Əfqan veteranlarının xatirəsinə həsr edilmiş intellektual yarış
Fevralın 11-də Mingəçevir Gənclər Evində Sovet ordusunun Əfqanıstandan çıxarılmasının 28-ci ildönümü münasibətilə gənclər arasında intellektual yarış keçirilib.Yarışda Mingəçevir Dövlət Universtieti, Mingəçevir Tibb Kolleci, İstək liseyi və Mingəçevir gənclərinin iştirakı ilə 3 komanda iştirak edib. 24 sualdan ibarət olan intelektual yarışda I yeri MDU-nin “Çərpələng”, II yeri Mingəçevir gənclərindən ibarət “Demon” və nəhayət III yeri “İstək” liseyinin “KƏTSİ” komandaları qazanıblar. Qalib komandalar Mingəçevir Bələdiyyəsinin maddi dəstəyi ilə mükafatlandırılıblar.
Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir filialının sədri Elşən İbrahimli Əfqanıstanda keçdikləri keşməkeşli müharibə yollarından gənclərə söhbət açıb: “Əfqanıstan döyüşlərində on minə yaxın azərbaycanlı iştirak edib. 208 azərbaycanlı müharibədə həlak olub. Onlardan 8-i Mingəçevirdəndir. Onlar yad ölkədə Azərbaycan xalqının qəhrəmanlıqlarını sübut edərək, həlak olublar”.
E. İbrahimli lav edib ki, hər il olduğu kimi bu il də fevral ayında Əfqanıstanda həlak olan şəhidlərin xatirəsinə yarışlar keçirilir. Məqsəd həm şəhidlərin xatirəsini yad etmək, həmçinin gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməkdi.
Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Zahid Qasımlı gənclərin böyük maraqla bu yarışa qatılmasından razı qaldığını bildirib: “Bizə sağlam, bilikli gənclər lazımdı. Onlardan bir qismi bu gün sizlərsiniz ki, böyüklərə, veteranlara, şəhidlərə hörmət əlaməti olaraq, onlarla çiyin-çiyinə iştirak edirsiniz”.
“İşıqlı Gələcək” İctimai Birliyinin rəhbəri Tural Kərimov isə bildirib ki, Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir filialının sədri Elşən İbrahimli daima onlara dəstək olub: “Bütün tədbirlərimizdə iştirak edir. O, bizə hər zaman dəstək olduğu üçün biz də onun yanındayıq. Daim onun məsləhətlərini dinləməyə hazırıq. Biz gənclərin bu tcrübli insanlardan öyrənəcək çox şeyləri var”.
Sonda qaliblərlə birgə xatirə şəkilləri çəkilib.
Şərhlər bağlıdır.