştsiz əhali sektorunun ödənişi 103 faiz təmin edilmişdir.
2019-cu il ərzində şəhərin müxtəlif küçə və parklarında 11582 ədəd müxtəlif növ ağac tingi, 6450 ədəd kol, 3650 ədəd mövsümi çiçək əkilmişdir. Təkcə dahi Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident M.Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika ağacəkmə aksiyasında şəhər ərasizində 10000 ağac tingi əkilmişdir.
İl ərzində yaşıllıqların suvarılması üçün ümumilikdə 6730 p/m su xətti çəkilmiş, 55 ədəd su sıxacı qoyulmuşdur. Vətəndaşların müraciəti əsasında ayrı-ayrı ünvanlarda 378 ədəd qurumuş və təhlükə törədən ağac budanmışdır. Şəhər ərazisində 65 ədəd kiçik tutumlu zibil qabı düzəldilmiş, müxtəlif ərazilərə 74 ədəd zibil qabı qoyulmuşdur.
2019-cu il ərzində 1941-45-ci illər meydanında təmir və yenidənqurma işləri aparılmış, “Aypara və səkkiz guşəli ulduz” konstruksiyası hazırlanıb quraşdırılmışdır. Şəhidlər xiyabanında “SİZ ƏBƏDİ YAŞAYACAQSINIZ” kompleksi tamamilə yenidən qurulmuşdur.
H.Əliyev prospekti, N.Nərimanov, A.Məmmədov, Təbriz, Nəsimi və s. küçələrdə yeraltı yağış ötürücü xəttlər təmizlənmiş, 44 ədəd müxtəlif ölçülü baxış quyuları hörülmüş, ümumilikdə 306 metr uzunluqda yeni ötürücü xəttlər çəkilmiş, 24 ədəd şəbəkəli və 8 ədəd dairəvi yeni quyu qapaqları quraşdırılmışdır. Şəhərin sel sularından mühafizə kanalının 6800 m-lik hissəsi təmizlənmişdir.
H.Əliyev prospektində, 20 Yanvar, N.Nərimanov və A.Məmmədov küçələrində 315 kv.metr sahədə səkilərin beton plitə örtüklərinin çökmüş hissələri bərpa edilmiş, Kür çayı sahil zolağı boyunca təmizlik işləri aparılmışdır. N.Rəfibəyli, V.Hüseynov, İslamzadə və bir sıra küçələrdə yol səki daşlarının 188 metr uzunluqda çökmüş hissələri bərpa edilmiş, yararsız halda olan 52 metr uzunluqda səki daşlarının əvəzinə yeni səki daşları quraşdırılmışdır.
Şəhərin küçə və məhəllədaxili ərazilərinin işıqlandırılması da İcra Hakimiyyətinin diqqətində saxlanılmış, il ərzində ümumilikdə 114 ədəd dekorativ, 77 ədəd park və 193 ədəd küçə işıqları olmaqla 384 ədəd işıq nöqtələrindən ibarət yeni işıqlanma sistemi qurularaq istismara verilmişdir. Müqayisə üçün qeyd edək ki, 2018-ci il ərzində podratçı tikinti idarəsi tərəfindən dəyəri 293713 manat olmaqla cəmi sayı 143 ədəd işıq nöqtəsindən ibarət olan işıqlanma sistemi qurularaq “İşıqlanma” idarəsinin balansına verilmişdir. Şəhərin işıqlanma sistemində enerjiyə qənaət olunması məqsədi ilə 2019-cu ildə də qənaətcil olmaqla yanaşı, güclü işıqlandırma qabiliyyətinə və keyfiyyətinə malik civə-buxar, metall-halogen, kompakt və LED lampalardan istifadə genişləndirilmişdir.
