Elm və təhsilMüsahibə

Döş nişanı almış pedaqoji işçilər təəssüratlarını bölüşürlər

Mingəçevirdən iki lisey rəhbəri və iki müəllim "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Bu günlərdə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Mingəçevirdən iki lisey rəhbəri  və iki müəllim  “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Onlardan üçü ilə görüşərək, təəssüratlarını bölüşmək qərarına gəldik.

Aidə İsmayılova (Mingəçevir Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin direktoru:

Müəllim əməyinin dəyərləndirilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Çəkdikləri zəhmətə verilən yüksək dəyər qarşılığında müəllimlər də başa düşürlər ki, gənc nəslin təlim-tərbiyəsində aparıcı rol oynamaq, şagirdlərə bilik vermək, milli və bəşəri  dəyərləri aşılamaq, onları şəxsiyyət kimi yetişdirmək, şagirdlərdə müəyyən bacarıq və vərdişlər formalaşdırmaq olduqca məsuliyyətlidir. Bu iş həm də savad, zəhmət və səbr tələb edir. Təhsil Nazirliyi tərəfindən mənə verilən döş nişanına görə nazirimiz Ceyhun Bayramova və bu işdə əməyi olan dəyərli dostlarıma çox təşəkkür edirəm.
Bir məsələyə də toxunmaq istəyirəm. Çox sevindim ki, bu təbriki ilk olaraq nazir müavini  Məhəbbət xanım Vəliyevadan eşiitdik. Sevincimə sevinən bütün dostlarıma, əzizlərimə dərin təşəkkürümü bildirirəm.

Zaur  Kərimli (Mingəçevir Texniki Humanitar Liseyinin tarix müəllimi):

Bu gün Təhsil Nazirliyinin islahatlarını qəbul etməmək, geriyə dönüşdür. Hamı, adi müəllimdən tutmuş rayon təhsil şöbələrinin müdirinə qədər,  bunu başa düşməlidir, qəbul etməlidir. Mən tam səmimi danışmaq istəyirəm. Təhsil Nazirliyinin islahatları bəzən rayon təhsil şöbələrində qırılır və hər hansı bir müəllim hələ də tam dərk edə bilmir ki, şəffaflıq var. Düzdür, bu gün şəffaflığı qəbul etməyənlər var. Çox sevindiricidir ki, Mingəçevirin tanınmış iki liseyinin direktorları fəxri ad aldılar. İndi bu direktorların fəxri  ad alması digər direktorların öz işlərində daha məsuliyyətli işləmələrinə səbəb olacaq.

Tərtər rayonunda konfransda olarkən əvvəl gözləyirdim ki, Məhəbbət xanım çıxışında bərli-bəzəkli sözlər danışacaq. Amma fərqli çıxış oldu. Sanki bu xanım bizimlə əyləşib səmimi bir söhbət edirdi. Biz hiss etdik ki, Təhsil Nazirliyi daha kabinetlərdən çıxıb. Nazirliyinin  fədakar komandasına, başda Ceyhun Bayramov olmaqla, təşəkkürümü bildirirəm. Ad almaq asandır, amma onu doğrultmaq məsuliyyət tələb edir. İnanıram ki, bu adı doğruldacağam.

Nailə Məmmədova (Mingəçevir Texniki Humanitar Liseyinin direktoru):

Noyabrın 21-də Tərtər rayonunda Təhsil Nazirliyinin Mingəçevir, Tərtər, Yevlax, Bərdə və Laçın bölgələrinin fəaliyyətlərinə dair regional müşavirəsi keçirildi. Müşavirədə Təhsil nazirinin müavini Məhəbbət xanım Vəliyeva çıxış edərək, sadalanan şəhər və rayonların Təhsil şöbələrinin fəaliyyətlərini dəyərləndirdi, qarşıda duran vəzifələrdən danışdı. Sonda Məhəbbət xanım bir qrup təhsil işçisinə Təhsil naziri Ceyhun Bayramovun əmri ilə verilən döş nişanlarını təqdim etdi.
Sevindirici haldır ki, mükafatlandırılanlar arasında həmkarlarım Aidə İsmayılova, Zaur Kərimli, Şahnabat Fətullayeva və mən də varam. Dəyər üçün təşəkkür edirik! Onu da bildirim ki, mükafatların təntənəli şəkildə təqdim edilməsindən çox məmnun olduq. Bu bizi qürurlandırdı. Mükafatı təntənəli şəkildə almağın sevinci tamamilə fərqlidir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close