Göyçay və İsmayıllıda gənclərin yay düşərgəsi təşkil olunub
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllının Aşıqbayramlı kəndi və Göyçayın Yekəxana gölü ətrafında “Yaşıl gələcək üçün yaşıl bacarıqlı olaq!” adlı gənclər üçün yay düşərgəsi təşkil edib. Düşərgədə təlimçilər tərəfindən gənclərə “yaşıl iqtisadiyyat”, “yaşıl həyat tərzi”, “yaşıl istehlak”, “sosial məsuliyyət”, “yaşıl təfəkkür” və “yaşıl səriştələr” mövzularında təlim keçirilib.
Həmçinin, gənc könüllülərə yaşıl davranışları və yaşıl həyat tərzini təbliğ edən beynəlxalq proqramlar haqqında ətraflı məlumat verilib. Düşərgəyə cəlb olunan təlimçilər gənclərə yaşıl sahibkarlıq və yaşıl bacarıqlar haqqında təqdimatlar ediblər. Məlumat verilib ki, layihənin əsas məqsədi gənclərin yaşıl bacarıq və səriştələrinin artırılmasına, ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsinə, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsinə, onların bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə kömək etməkdir. Layihə çərçivəsində təşkil olunan tədbirlərdə 50 nəfər gənc iştirak edib. Yay düşərgəsinin iştirakçıları üçün “AzNar” QSC-yə məxsus Yekəxana gölü ətrafında gəzinti təşkil edilib.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.