İstilik Sistemlərinin İstismar Sahəsinin balansında olan 2 işlək qazanxanadan yaşayış binaları və sosial obyektlər istiliklə təmin olunur. Təəssüflər olsun ki, 3 Dövlət Proqramının əhatə etdiyi dövr (2004-2018-ci illər) ərzində 19 qazanxanadan cəmi 2 qazanxana bərpa olunub istifadəyə verilib. Şəhər İcra Hakimiyyətinin “Azəristiliktəchizat” ASC-yə, Nazirlər Kabinetinə edilən çoxsaylı müraciətlərinə baxmayaraq istilik problemi bu günə kimi həllini tapmamışdır.
2019-cu il ərzində nəqliyyat sahəsində ümumilikdə 5518 ədəd “Fərqlənmə nişanı” verilmişdir və dövlət büdcəsinə 97539 manat vəsait daxil olmuşdur.
Hesabat dövründə şəhərdə 21 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmiş, məktəbəhazırlıq qrupları da nəzərə alınmaqla 16624 nəfər şagird 722 sinif komplektində birləşdirilmişdir. Məktəbdənkənar təhsil müəssisələrində 1471 nəfər şagird 110 qrupda komplektləşdirilmişdir.
2019-cu ildə şəhər məktəblərinin XI sinfini bitirərək tam orta təhsil haqqında attestat alanlar 760 nəfər, IX sinfi bitirərək ümumi orta təhsil haqqında attestat alanlar 1114 nəfər, əvvəlki il məzunlarından və eksternat qaydasında tam orta təhsil haqqında attestat alanlar 15 nəfər və ümumi orta təhsil haqqında attestat alanlar 7 nəfər olmuşdur.
XI sinfi bitirərək attestat alan 760 nəfər məzunun 81%-i (614 nəfər) ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 459 nəfəri və ya 74%-i qəbul imtahanlarının nəticələrinə görə tələbə adına layiq görülmüşlər. 2019-cu il 600 və yuxarı bal toplayanların sayı 35 nəfər olmuşdur.
2018-2019-cu dərs ilində şəhər məktəblərini 4 nəfər qızıl, 3 nəfər gümüş olmaqla 7 nəfər medalla bitirmişdir.
2018-2019-cu dərs ilində Mingəçevir məktəbləri üzrə fənn olimpiadalarının Respublika mərhələsinə vəsiqə qazanmış olan 23 nəfər şagirdimizdən 8 nəfəri mükafata layiq yerləri tutmuşlar. (1 qızıl, 2 gümüş və 5 bürünc medal).
Hesabat ili ərzində “Ölkəmizi tanıyaq” tur-aksiyasında Lənkəran-Astara-Masallı və Quba-Qusar-Xaçmaz istiqaməti üzrə 80 nəfər şagird iştirak etmişdir.
Görülmüş işlərlə yanaşı bu sahədə müəyyən nöqsan və çatışmazlıqlar da qalmaqdadır. Belə ki, buraxılış imtahanlarının nəticələrinə əsasən bütün məzunlara attestat verilsə də 30 baldan aşağı nəticə göstərənlərin sayının çox olması narahatçılıq doğurur. Şəhər Təhsil şöbəsinin maddi texniki bazası yoxdur və müasir tələblərə cavab verən binaya ehtiyac vardır. 2, 6, 12 və 17 nömrəli məktəblərin təmirsiz olması şagird kontingentinin bərabər paylanmasına imkan vermir. Hələ də bir sıra məktəblər – 2, 8, 12, 17, 19 saylı ümumtəhsil məktəbləri istiliklə təmin olunmamışdır.
Təhsil şöbəsinin nəzdində olan Uşaq Gənclər İnkişaf Mərkəzinin, Şagirdlərin ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin, Tədris İstehsalat Kombinatının əsaslı yenidən qurulması, Avarçəkmə idman məktəbi üçün müasir bina tikilməsi məqsədəmüvafiqdir.
Bütün bu çatışmazlıqların aradan qaldırılması üçün şəhər Təhsil şöbəsinin rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülməli, problemlərin həlli üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.
Hesabat ilində Mingəçevir Dövlət Universitetində 686 nəfər qəbul olunmuş, 288 nəfər universiteti bitirmiş, hazırda 2458 tələbə təhsilini davam etdirir.
