Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əflatun Amaşov: “Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var”

Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə və  müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər.

Qəzetin baş redaktoru,  əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək,  yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq gətirib. O bildirib ki, 1948-ci ilin fevralında “Mingəçevir inşaatçısı” adı ilə işıq üzü görən qəzet  6 il sonra “Mingəçevir işçisi”nə, 1965-ci ildə “Mingəçevir işıqları”na  çevrilib, 1991-ci ildə isə bağlanıb. 1999-cu ildə təsisçi hüququ ilə nəşrin yenidən qeydiyyata alındığını diqqətə çatdıran F.Nəbiyev “Mingəçevir işıqları”nın fəaliyyətindəki spesifik məqamlardan danışıb, kollektiv üzvlərinin yerli və beynəlxalq təşkilatların müsabiqələrində dəfələrlə qalib olduğunu, həm ölkə daxilində, həm də xaricdə təlimlərə qatıldıqlarını bildirib. Hazırda qəzetin öz mətbəəsinin mövcudluğunu deyən baş redaktor 10 ildən artıqdır redaksiyanın balansında olan media mərkəzində yerli və beynəlxalq təşkilatlarla birgə davamlı tədbirlər, seminar və konfranslar, sərgilər və film festivalları təşkil edildiyini vurğulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı Niyazi Bayramov yubilyar nəşri öz dəst-xətti olan peşəkar mətbuat orqanı kimi xarakterizə edib: “Mən 6 ildir ki, bu şəhərdə icra başçısıyam. Şəhərə gələndən Fərman müəllimlə, onun qəzeti ilə tanışam, o zamandan bu qəzeti izləyirəm, buradan bir çox məlumatları əldə edirəm. Bu  gün də gördüm ki, şəhərin sel-su məsələlərini qəzetdə qabardıblar. Biz də öz növbəmizdə çalışırıq ki, qəzetin tənqidlərinə cavab olaraq, çatışmazlıqları aradan qaldıraq. Mən çox məmnunam ki, Mingəçevir şəhərində belə bir demokratik ruhlu, doğruları qələmə alan qəzet fəaliyyət göstərir. Buna görə də “Mingəçevir işıqları”nın  kollektivinə və baş redaktoruna minnətdaram”, – deyən N. Bayramov qəzetin kollektivininə 70 illik yubley münasibəti ilə təbriklərini çatdırıb. N.Bayramov həmçinin qəzetin səmərəli fəaliyyətinə və yaranmasının 70 illik yubileyi münasibətilə kollektivi  Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.

Yubley mərasimində çıxış edən  Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov diqqətə çatdırıb ki, Mingəçevirə bu gəlişi zamanı çoxlu yeniliklərin şahidi olub: “Dünən prezident İlham Əliyevin və ölkənin birinci xanımının iştirakilə bu şəhərdə Sənaye Parkının, “Asan Xidmət” mərkəzinin və digər obyektlərin açılışı oldu. Bütün bunlar şəhərin inkişafının göstəricilərdir. Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var. Mənim diqqətimi belə bir yazı cəlb etmişdi: “Bəlkə bu qəzet olmasaydı, heç bu şəhər də olası deyildi…” Bu, kifayət qədər ciddi fikirdir. Nəyisə yaratmaq olar, nəyisə qurmaq olar, ancaq onun salnaməsi olmasa, bütün bunlar tarixin yaddaşına həkk olunmayacaq. Mingəçevir şəhəri qurulandan “Mingəçevir işıqları” onun salnaməsini yaradır”, – deyən Ə.Amaşov əlavə edib ki, “Mingəçevir işıqları”nın xəbər, reklam və elanlar şöbələrinin, poliqrafiya sexinin və media mərkəzinin mövcudluğu onu müasir tipli müstəqil qəzet kimi xarakterizə etməyə imkan verir. Ə.Amaşov bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə və 70 illlik yubileyi münasibətilə “Mingəçevir işıqları” qəzetini Azərbaycan Mətbuat Şurasının diplomu ilə mükafatlandırıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil”qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə qeyd edib ki, “Mingəçevir işıqları” region mətbuatı içərisində məxsus yeri olan qəzetdir. Elektron medianın tüğyan etdiyi şəraitdə çap mətbuatını qorumaq peşəkarlıq və qətiyyət tələb edir və “Mingəçevir işıqları” buna nail oluib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti  Umud Mirzəyev çıxışında “Mingəçevir işıqları”nı Mingəçeevirin çırağı adlandırıb: “Hər səhifədə danışan bir problem var, bizi maraqlandıran məsələlər var. Bu qəzet Mingəçevirin tanıdılmasında əvəzsiz rol oynayır”.

Jurnalist Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli deyib ki, bu gün “Mingəçevir işıqaları” beynəlxalq təşkilatları regiona cəlb etməyi bacarıb: “Beynəlxalq Jurnalistlər Fedarasiyasının ilk üz tutduğu məkanlardan biri Mingəçevir şəhəridir. Bu qəzetin iki əməkdaşı- Fərman bəy və Yeganə xanım isə beynəlxalq jurnalist kartını alan ilk regional jurnalistlərdir”.

Demokratik Jurnalistlər  Liqasının sədri Yadigar Məmmədli bildirib ki, yubilyar nəşr qəzetçiliklə yanaşı ölkədə multikultural dəyərlərin yayılmasında da mühüm rol oynayır.

Daha sonra uzun illər qəzetlə fəal əməkdaşlıq edən Akif Hacıyev, Bayram Mustafa, Pənah Qurbanzadə, Yusif Ələkbərov, Zahid Qasımlı, Nəsib Bayramoğlu, Qabil İbrahimli, Yunis Yolçuyev, Mayıl İsmayılov, Elşən İbrahimli, Esmira Hidayətova, Etibar Əhmədov və başqalarına  “Mingəçevir işıqları”nın  diplomları təqdim olunub.  Mükafat alanlar da yubilyar nəşr barədə xoş təəssüratlarını bölüşüblər.

Şərhlər bağlıdır.