Hər işdə bir xeyir var
“Bəli, bu seçkini də beləcə yola verdik”. Son zamanlar seçki ilə bağlı müşahidələrimi yazmağa başlayanda bu fikir keçir ağlımdan.
Bir neçə il müşahidəçi qismində seçkiləri izləmişəm. MnSK sədrinin saat 19.00-a az qalanda saxta bülletenleri seçki qutusuna salmağa macal tapmamasının və necə təlaş keçirdiyinin dəfələrlə şahidi olmuşam. Dairə Seçki Komissiyasından tez-tez gələn zənglərə: “Yaxşı, çalışırıq. İmkan yoxdu…” deməsi və uzun gərginlikdən sonra “karusel”in nəticəsində bülletenlərin “nizamlanması” faktlarını xatırlayanda “gülümsəyirəm”. Əvvəllər müəssisə rəhbərləri işçilərini əmək haqqını kəsməklə hədələyərək, seçkiyə məcbur da olsa göndərirdi. MİS rəisləri mənzillərin qapılarını döyərək, sakinləri seçkiyə qətirirdi. Amma bu “zorakı” məqamlar ən azından adamlarda bir canlanma yaradırdı.
Son 2-3 ildə isə bu “ənənə” də sıradan çıxdı. Məntəqə seçki komissiyaları seçicilərsiz , yaxud çox az adamla seçki keçirməyə nail oldular. Elə bu Bələdiyyə seçkiləri kimi.
Baş redaktorum Fərman Nəbiyevlə seşki məntəqələrini gəzməyə başlayanda seçicilərdən fərqli davranış gözləmədiyimizi təxmin etmişdik. Bir neçə məntəqədə olduq. Bəzi məntəqələrdə qeydiyyatdan keçmələrinə baxmayaraq, müşahidəçilər yox idi. Sədr və komissiya üzvləri onların elə indicə həyətə çıxdıqlarını, nahara getdiklərini deyirdilər. Bir neçə məntəqədə isə müşahidəçilər təmsil etdikləri partiya sədrini tanımırdılar.
MnSK sədrləri saat 18.00-dək təxminən 380-405 nəfər seçicinin səs verdiyini söyləyirdilər. Bir komissiya üzvünün dediyinə görə, seçkiyə gələn namizədlərin qohum-əqrabaları, əzizləridir: “48 namizədin hər biri tərəfdən xeyli adam gəlsə…” Amma bizim məntəqələrdə olduğumuz müddət ərzində ya 3-5 seçici gəldi, ya heç gəlmədi. Seçki qutuları isə yariyacan doluydu. Müşahidəçilərin bəziləri gün ərzində səsverməyə 50-60 adamın gəldiyini bildirirdi.
İnsanları da qınamağın yeri yoxdur. 48 namizədin təbliğatı-təşviqatı aparılmadı. Şəhərdə qoyulmuş elan ləvhələrində 3-5 namizədin şəkli vuruldu. Onlardan çox az qismi məhəllə və müəssisələrdə görüş keçirdilər. Ötən bələdiyyə üzvlərindən cəmi bir neçəsinin adını bülletendə gördük. Əksəriyyətini isə yalnız öz əhatəsindən başqa heç kim tanımır. Heç bir xidməti olmayan insanların adları da seçki bülleteninə salınmışdı.
Bu il beynəlxalq müşahidəçilərin də bizim seçkiləri izləmək marağı azalıb. 22 saylı MnSK-da dedilər ki, MDB Parlament Assambleyasından Rəmzi Yusifov məntəqəyə gəlib.
23 saylı MnSK-dan isə seçicilərdən daşınmaz qutunun gətirilməsi üçün sifariş verən olmayıb.
14 saylı məntəqədən 100 metr kənarda dayanmış polis kapitanı Eyvaz Namazovun dediyinə görə, dekabrın 20-dən burada polis kiçik serjantı Nihat Muradovla birgə xidməti vəzifəsini yerinə yetirir: “Polis rəisinin əmriylə hər məntəqəni 2 polis əməkdaşı qoruyur. 4 gündür gecə-gündüz bu ərazidə xidmətdəyik”.
P.S. Axşam üstü evə dönərkən vaxtilə çox fəal bir vətəndaşın: “Bilmirsiz, bugün seçki oldu, yoxsa yox?”soruşması titrətdi məni. Bilmədim gülüm, ya…
Bəli, bu seçkini də beləcə yola verdik. Uşaq yaddaşımda qalan toy-büsatla təşkil olunan seçkilər indi sakitçə, səssiz-səmirsiz ömrünü başa vurur. Bəlkə də belə yaxşıdır. Hər işdə bir xeyir var-deyib atalar…
Şərhlər bağlıdır.