Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Haray-həşirin hədəfi kimdir?

Hələ ötən ilin noyabrında olke.az-da “Mingəçevir Şəhidlər Xiyabanında biabırçılıq” sərlövhəli xəbər dərc olunmuşdu: “…şəhid Quliyev Şəmil Ədil oğlunun şəkli başdaşına həkk olunmayıb. Əməkdaşımız bu ayrı-seçkiliyin səbəbini öyrənməyə çalışsa da konkret səbəb öyrənə bilməyib… İnanırıq ki, şəhər rəhbərliyi və aidiyyatı qurumlar tezliklə bu utanverici mənzərəni aradan qaldıracaq, şəhidin başdaşına öz fotosunun vurulmasını təmin edəcəklər”.

Əslində isə xiyabanın yenidən bərpası zamanı bütün şəhidlərin sinə və başdaşıları təzələnib. Sadəcə şəhid Şəmil Quliyevin Mingəçevirdən kənarda yaşayan və ünvanı məlum olmayan ailəsi ilə dərhal əlaqə saxlamaq mümkün olmadığından başdaşına yalnız adı yazılıb, şəkli vurmaq isə bir müddət çəkib. Elə bu anda da “problem” ictimai müstəviyə çıxarılıb.

Bir neçə gün əvvəl isə cebhe.info aşağıdakı məlumatı yayıb: “Şəhidlər Xiyabanına nəzarət edən qurum çıxış yolu kimi qara mərmərlərin qara görünməsi üçün maşın yağından (mazutdan) istifadədə görüblər. Sakinlərin dediyinə görə, yenicə təmir olunan Şəhidlər Xiyabanında görünüşün yaxşı olması üçün “mazuta” ehtiyac duyulursa, ayrılan vəsaitin tam olaraq təmirə xərclənməsi də şübhə doğurur”.

Mütəxəssislərdən aldığımız məlumata görə, həqiqətən sinə daşlarının üzərinə xüsusi yağlı maddə sürtülüb:  “Burda bir qəbahət  iş yoxdur. Nəzərə alın ki, Mingəçevir Mərkəzi Aranda yerləşir və yay aylarında yandırıcı istilər olur. Bu maddə daşın gün şüalarından zədələnməməsi, keyfiyyətini itirməməsi uçündür. İstənilən vaxt silinə bilər.  Silinəndə mərmər daşın əvvəlki parlaqlığının şahidi olacaqsınız ”.

Sirr deyil ki, arxasında kimlərin dayandığını bildiyimiz bu kimi internet resurslarında dərc olunan yazıların hədəfi Mingəçevirin İcra Hakimiyyəti başçısı Niyazi Bayramovdur. Həm aparatın içində, həm də çölündə olan bəzi qüvvələr  başçı  haqqında xoşagəlməz ictimai fikir yaratmaqla  mövcud vəzifəyə özlərinə sərf edən şəxsi gətirməyi planlaşdırırlar. Ola bilsin ki, KİV-ə və sosial şəbəkələrə yanlış və çaşdırıcı məlumatlar da elə aparatın içindən ötürülür.

Əslində başçını müdafiə etmək bizim yox, onun komandasının, o cümlədən İH-nin orqanı olan qəzetin borcudur. Sadəcə  “Mingəçevir işıqları” jurnalistlərin peşə etikasına sadiq qalaraq, həqiqətin ortaya çıxmasına yardım göstərmək istədi.

Şərhlər bağlıdır.