AzərbaycanCəmiyyətMingəçevir

Görüş vaxtını və yerini dəyişsək də…

Noyabrın 16-nı çoxdan gözləyirdik. Məktəbə gedəcəyi günü gözləyən altı yaşlı uşaq  kimi. Yaşımızın indiki çağında daha səbirsiz və kövrək olmağımız təbii haldır.

Biz 32 il qabaq universitetin jurnalistika fakültəsini bitirəndə qərara aldıq ki, hər il mayın 5-də (o zamanlar mətbuatın bayramı “Pravda” qəzetinin yarandığı həmin gündə keçirilirdi) Sabir bağında yığışaq. İndiki İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində yerləşən bu bağın yaddaşına  tələbəlik illərimizin unudulmaz xatirələri hopub.

Sovetlər dağılana qədər sözümüzə əməl edə bildik – görüş vaxtını və yerini dəyişmədik. Amma dünya çalxalandı, savaşlar, dədə-baba yurdlarından köçlər, həyatda gözləmədiyimiz imtahanlar  başlandı… Biz də  bunlardan kənarda qala bilmədik. Və canlı təmaslara  bir qədər ara verməli olduq. 2016-cı ildə ADU-dan (hazırda BDU) məzun olmağımızın 30 illiyinə hamımızın  gələ bilməməyinə təəssüflənsək də, reallığı qəbul elədik. Heç kimin kənarda qalmamasını istəsək də, nə iç, nə çöl dünyamızın buna hazır olmadığı ilə barışdıq.

***

Yazın axırında Zakirə xanımdan zəng  gəldi. Dedi ki, nəvənin dünyaya gəlişindən çox sevindim:  “Gözün aydın, Fərman, analı, atalı, babalı, nənəli böyüsün”.

Yayın əvvəlində Sevda ismarış göndərdi. Yazdı ki,  jurnalının 25 yaşı olur: “Vaxtın varsa, sən də nə isə yazardın. Həm də üzü payıza dönəndə jurnalın yubileyini keçirəcəyik. İmkanın olsa, gələrdin”.

Yayın sonunda Yaqut məni aradı. Bildirdi ki,  şəhid qardaşımız haqda kitabı  “Vətən naminə” medalına layiq görülüb: “İstəyirəm təqdimatda  sən və bütün tələbə yoldaşlarım yanımda olasınız”.

Payıza az qalmış  Gəncəyə, ordan da Gədəbəyə səfər zamanı  Şücaət xanımın 60 illik yubiley tortundan daddıq,  Təranə xanımın və həyat yoldaşının  ən əziz  qonağı olduq.

***

Bu dəfə görüş yerimiz “Azərkitab” oldu.  Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabının işığına toplaşdıq.  Bir neçə gün öncə Yaqut kitabın onlayn versiyasını  göndərmişdi və birnəfəsə oxuyub qurtarmışdım. Zənnmicə, kitab müzakirə olunan yerə oxumamış getmək həm özünə, həm də müəllifə qarşı hörmətsizlikdir.  Elə bu toplantıda şəhid anası Rəna xanımın  çıxışından sonra  içimdə bir rahatlıq yarandı ki,  “Vətən naminə” medalı sahibini tapıb. Əslində  düşməndən torpağımızı qoruyaraq, 26 yaşında əbədiyyətə qovuşan   Əbu Bəkir İsmayılov kimi onun həyatının hər anını-körpəliyini, uşaqlığını,  məktəb və iş  həyatını  yaxınlarının-ata-anasının, 7 ayın gəlini olan həyat yoldaşının, qardaşının və bibisinin,  dostlarının və yoldaşlarının yanğılı, kövrək yaddaşından qoparmağı bacarmaq da qəhrəmanlıqdır. Və Yaqut da şəhid ağrısına yana-yana sinəsini qabağa verərək, yüzlərlə kişinin bacarmadığı işin öhdəsindən gəlib.

***

Biz üç-üç, dörd-dörd taksilərə əyləşib, Beynəlxalq Mətbuat Mərkəzinə üz tutduq.  Saat 2-yə dəvət olunmuşduq. İnsafən, gecikənimiz yox idi. Başqa iştirakçılar da (hətta tanınmış ziyalılarımızdan  Sabir Rüstəmxanlı, Hadı Rəcəbli və qeyriləri) də zalda idilər.   “Söz”ün yubiley mərasimini aparmağı isə  Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov öhdısinə götürmüşdü.

