Qış fəslində havalar əksər günlər soyuq, yağıntılı və şaxtalı keçir. Yolların buz bağlaması piyadaların işinə çətinlik törədir. Bu cür vəziyyət həm də sürüşmə təhlükəsi yaradır. Buzlu yollarda yıxılıb əzilmək təhlükəsi piyadalar üçün ağır nəticələnə bilər. Buna görə də onlar bir neçə məqama diqqət etməlidirlər:
– buzlu yollarda tələsik yeriməyin və buz üzərində kəskin hərəkətlər etməyin;
– zərurət olmadıqca eniş-yoxuşlardan istifadə etməyin;
– əlləri cibdə gəzmək, hər iki əldə çanta daşımaq yıxılma zamanı insanın daha çox xəsarət almasına səbəb olur;
– pilləkənləri qalxıb-düşərkən tutacaqlardan istifadə edin.
– diqqət yetirilməsi vacib olan əsas amillərdən biri də düzgün ayaqqabı seçimidir. Altı sürüşkən olmayan rezin və dişli ayaqqabılar geyinin;
– belə havalarda uşaqların qucaqda daşınması da olduqca təhlükəlidir. Çünki yıxılan zaman valideynin körpəni qoruma istəyi həm özünün, həm də uşağın həyatı üçün risk yarada bilər.
Piyadalarla yanaşı, yola çıxan sürücülərin də diqqət etməli olduqları vacib hallar var. Qarlı hava şəraitində onlar avtomobili daha ehtiyatla sürməli, sürət həddini və ara məsafəni gözləməlidirlər;
– buz üzərində avtomobilin əyləc məsafəsini yoxlamağınız məsləhətdir;
– avtomobilinizi soyuq hava şəraitinə uyğun olan avadanlıqlarla təchiz edin. Bu barədə peşəkarlardan da məsləhət almağa çalışın;
– sürüşmə təhlükəsi varsa, əyləc məsafəsinin uzana biləcəyini düşünərək, sürəti azaltmaq lazımdır;
– döngələrdə daha diqqətli olmalısınız;
– qarlı və buzlu yollarda sürüşməyə qarşı qum tökülməsini görüb sürəti artırmayın. Bir sıra hallarda əyləcə basan zaman qum dayanıqlı olmur və təkərlərlə bir yerdə sürüşür;
– piyada keçidlərinə yaxınlaşdıqda əvvəlcədən sürəti azaldın. Çünki buzlu yollarda piyadalar da anidən dayana bilmirlər;
– körpü üzərindən keçərkən diqqətli olmağınız vacibdir. Çox vaxt küləyin təsirindən bu yerlər daha tez buzlanır.
İnsanlar yanğın təhlükəsi ilə qarşılaşdıqda “101”, digər ekstremal hallarda isə “112” zəng xidmətinə müraciət etməlidirlər.
Təbiətin şıltaqlığı nəticəsində yaranan müəyyən çətinliklərdə çıxılmaz vəziyyətlərə düşməməmək üçün hər kəs maksimum şəkildə təhlükəsizlik qaydalarına riayət etməli, lazım gəldikdə özlərini və ətrafdakıları qorumağı bacarmalıdırlar.
FHN Aran Regional Mərkəzi
Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.