Mingəçevir Turizm Kollecinə 735 nəfər qəbul olunmuş, 430 nəfər kolleci bitirmiş, hazırda 1936 tələbə oxuyur.
Mingəçevir Tibb Kollecinə 203 nəfər qəbul olunmuş, 188 nəfər kolleci bitirmiş, hazırda 623 tələbə təhsilini davam etdirir.
Mingəçevir Peşə məktəbinə 40 nəfər qəbul olunmuş, 70 nəfər məktəbi bitirmiş, 88 şagird təhsilini davam etdirir.
Qeyd olunan müəssisələrdə tələbələr arasında nizam-intizam məsələlərinin gücləndirilməsinə, tədrisin keyfiyyət dərəcələrinin yüksəldilməsinə, müasir təlim texnologiyalarından daha səmərəli istifadə olunmasına diqqət artırılmalıdır.
Şəhərdə fəaliyyət göstərən tibb müəssisələrindən Psixo-Nevroloji Dispanser və Narkoloji Dispanserdən başqa qalan tibb idarələri “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin tərkibində fəaliyyət göstərir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsdə 4050 endokrinoloji, 276 vərəmli, 1092 onkoloji xəstələr və 56 nəfər dializ xəstələri qeydiyyatdadır. Onlar dərman maddələri ilə tam təmin olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin tibbi müayinədən keçirilməsi” göstərişinə əsasən hesabat ilində 78 min 709 nəfər şəhər əhalisi tibbi müayinədən keçmişdir.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin rəhbərliyi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, aparılan müayinə və müalicə işlərinin gücləndirilməsi, xüsusilə yoluxucu xəstəliklərin vaxtında aşkarlanması istiqamətində tədbirləri artırmalı, əhalinin sağlamlığının daha da yaxşılaşdırılmasına nail olmalıdır.
2019-cu il ərzində şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərdə fəaliyyət göstərən iaşə, ticarət, təhsil, səhiyyə, mədəniyyət, kommunal və digər obyektlərdə sanitar-epidemioloji nəzarət yoxlamaları aparılmış, 288 akt tərtib edilmiş, 200 manat miqdarında cərimə olunmuşlar.
Əhalinin kütləvi istirahət yerləri və bütün yaşayış binaları il ərzində mütəmadi olaraq dezinfeksiya edilib və idarə tərəfindən dezinfeksiya işləri nəzarətdə saxlanılıb. Entomoloji müayinələr zamanı şəhər MİS-lərindən 96 akt yazılmış, ərazidən məişət tullantılarının vaxtında uzaqlaşdırılması və zibil yerlərinin dezinfeksiya edilməsi barədə onlara xəbərdarlıq edilmişdir.
Görülmüş işlərlə yanaşı şəhərdə fəaliyyət göstərən iaşə, ticarət, xidmət, istehsal və digər sahələrdə, xüsusilə əhalinin kütləvi olduğu yerlərdə sanitariya normalarının pozulma hallarına qarşı nəzarətin daha da gücləndirilməsinə, bazar və bazar ətrafında səliqə-səhmanın bərpa edilməsinə ehtiyac vardır.
2019-cu il ərzində şəhər Baytarlıq İdarəsi tərəfindən təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq profilaktika tədbirləri həyata keçirilmiş, iri və xırda buynuzlu heyvanların müayinəsi aparılmışdır.
İl ərzində aparılmış diaqnostiki və seroloji müayinələr zamanı xəstə heyvanlar aşkar edilməmişdir.
Şəhər Dezinfeksiya Stansiyasında hesabat dövründə 552, 6 min kv.metr sahədə deratizasiya, 1,1 milyon kv.metr sahədə dezinseksiya, 16,1 min kv.metr sahədə dezinfeksiya işi aparılmışdır. Əhalidən daxil olan müraciətlərə əsasən müqavilədən kənar 91,5 min kv.metr sahədə deratizasiya, 2,3 min kv.metr sahədə dezinseksiya işi aparılıb.
