Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gənclərə vətənpərvərlik mövzusunda təlim keçilib

“Migəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və müəssisənin fəal könüllüsü Türkan Qurbanovanın təşəbbüsü ilə və yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə təlim keçirilib. Müzakirə şəklində baş tutan təlimdə çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin görüldüyünü bildirib. Vətənə sevgi, hörmət hissinin ailədə başlayıb, cəmiyyətdə formalaşdığını deyən Rəşad Qurbanov istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində müvafiq addımlar atıldığını iştirakçıların diqqətinə çatdırıb. “Yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində müxtəlif addımların atılması hər birimizin borcudur”-deyən Türkan Qurbanova da öz növbəsində son zamanlarda yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində tarixi şəxsiyyətlər və milli qəhrəmanlarımıza həsr olunmuş müxtəlif kitabların nəşr olunduğunu və sənədli filmlərin hazırlandığını qeyd edib.

Daha sonra təlim çərçivəsində öz fikirlərini bölüşən iştirakçılar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan, onlara yaradılan imkanlardan danışıb, hər bir insan üçün Vətən, xalq anlayışlarının müqəddəs olduğunu bildirib. Vətəni qorumaq üçün öz canından keçən Şəhidlərimizin xatirəsinə hörmət və etiram hissi ilə yanaşdıqlarını, vətənimizin ərazi bütövlüyünün bərpa olunması üçün səylə çalışacaqlarını qeyd edib.

Şərhlər bağlıdır.