Dövlət yeni idarəetmə formasına keçən köhnə binalara dəstək göstərəcək
Avqustun 2-də İqtisadiyyat Nazirliyində Mənzil-kommunal siyasəti şöbəsinin nümayəndələri ilə MVA-nın rəhbəri Fərman Nəbiyevin məsləhət görüşü olub. Görüş Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Mingəçevir Valideynlər Assosiasiyasının “Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi” layihəsi çərçivəsində baş tutub. 2 saatdan artıq davam edən görüşdə İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin rəis müavini Fərrux Dadaşov və şöbənin böyük məsləhətçisi Rauf Xəlilov layihənin uğurları və görülən işləri yüksək dəyərləndiriblər. Eyni zamanda Mənzil Məcəlləsinin tələblərinə əməl olunmasında yaranan problemlərlə bağlı üçlükdə müzakirə aparılıb.
F.Nəbiyev qeyd edib ki, çoxmənzilli binaların idarə olunmasında, xüsusən regionlarda MMMC-lərin yaradılmasında çətinliklər qalmaqdadır. Sovet dövründə tikilən bəzi binalarda bu günə qədər təhvil-təslim aparılmayıb, baxmayaraq ki, sakinlər mənzillərə köçüb və onların adlarına orderlər yazılıb. Qanuna görə, vətəndaşlar orderlərini mülkiyyət sənədi hesab edilən qeydiyyat vəsiqələri və ya reyestr çıxarışlarıyla əvəz etməlidirlər. Lakin bu, həmişə mümkün olmayıb. Yəni bəzi binalada faktiki mənzilin sahibi olanlar hüquqi cəhətdən sahibliyə yiyələnə bilməyiblər.
F.Dadaşov vurğulayıb ki, bu gün dövlətin mülkiyyətində ümumi mənzil fondunun çox cüzi hissəsi, təxminən 4 faizi qalıb. Bura hərbçilərə, məcburi köçkünlərə və bəzi kateqoriyadan olan insanlara sosial kirayə müqaviləsi əsasında verilən evlər daxildir. Mənzil istismar sahələri isə həmin evlərlə bərabər yalnız müqavilə əsasında özəl binalara xidmət göstərə bilərlər. Əslində ölkədəki çoxmənzilli binalarda əksəriyyət mülkiyyət sənədinə malikdir, yəni vaxtlə aldığı orderi reyestr çıxarışına dəyişib. Eyni zamanda Mənzil-Tikinti Kombinatları mənzilləri mülkiyyətçilərinə təhvil verdikdən uzağı bir ay keçənədək idarəetməni də bütünlüklə orada yaşayanların öhdəsinə buraxmalıdırlar. Hətta binanın tikintisi başa çatmasa da, mənzil almaq üçün pulunu ödəmiş şəxslər mənzilin içi ilə bərabər çölünə də sahib durmaq haqqı qazanırlar. Amma nə mənzil mülkiyyətçilərinin yığıncağı, nə onların yaratdıqları cəmiyyət, nə də yerli bələdiyyənin müsabiqəsi əsasında seçilən kənar idarəedici təşkilat kor-koranə fəaliyyət göstərə bilməz. Onlar binanın saxlanma xırclərini müəyyən etməyə və hər bir mənzilin və qeyri-yaşayış sahəsinin sahibi ilə müqavilə bağlamağa, vaxtaşırı hesabat verməyə borcludurlar. Təəssüf ki, hazırda fəaliyyət göstərən 130 MMMC-nin heç də hamısı qanunvericiliyin tələblərinə düzgün əməl etmir.
F.Dadaşov vurğulayıb ki, Prezidentin bir il əvvəlki tapşırığı üzrə bütün binalar bir qayda üzrə idarə olunmalıdır. İndi həm köhnə, həm də təzə binalar mövcuddur. Deməli institutsional yanaşma olmalıdır. Buna görə də köhnə binalara dövlət tərəfindən subsidiya şəklində dəstək verilməlidir. Ya da proqram hazırlanıb, mərhələ-mərhələ binaların təmiri aparılmalıdır. Hazırda yeni qaydalar hazırlanır. Orada hər şey – təhvil-təslimdən tutmuş idarəetmə metoduna qədər bütün detallar xırdalığına qədər əksini tapacaqdır.
R.Xəlilov nəzərə çatdırıb ki, bu gün hər bir bina ilə bağlı inventarlaşma aparılır. Yəni bina hansı vəziyyətdədir, nə kimi təmirə ehtiyacı var və s. Müvafiq icra hakimiyyəti Nazirlər Kabinetinin qərarı ilə binanı tam, əsaslı təmir edəndən sonra balansından çıxarıb, mənzil mülkiyyətçiərinə təhvil verə bilər. Bununla bağl Prezidentin sərəncamları var, eyni zamanda ölkə başçısının tapşırığı ilə Azərbaycanda mənzil kommunal siyasətini həyata keçirən İqtisadiyyat Nazirliyi tərəfindən bütün yerli icra hakimiyyətlərinə mütəmadi məktublar göndərilir.
Görüşdə MVA İB ilə İqtisadiyyat Nazirliyinin gələcək əməkdaşlığı üzrə fikir mübadiləsi də aparılıb.
Şərhlər bağlıdır.