Stansiya gələcəkdə şəhərdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrlə müqavilələrini genişləndirməli, uşaq bağçaları, məktəblər və tibb müəssisələrində yoluxucu xəstəliklərin keçiricilərinə qarşı mübarizəni gücləndirməlidir.
Regional Taun Əleyhinə şöbə tərəfindən xüsusi təhlikəli xəstəliklərə qarşı əksepidemik tədbirlərin gücləndirilməsi, erkən diaqnostikası və profilaktikası üzrə tədbirlər həyata keçirilmiş, 2019-cu il ərzində şəhər ərazisində xüsusi təhlükəli xəstəliklər aşkar olunmamışdır. Görülmüş işlərlə yanaşı şöbənin rəhbərliyi xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizəni gücləndirməli, kəskin infeksion xəstəliklərin baş vermə səbəblərini vaxtında müəyyənləşdirməklə, profilaktika və əksepidemik tədbirlərin həyata keçirilməsinə nail olmalıdır.
Şəhərdə ötən il ərzində tarixi və əlamətdar günlər, milli bayramlar, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi təmin edilmişdir. Ötən il Mingəçevir şəhərində Mədəniyyət Nazirliyinin və Respublika Uşaq Kitabxanasının dəstəyi ilə “Uşaq kitab karvanı bölgələrdə” layihəsi çərçivəsində tədbir keçirilmiş, “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən “Yenə o bağ olaydı” adlı səyyar sərgi təşkil edilmişdir.
Şəhər mədəniyyət müəssisələrinin fəaliyyətində görülmüş işlərlə yanaşı müəyyən problemlər də mövcuddur. S.Vurğun adına Mədəniyyət evi və Puşkin adına 1 saylı Kitabxana filialının təmirə ehtiyacı vardır.
Göstərilən çatışmazlıqların aradan qaldırılması üçün Regional idarənin şəhər nümayəndəliyi tərəfindən müvafiq tədbirlər görülməli, şəhər Mədəniyyət müəssisələrinə diqqət artırılmalı, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yüksəldilməli, problemlərin həlli üçün yuxarı təşkilatlar qarşısında məsələlər vaxtında qaldırılmalıdır.
2019-cu ildə Mingəçevir Dövlət Dram Teatrında yaradıcı heyət tərəfindən 6 tamaşa səhnələşdirilmiş, müxtəlif mövzularda ədəbi bədii kompozisiyalar hazırlanmış və tamaşaçılara təqdim olunmuşdur. İl ərzində 181 tamaşa olmuş və tamaşaçıların sayı 26,9 min nəfər olmuşdur. Teatr rəhbərliyi kollektivdə nizam-intizam qaydalarını daha da möhkəmləndirməli, yeni və keyfiyyətli tamaşaların hazırlanmasına nail olmalıdır.
2019-cu il ərzində boks, cüdo, yunan-roma, sərbəst güləş, Akademik avarçəkmə, Kikboksinq, futbol, voleybol, paurliftinq idman növləri üzrə respublika və zona birinciliklərində idmançılarımız 101 medal qazanmış, onlardan 43-ü qızıl, 24-ü gümüş, 34-ü bürünc olmuşdur.
Dövlətçiliyimizin və müstəqilliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, dövlət və ümumxalq bayramlarımızın qeyd edilməsi ideoloji işin əsas xəttini təşkil etmişdir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz, Ramazan və Qurban bayramları keçirilmiş, “Şəhər günü” böyük təntənə ilə qeyd edilmiş, “20 Yanvar – Hüzn günü”, “Xocalı – Soyqırımı” tədbirləri təşkil edilmişdir.
2019-cu ildə şəhər İcra Hakimiyyəti və YAP şəhər Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 elmi-nəzəri konfrans keçirilmişdir.
Hesabat dövründə şəhərdə 23 siyasi partiya, 53 qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. Yeni Azərbaycan Partiyasının şəhər təşkilatı hazırda öz sıralarında 7901 nəfəri birləşdirir. Digər 22 siyasi partiyaların birlikdə 1857 nəfər üzvü vardır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrasına uyğun olaraq şəhər miqyasında keçirilən aidiyyatı tədbirlərdə din xadimlərinin, dini icma üzvlərinin iştirakı təmin edilmişdir.
