Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilib. Başçı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən danışıb.
Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən sakinlər qarşılaşdıqları problemləri də diqqətə çatdırıblar. Vurğulanıb ki, Günəşli yaşayış massivində yerləşən 20 saylı tam orta məktəbin əsaslı təmirə, məktəb ətrafında karaul şəhərciyinin yaradılmasına, məktəbə əlavə korpusların, ərazidə uşaq bağçasının inşasına ehtiyac var. Qəsəbədə su-kanalizasiya sistemi yararsız vəziyyətdədir. Ağacların vaxtlı-vaxtında suvarılması, küçələrin asfaltlanması üçün müəyyən addımlar atılmalıdır. Telefon-rabitə xidmətlərinin yarıtmaz təşkili, 8 saylı marşrut avtobuslarının qəsəbədaxili hərəkətinin düzgün nizamlanmaması da əhalini narazı salır.
İlham İsmayılov görüşdə iştirak edən müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib və sakinləri əmin edib ki, mövcud problemlər tezliklə öz həllini tapacaq, qəsəbədə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bütün tədbirlər görüləcək.
Şərhlər bağlıdır.