Elnur Əzizov: “Vacib olan şagirdlərimizin debatlara aktiv şəkildə cəlb edilməsidir”
Azərbaycan Respublikası Himninin canlı ifasından sonra final mərhələsində Mingəçevir İstək liseyi və Xalqlar Dostluğu İstək Liseyinin komandaları qarşılaşıblar. “Təkcinsli təhsil sistemi cütcinsli təhsil sistemindən daha yaxşıdır” mövzusu müzakirə obyekti olub. Yarış boyu təsdiq və inkar arqumentləri əsaslandıran spikerlər araşdırdıqları maraqlı faktları təqdim ediblər. Şagirdlərin məntiqi yanaşmaları, sərbəst fikir yürütmələri, statistik rəqəmlərə müraciəti diqqəti çəkib. Onlar problemin iqtisadi və ekonomik cəhətdən effektli olub-olmamasına da toxunublar. Apponentlərə verilən suallar dərhal cavablandırılıb. Gərgin keçən görüşdə şagirdlərin hazırcavablığı və inamlı müdafiələri auditoriyanın marağına səbəb olub.
Çox məhsuldar və gərgin keçən görüşdə Mingəçevir İstək Liseyinin komandası qalib olub.
Forumda qalib komandaya kubok və medallar, ən yaxşı 10 natiqə, iştirakçılara və informasiya dəstəyi verən media qurumlarına sertifikatlar təqdim edilib.
“Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin milli debat proqramları regional mərkəzləri üzrə meneceri Etiram Sadıqzadə bildirib ki, forumun məqsədi gənclərə natiqlik, özünüifadə etmə və özünüinandırma qabiliyyəti aşılamaq və bu qabiliyyətləri daha da təkmilləşdirməkdən ibarətdir.
Mingəçevir İstək Liseyinin layihə rəhbəri Fəqan Əhmədov forumun şagirdlərin hafizə və düşüncəsində dərin iz buraxacağına inandığını söyləyib: “Qalib və ya məğlub olanlar təcrübə qazanmış olacaqlar. Gələn forumlara daha dolğun fikirlərlə gələcəksiniz. Debatın insanlara aşıladığı vacib amillərdən biri mövzülar ətrafında düşünərək fikirlərini dolğun ifadə etməkdir. İnsan özünü ifadə edir, qarşı tərəfə fikrini çatdıra bilir. Təbii ki, nitqin inkişafında debatın çox faydası var”.
İstək liseyinin sosial fəaliyyətlər üzrə koordinatoru Elnur Əzizov Azərbaycanın mill təhsil brendi olan İstək liseyinin təhsil sahəsində bir sıra nailiyyətlərə imza atdığını nəzərə çatdırıb: “Şagirdlərimizin beynəlxalq və respublika fənn olimpiadalarında, dövlət imtahan mərkəzinin ali məktəblərə qəbul imtahanında uğurlu göstəriciləri var. İstək liseyi onların təhsillə yanaşı dərsdən kənar asudə vaxtının səmərəli təşkili üçün də addımlar atır. Şagirdlərin vətənpərvər, milli dəyərlərə sadiq qalaraq, beynəlxalq dəyərlərə açıq, sosial, məsuliyyətli insan kimi yetişməsi, şəxsiyyət kimi formalaşması, bacariq və qabiliyyətlərini üzə çıxarması üçün liseyimizdə disskusiyalar, müzakirələr, təlimlər keçirilir. Təbii ki, natiqlik qabiliyyətinin inkişafında debatın da rolu danılmazdır. Düşünürəm ki, bu forum uğurla baş tutdu və biz bunu ənənənyə çevirməyi düşünürük. Foruma İstək liseyinin 7 filialından 21 şagirdin iştirak etdiyi komandalar qoşulub və onlar çox aktual mövzular ətrafında fikir və müzakirə aparıblar”.
Elnur Əzizov hər iki komandanın güclü oyun nümayiş etdirdiyini də vurğulayıb: “Hakimlərin qərarına görə Mingəçevirdə fəaliyyət göstərən İstək liseyinin komandası I Forumun qalıbi oldu. Şübhəsiz ki, məğlub olan tərəf müəyyən məqamla razılaşmaya bilər. Lakin unutmaq lazım deyil ki, bu, bir oyundur. Vacib olan şagirdlərimizin debatlara aktiv şəkildə cəlb edilməsidir”.
Şərhlər bağlıdır.