Hesabat ilində şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə qarşılıqlı əlaqələrin gücləndirilməsi” və “Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik” mövzularında seminar müşavirələr təşkil edilmişdir.
Hesabat dövründə şəhərimizdə fəaliyyət göstərən 2 şəhər qəzetinin, 1 jurnalın, 3 qəzet və 3 televiziya kanalının bölgə müxbirlərinin imkanlarından istifadə olunmaqla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionda sosial-iqtisadi inkişafın göstəriciləri, milli-mənəvi dəyərlərimizin geniş təbliği dolğun işıqlandırılmışdır.
Şəhərdə 2019-cu ilin yekunu üzrə kriminogen vəziyyətin təhlili göstərir ki, hesabat dövründə 283 cinayət hadisəsi qeydə alınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 10 fakt və ya 5 faiz artmışdır. Törədilmiş cinayətlərin 257-nin və ya 94 faizinin üstü açılmışdır.
2019-cu ildə Mingəçevir şəhərində 1228 doğum, 582 ölüm hadisəsi qeydə alınmışdır. Bu müddətdə 525 nikah bağlanmış, 228 boşanma halı qeydə alınmışdır.
Hesabat dövründə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 46 rəsmi qəbul keçirilmiş, 886 şəhər sakini qəbul olunmuşdur. Müxtəlif yaşayış məhəllələrində 50 səyyari görüş keçirilmiş, bu görüşlərdə 5170 nəfər iştirak etmiş, 462 nəfərin 674 müraciəti dinlənilmişdir. Qəbulda və görüşlərdə olan müraciətlər əsasən məhəllədaxili abadlıq işləri, istilik sistemlərinin bərpası, işlə təmin olunma, yolların təmiri, su və kanalizasiya sistemindəki problemlər, tüstü bacalarının təmizlənməsi, oturacaqların qoyulması və sair məsələlərlə bağlı olmuşdur. Səyyari görüşlərdə olunan müraciətlərin 310-u icra edilmiş, 364 müraciətlə bağlı müvafiq izahatlar verilmişdir. İdarə və müəssisələrdən, vətəndaşlardan 1498 (2018-ci il – 1022), ərizə, müraciət və təklif daxil olmuşdur. O cümlədən vətəndaşların müraciətləri əsasında rəhbər orqanlardan 792 (2018-ci il – 585), vətəndaşlar tərəfindən birbaşa şəhər İcra Hakimiyyətinə 706 (2018-ci il – 437) müraciət daxil olmuşdur. Təkrar ərizə və şikayətlərin sayı 149 (2018-ci il – 84) olmuş, şikayətlərin sayı 21-ə (2018-ci il – 17) çatmışdır. Vətəndaşların müraciətlərinin 1142-nə müvafiq izahat verilmiş, 284-i təmin edilmiş, 56-sı baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 9-u qismən təmin edilmiş, 5-i əsassız hesab edilmiş, 2–si baxılmamış saxlanılmışdır.
Ərizə və şikayətlərə baxılması məsələsi daim İcra Hakimiyyəti başçısının və aparatın məsul işçilərinin diqqət və nəzarətindədir. Mütəmadi olaraq şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri ilə keçirilən müşavirələrdə vətəndaşların müraciətlərinə daha diqqətli yanaşmaq və problemlərin həlli ilə bağlı ciddi tapşırıqlar verilir.
Hesab edirəm ki, bu günkü hesabat yığıncağında qaldırılan problemlər, qeyd olunan nöqsanlar, aidiyyəti üzrə kollektivlərdə müzakirə edilməli və qısa müddətdə aradan qaldırılmalıdır. Hər bir əmək kollektivi 2020-ci ildə qarşısında duran vəzifələri bir daha nəzərdən keçirməli, dəqiqləşdirməli və keyfiyyətli icrasını təmin etməlidir.
