“Duyğularım” dilə gəldi
Şeirlərindən ibarət yeni diskini təqdim edən Zeynəb Ədalətqızı onu sevənlər üçün maraqlı bir gün yaşatdı
Bu həyat yolumu yazıb-yaradan,
Neçə il, neçə gün keçdi aradan.
Qaranlıq dünyaya düşdüm sonradan,
Mənim də gözümə işıq ver, Allah!
Bu sətirlərin müəllifi, gənc şairə Zeynəb Ədalət qızı 21 iyun 2012-ci ildə sözü, sənəti başa düşənləri və dəyərləndirənləri Mingəçevir Media Mərkəzində “Duyğularım” adlı diskinin təqdimatına topladı. Tədbir səbəbkarın sözlərinə bəstələnmiş “Neyləyim” mahnısı ilə başladı.
7 yaşında qəflətən gözlərinin nurunu itirən və bunu “Taleyim” adlı ilk şeirində tərənnüm edən, 2010-cu ildə “Qəlbimin nuru”nu şeirlər kitabına, “Mənim sevgi nəğmələrim”i diskə çevirən, bu günədək bir sıra televiziya proqramlarında, tədbirlərdə iştirak edən Zeynəb ona dəstək olanları salamladı, bu diskin işıq üzü görməsi üçün əməyini əsirgəməyənlərə, xüsusən “F” studiyasının rəhbəri Famil bəyə minnətdarlıq etməyi unutmadı: “Axır ki, sizin yardımınızla bu diskin təqdimatına da nail olduq”.
Famil bəy diskdəki şeirlərin məzmununun rəngarəng olduğunu və çox gərgin əmək nəticəsində ərsəyə gəldiyini, şairənin atası Ədalət bəy isə diskin nəfis tərtibatı və təqdimatı üçün maddi və mənəvi cəhətdən dəstək olan hər kəsə minnətdarlığını bildirdi.
Azərbaycan İES ASC-nin nümayəndəsi Əfruz xanım “Allah Zeynəbə elə bir istedad bağışlayıb ki, gözünün nuru olan insan belə onun gördüklərini, duyduqlarını görə, duya bilməz” dedi və ona gül dəstəsi bağışladı.
Daha sonra diskin ərsəyə gəlməsində maddi və mənəvi dəstək göstərən “Muğan Bank”a, Eyyub müəllimin simasında MTK-nın əməkdaşlarına, MDDT-nın direktoru Həsən Həsənova, Mingəçevir Tibb Kollecinin rəhbəri Fikrət Zeynalova, Araz Hazırlıq Kursundan Telman müəllimə, Mingəçe-vir Özəl Türk Liseyinin direktoru Elxan Əliyevə, Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin sədri Elşən İbrahimliyə dərin minnətdarlıq ifadə olundu.
Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı Zeynəbin ilk kitabının ərsəyə gəlməsi ilə bağlı tarixçəni yada saldı. AMİ-nin müəllimi İlhamə İsmayılova şairənin “Allahım, məni mənəvi korluqdan xilas et” şeirini daha çox sevdiyini dedi: “O, şeirlərindəki hisləri yaşaya, yaşada bilir”.
Tədbir boyunca Zeynəb qəlbinin gözəlliklərini əks etdirən “Taleyim”, “Qızım”, “Atasız ata”, “Ürək” şeirlərini söyləyərək, hər kəsi qəmləndirdi, sevindirdi. Gənc yazarın sözlərinə bəstələnmiş “Darıxdım”, “Gecələr” mahnıları da dinlənildi.
“Şairə olmasaydın, kim olardın?” sualına Zeynəbin cavabı da maraq doğurdu: “Düşünürəm ki, görsəydim, şairə olmazdım və Allah bu qeyri-adi istedadı mənə bəxş etməzdi. Gözlərim görsəydi, jurnalistika peşəsini seçərdim”. Zeynəb xanım özünü fiziki qüsurlu saymadığını, gözləri görməsə də mənəviyyat və yaradıcılıq baxımından güclü olduğunu söylədi.
Bu tədbiri və gözəl məkanı təşkil etdiyi üçün “Mingəçevir işıqları” qəzetinin redaktoru Fərman Nəbiyevə xüsusi təşəkkür edildi. Tədbirin sonunda təqdimatda iştirak edən qonaqlara Zeynəbin diski bağışlandı.
Humay Məzahir qızı
Şərhlər bağlıdır.