Hamı jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslanı məmnunluqla yad edir,  onun ölümündaən sonra yükü çiyninə götürən Sevda Əlibəylinin min bir əziyyət bahasına ərsəyə gətirdiyi  “SÖZ”ün dəyərindən danışırdılar: “Əksər qəzet-jurnalları vərəqləyirsən, səhvlərlə doludur, amma Sevda xanımın jurnalında səhv tapmazsan”, “Yazıçılar Birliyinin filiallarının nəşr etdiyi jurnallara baxın, bir də “Söz”ə baxın. Birlik bu jurnala sahib çıxmalıdır”.

Bu mərasimdə söz demək istəyənlər çox idi, amma vaxt imkan vermədi…

***

Saat 4-ə nəzərdə tutsaq da, biz restorana çatanda beşə az qalmışdı. Burda daha səmimi idik, çünki yanımızda kənar adamlar yox idi. Gəlmişdik ki, uğurlarımızı  süfrə arxasında qeyd edək.  Yaqutun medalı, Sevdanın “Söz” ilə bərabər  Şücaətin, Rüstəmin, Yetərin, Habilin və  Zahirin  60 yaşının şərəfinə  hazırlanan tortdan da yeməmək günah olardı (Hərçənd ki, Başqırdıstanda yaşayan Rüstəm WhatsApp ilə qoşuldu, amma son günə qədər hər kəs onun gələcəyini gözləyirdi).

Bu görüş əvvəlkilərdən xeyli fərqliydi. 32 ildən sonra iki tələbə yoldaşımızı-Naxçıvandan olan Təranəni və Gürcüstanda yaşayan Yetəri tapan Yaqut  onların gəlişinə nail olmuşdu  Bu illər ərzində Bibixanımla, Zəminə ilə dəfələrlə ünsiyyət saxlamaq imkanımız olsa da,  Ramella və Rəhiməni bu dəfə görə bildik.Yeri gəlmişkən, bəlkə də Yaqo adlandırdığımız Yaqut Bahadurqızı bir neçə aydan bəri davam edən təşkilati işləri öhdəsinə götürməsəydi, bu dəfəki görüş alınası deyildi. Hətta onun Naxçıvanda olarkən Rüstəmin ailəsini tapması və sonradan özü ilə danışması özgə bir mövzudur.

Neft daşlarında, qəzetdə, zarafatla özü demişkən, ayın yarısını suda, yarısını quruda çalışan  Zahir əvvəllər hamıdan gizlənər, itirdiyini tapmamış kimi kədərli görünərdi.  Amma bu gün ləzzətlə danışır, rəqs edirdi.  Bəlkə də ən çox sevinən Zahir idi.

Mədəd və Habil tez-tez zəng vurur, hal-əhval tuturlar.  Yavərin sağ–salamat olduğunu bilsək də, yerindən-yurdundan xəbər tuta bilməmişik.  Ofelya yada salmışkən, gözəl şeirlər yazan Rəşidimiz də var idi, heyf, dünyasını tez dəyişdi…

Daha çox xanım-xatun bacılarımızın yer aldığı qrupumuzda  qızların əksəriyyəti qəzetçi peşəsinin dalınca getmədi. Kimi müəllim oldu,  kimi iş adamı, kimi də evdar qadın.  Göyçaydan olan Təranəyə (indi Gədəbəydə yaşayır) zarafatla deyirdim: “Bir halda ki, jurnalist olmayacaqdın, niyə başqasının yerini tuturdun?”. Amma o, gözəl ana oldu və ağıllı, savadlı övladlar böyütdü. Bəli, savadlı qadın bir nəsli ayaq üstə qaldıra bilər.

Qrupumuzda ən çox hörmət bəslədiyimiz Zakirə Allahverdiyeva Türkiyədə nəşr edilən  “Duman al götür beni” kitabı ilə gəlmişdi. Yaşca bizdən bir qədər böyük olan,  bizə həmişə yol açan bu xanımı tələbəlik illərindən üzü bu yana “mamaşa” kimi çağırırıq.  Öyüdünü əsirgəməz, təmkinini itirməz.  Və heç zaman uğurunu gözə soxmaz. Elə restorandakı görüşdə də hər kəsə kitabını sakitcə təqdim edərək, sanki heç nə olmamış kimi davranırdı.  Bəlkə də onun yerinə başqa birimiz olsaydı…

Görüş gününün unudulmaz anlarını əks etdirən fotolari da izləyin.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close