Yuxarıda qeyd olunan problemlər, qarşıya çıxa biləcək digər məsələlər və onların həlli Mingəçevir şəhər İcra Hakimiyyətinin 2020-cu ildə nəzərdə tutduğu əsas inkişaf istiqamətləridir.
Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə görülməsi nəzərdə tutulan əsas işlər bunlardır:
11 ədəd 9 mərtəbəli yaşayış binasının dam örtüyü, fasad və girişlərinin əsaslı təmiri.
45 məhəllədə yaşayış binalarının təmiri və məhəllənin abadlaşdırılması;
“Nəsimi” və “Dostluq” parklarındakı abadlıq işlərini başa çatdırılması;
Sağ sahil parkının və Heydər Əliyev prospektindəki xiyabanlarının yenidən qurulması;
H.Əliyev meydanında Tarix muzeyinin qarşısındakı ərazinin yenidən qurulması;
Nizami küçəsindəki ərazinin abadlaşdırılaraq yeni parkın salınması;
Bir sıra küçələrin – M.Maqomayev, H.Aslanov, 20 Yanvar küçəsinin H.Əliyev prospekti ilə kəsişməsindən Z.Tağıyev küçəsinədək olan hissəsinin yenidən qurulması, Puşkin, Ə.Vahid, M.Fərruxov, Şəfəq, Y.Muradov, Ə.Şıxlinski, Koroğlu, İncilli, Boz dağ, Əkinçi, 2-ci Məktəb küçələrinin və C.Əliyev küçəsinin idman kompleksinə gedən hissəsinin əsasli təmiri;
9 küçənin – Puşkin, H.Aslanov, C.Məmmədquluzadə, Z.Tağıyev, M.Əzizbəyli, M.Fərruxov, Koroğlu, İncilli, Kənar küçələrinin və 45 məhəllənin ümumilikdə 374 işıq nöqtəsi olmaqla işıqlandırılması;
Ə.Vahid küçəsinin, Nizami küçəsinin sağ və sol qollarının yol səki daşlarının dəyişdirilməsi və piyada səkisinin asfaltlanması, N.Nərimanov küçəsinin Xətai və Nəsimi küçələri ilə kəsişməsi arasının yol səki daşlarının yenilənməsi və piyada səkisinin qurulması, Kənar küçəsinin genişləndirilməsi və piyada səkisinin qurulması;
Bayraq Meydanından Şərq giriş qapısına kimi yaşıllıq zolağının abadlaşdırılması;
Uzun müddət baxımsız qalan yataqxanalarda təmir işlərinin aparılması;
7 ərazidə insanların asudə vaxtlarını keçirmək üçün istirahət zonalarının yaradılması (“Tərəvəzçilik sovxozu” yaşayış massivi ərazisində 1, Az.İES yaşayış massivində 2 yerdə, Sag sahildə – Təbriz 25/1 binasının yaxınlığında, Heydər Əliyev 21, Ərəş 2, Puşkin 8)
Göründüyü kimi 2020-ci ildə görüləcək abadlıq-quruculuq işləri şəhərin bütün ərazilərini əhatə edir. Qeyd etmək lazımdır ki, görüləcək işlərə sakinlərin təqdim etdiyi təkliflər də daxil edilmişdir. Qarşıya qoyulan işlərin həyata keçirilməsində, 2020-ci ili yüksək nailiyyətlərlə başa vurmaq üçün hər birinizə uğurlar arzulayıram.

***

Hesabatdan sonra məruzə ətrafında müzakirələr başlayıb. Çıxış edən natiqlər görülən işləri təqdir edib, 2020-ci ildə qarşıda duran vəzifələrdən danışıblar. Prezident Administrasiyasının  rəsmisi Vəfadar Bağırov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hər sahədə aparılan geniş islahatlardan söz açıb vı bunların hər bir vətəndaşın həyatında müsbət dəyişiklərə səbəb olacağına, bu ildə də Mingəçevirin sosial-iqtisadi inkişafında uğurlar əıdə ediləcəyinə əminliyini bildirib.

Şərhlər bağlıdır.