Hər əzaba qatlaşan qadınlar
Azərbaycan qadını həmişə zəhmətkeş, ailəcanlı olub. Xüsusən iqtisadiyyatımızın krizis keçirdiyi indiki durumda daha çox ağrlıq onların çiyinlərinə düşüb. Bəlkə də kişilər cəmi bircə gün qadın olub, bu insanların nə boyda yükü çəkdiklərini görsəydilər, özlərinin qat-qat gücsüz olduqlarını etiraf edərdilər.
Bu gün işsiz qalan kişilərin bir hissəsi çörək pulu ardınca başqa şəhər və ölkələrə üz tutub, digər hissəsi bütün gününü çay evlərində domino və nərd oynamaqla keçirir. Qadınların qazancına göz dikən, ailənin bir həftəlik azuqəsini hansısa bir kef məclisinə xərcləyən “kişilər” də az deyil.
Ər yanında olub-olmasa da, xanımlarımız ailənin, xüsusən uşaqların qayğısını çəkməkdən, hətta kişi işini görüb, evinə çörək gətirməkdən yorulmurlar. Gün ərzində həyət-bacamızı süpürən, piştaxta arxasında dayanıb, göy- göyərti satan, evimizə məktub gətirən azmı qadın görürük? Hələ təhsil, səhiyyə, mədəniyyət ocaqlarında çalışanları demirik. Dünyamız kişilərin ümidinə qalsaydı, bəlkə də heç nəyə əli çatmayan zavallıya dönərdik.
Bu gün kişilərin idarə etdiyi cəmiyyətin həmişə sizin ağlınıza, bacarığınıza, təkanverici qüvvənizə ehtiyacı var. Bayramınız mübarək, əziz qadınlar!
Şərhlər bağlıdır.