Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ədalətin bərpası və təntənəsi olan Zəfər Günü

Prezidenti İlham Əliyev: “Torpaqlarımızı, konkret olaraq, Şuşanı Azərbaycan gəncliyi xilas etdi. Azərbaycan gəncliyi babalarının tövsiyəsini, atalarının tapşırığını böyük şərəflə yerinə yetirdi".

Adətən yeni seçilən prezidentlər vəzifə səlahiyyətlərinə başlamadan əvvəl hər ölkənin özünə uyğun olaraq, Konstitusiya və ya müqəddəs sayılan dini kitaba əl basaraq and içir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə, bundan sonra isə əlini Qurani-Şərifə basaraq, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağına, onları daim uca tutacağına and içdi. Lakin digərlərindən fərqli olaraq, Prezident İlham Əliyev andında verdiyi sözləri əməli olaraq yerinə yetirdi. Belə ki, andiçmə mərasimində öpdüyü Dövlət bayrağımızı müzəffər Ali Baş Komandan kimi işğaldan azad edilmiş torpaqlarda ucaldaraq, Azərbaycan Respublikası Konstitusiyasının üzərində içdiyi andı, həmçinin Qurani-Şərifin 23-cü surəsinin 8-ci ayəsində qeyd edildiyi kimi, “verdiyi sözlərə riayət edərək”, bu müqəddəs kitabın üzərində içdiyi andı layiqincə yerinə yetirdi. Məhz Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin apardığı 44 günlük Vətən müharibəsi xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisının 20 faizi işğal olundu, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovuldu. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirildi, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliamları törədildi. 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəldi. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməyə, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, digər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri qətnamələrə etinasızlıq göstərildi. Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilirdi.

Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərirdi. Bu məqsədlə 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı  təxribatlar törətdi. Həmin təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxardı. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut etdi ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa və ədalətli sülh əldə etməyə hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər etməsi, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” iddialarını səsləndirməsi, digər bəyanatlar və hərəkətlər işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxardı. Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan edirdi ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. Qırx dörd günlük Vətən Müharibəsi qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya göstərdi.

Tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olub, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törədib. Bu millətin mayası sanki qəddarlıqdan yoğrulub. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktlar alman faşizmini də kölgədə qoyub. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq, raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığının iki qat artıq olmasından xəbər verirdi.

Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək, daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək, dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazisi azad edilib. Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə  məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf edib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanıb. İqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Ermənistan–Azərbaycan münaqişəsinin həllini təmin edib. Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq və ekspansionizm siyasətinin qarşısının alınması ilə bağlı missiya uğurla yerinə yetirilib və tarixi ədalət bərpa olunub.

2020-ci ilin noyabrın 8-də Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri yazıldı. Belə ki, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan,  Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardandır, ən başlıcası Azərbaycan gəncliyinin yenilməz uğurlarındandır.  Müzəffər Ali Baş Komandan Şuşada Azərbaycan tarixi ilə bağlı danışarkən bu məsələyə də xüsusi diqqət ayırıb: “Torpaqlarımızı, konkret olaraq, Şuşanı Azərbaycan gəncliyi xilas etdi. Azərbaycan gəncliyi babalarının tövsiyəsini, atalarının tapşırığını böyük şərəflə yerinə yetirdi”.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək tərəfdarı olduğunu bir daha təsdiqləmək üçün 10 noyabr 2020-ci ildə ölkə başçımızın şəxsində üçtərəfli atəşkəs bəyanatına imza atdı. Lakin 3 ilə yaxın müddət ərzində Ermənistanın bir qarış torpağımızı belə qaytarmaq fikrində olmaması Azərbaycanın 19-20 sentyabr 2023-cü ildə Qarabağda antiterror əməliyyatı keçirməsini qaçılmaz etdi. Cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü bir daha düşmənə və dünyaya göstərdi. Yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Bu gün Azərbaycanın bütün ərazisində nəzarətimiz tam bərpa edilib. Eyni zamanda I Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı cinayətlər törətmiş şəxslərin bir qrupu həbs edilib. Onların barələrində cinayət işləri üzrə istintaqlar aparılır və həmin işlərin bir hissəsi artıq məhkəmələrə təqdim edilib. Bu hadisələrin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində cərəyan etməsi hamımızda məmnunluq yaradır. Ulu öndər zamanında söyləmişdi ki, “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Onun layiqli davamçısının apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqına qarşı cinayət törədən və uzun illər cəzasız qalan şəxslərin bu gün öz cəzalarını alması daha bir tarixi ədalətin bərpasına xidmət edir və dövlətimizin sarsılmazlığından xəbər verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilib. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanan, son 20 ildə uğurla davam etdirilən hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək,  dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan verib. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarıb və onu qalib xalqa çevirib. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə  hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi günü olmaqla yanaşı, həmçinin ədalətin bərpası günüdür.

Ramin Muradov,

Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində

Notariat ofisinin Xüsusi Notariusu

Şərhlər bağlıdır.