Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gender bərabərliyi müstəvisində media həm özünü dəyişməlidir, həm də başqalarını

Avropa Şurasının (AŞ) Bakı Ofisi  Obmudsman Aparatı və Mətbuaat Şurası ilə birgə “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsi çərçivəsində Mingəçevir və digər bölgələrin  KİV və QHT nümayəndələri üçün “Gender bərabərliyi və media” mövzusunda informasiya sessiyası keçirir.  Sessiyanın açılışında AŞ Bakı Ofisinin nümayəndəsi və layihənin rəhbəri Pərvanə Bayramova diqqətə çatdırıb ki, bu il 70 yaşı olan Avropa Şurasının ölkələri arasında ilk dəfədir ki, jurnalistlərin peşə davranışı qaydalarında gender bərabərliyi prinsipi geniş arspektdə ifadə olunub: “Layihənin əsas məqsədi mediada və media vasitəsilə Azərbaycanda gender bərabərliyinin təşviq etməkdir. Yeri gəlmişkən, Azərbaycan Demokratik Respublikası müsəlman dövlətləri arasında ilk, Avropada isə birinci dövlətlərdəndir ki, qadınlara bərabərlik hüququ verib”.

Azərbaycan Mətbuat Şurasının sədrinin müavini, Jurnalist Həmkarlar İtifaqının sədri Müşfiq Ələsgərli layihənin həyata keçirilməsi məqsədlərindən danışıb:  “İstəyirik ki, bu sahənin modern əsaslarla işıqlandırılmasında jurnalistlərin bilik və bacarıqları artırılsın”.

Müstəqil ekspert Ələsgər Məmmədli gender bərabərliyi və media azadlığı sahəsində Avropa Şurası standartları və Azərbaycan qanunvericiliyi,  Ombudsman Aparatının rəhbəri,  hüquq üzrə fəlsəfə doktoru Aydin Səfixanlı Gender bərabərliyi və media azadlığı sahəsində qabaqcıl təcrübələr, vəkil Adil İsmayılov məhkəmə mübahisələri haqda fikirlərini bölüşüblər. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının gender bərabərliyi perspektivindən (yenilənmiş versiya), Qadın Jurnalistlər Assosiasiyasının prezidenti Sevil Yusifova gender sahəsində nailiyyətlər və problemlərdən, “Mingəçevir işıqları” qəzetinin redaktor müavini Yeganə Nəbiyeva isə regionlarda qadın jurnalsitlər və medianın durumundan danışıblar.

Məruzələrdə və çıxışlarda media nümayəndələrinin bu istiqamətdə peşəkarlığını daha da artırmasının vacibliyi vurğulanıb. Xüsusilə qeyd olunub ki, gender bərabərliyinin təmin olunmasında media hələ çox iş görülməlidir. Belə ki, media həm özünü, həm də başqalarını dəyişməlidir.

Tədbirdə vurğulanıb ki, Avropa Şurası 1 mart 2018-ci ildən etibarən “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinə başlayıb. Layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Azərbaycan Jurnalistlərinin peşə davranışı qaydaları” gender bərabərliyi perspektivində nəzərdən keçirilib. Qaydalara əlavə etmək üçün “Ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsipi”nin mətni hazırlanıb. Mətnə əsasən, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Eləcə də, prinsipdə gender stereotiplərinin təbliğ edilməməsi, gender-əsaslı zorakılıq hallarının mediada həssaslıqla işıqlandırılması, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanların təmin olunması öz əksinin tapıb.

Mayın 30-da informasiya sessiyasına Mingəçevirdən 26, mayın 31-də isə Ağdaş, Göyçay, Naftalan, Yevlax, Ucar, Bərdə, Ağdam, Beyləqan, İsmayıllı və Oğuz bölgələrindən 22 media və QHT nümayəndəs qatılıb.

1 şərh
  1. Mehparə Rəhimqızı deyir

    Salam Fərman müəllim! Dünənki görüş barədə təəssüratlarımı yazmaq istəyirəm. Hər bir görüşün yaxşı nəticəsi təqdimata çəkilən zəhmətdən və ona göstərilən diqqətdən çox asılıdır. Mənim etdiyim irad Ələsgər müəllimə yox, onun etdiyi təqdimatdakı maddələrin çox qəliz və informasiya yükünün çox olmasına görə idi, yəqin ki, Ələsgər müəllim buna görə məndən inciməz. Siz mənim bu görüşlərə necə önəm verdiyimi bilirsiniz, odur ki, mən belə görüşlərdən həmişə yaxşı nəticələr gözləyirəm. Orada hörmətli vəkilimiz Adil müəllim çox gözəl bir fikir ifadə edi ki, “Mən öyrətməyi bacarmıram və xoşlamıram, amma bildiklərimizi də paylaşmağın vacib olduğunu anlayıram”. Əsas olan isə düşündürməyi bacarmaqdır. Az fikir və maraqlı ifadə vasitəsilə insanları düşündürməyə təşviq etmək olar.
    Yeganə xanımın təqdimatı həqiqətən yaddaqalan oldu, hətta mənə bir müəllim kimi yeni ideya da verdi. Biz adətən dərsləri riyazi kəmiyyət və ya fiqurların üzərində qururuq, lakin Yeganə xanımın təqdimatından sonra anladım ki, təqdimatı hər hansı bir şəxsiyyətin və ya alimin üzərində də qurmaq olar. Bu ideyaya görə Yeganə xanıma minnətdaram.

Şərhlər bağlıdır.