Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Azərbaycan müstəqillik illərində böyük inkişaf yolu keçib. Dünya dövlətləri tərəfindən tanınan, bir çox iqtisadi forumlarda möhtəşəm layihələrdə imzası olan dövlətimizin iqtisadi qüdrəti günbəgün artır. Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin yaxşılaşmasına imkan yaratmışdır.
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Statistik məlumatlara görə,2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd.manatı üstələmişdir.
Paralel olaraq əmək haqqı fondu da artrmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, ötən il ölkə Prezidentinin imzaladığı bir sıra sərəncamlara əsasən minimum əmək haqqı, pensiya və sosial müavinətlər artırılmış, şəhid ailələrinə birdəfəlik müavinətlər verilmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr reallaşmışdır.
Cari ilin əvvəllərindən dünya dövlətlərində sürətlə yayılan pandemiayanın qarşısının alınması, ölkəımizdə genişlənməməsi üçün məqsədəuyğun tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əmək haqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əmək haqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin“Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi Prezidentimizin diqqət mərkəzindədir. Son illər paytaxt Bakıda və regionlarda yeni Xidmət Mərkəzlərinin, Sənaye Parklarının yaradılması, yüzlərlə insanın işlə təmin olunmasına şərait yaradıb.
Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər.Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Dövlətimiz bütün güzəşt və stimullaşdırıcı tədbirləri dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil etməklə bir daha sahibkarlara göstərilən dövlət dəstəyinin əhəmiyyətini təsdiqlədi.
İqtisadiyyata mənfi təsirlər zamanı fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır.
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii ki, şəffaf olmayan gəlir mənbəyini itirdilər. Pandemiyanın yayılmasının qarşısının alınması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün zəruri olan tədbirlərin görülməsi, əhali arasında çaşqınlığın yaranmamasından ötrü qətiyyətli addımların atılması vacib idi. Bu vəziyyət əslində dövləti çətin seçim qarşısında qoymuşdu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı sayəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların da sosial müdafiəsinin nəzərə alınması təmin edildi.
Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”, deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Karantin dövründə ölkəmizdə tətbiq edilən qaydalara əhalinin ciddi yanaşması, yaşı 65-dən yuxarı vətəndaşların evdən çölə çıxmaması, digər tərəfdən isə yalnız vacib olan halda insanların icazə aldıqdan sonra təyin olunan vaxtda yaşadığı ərazini tərk etməsi xalqımızın dövlətə olan hörmət və ehtiramının təcəssümüdür. Pensiya, təqaüd və müavinətlərin vaxtından əvvəl verilməsi- 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edilib, o cümlədən aztəminatlı ailələrə , tənha yaşayan vətəndaşlara sosial yardımların göstərilməsi və həmçinin sosial xidmətin göstərilməsi də təqdirəlayiq hallardandır.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Dövlətin biznesdən və əhalidən gözləntisi – fəaliyyətin tam şəffaflaşdırılmasıdır.
Şəffaflıq sahibkarın və vətəndaşın gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi. Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi. Sosial və vergi ödənişlərini vaxtında ödəyən sahibkarlar dövlət dəstəyindən faydalandılar, bu məsələyə məsuliyyətsiz yanaşan sahibkarlar isə öz yanlış fəaliyyətləri sayəsində bundan məhrum oldular. Elə həmin məsuliyyətsiz sahibkarların qeyri-ciddi əməlləri ortaya çıxdı.
Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar…”. Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək.
Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.
Pandemiya dövründə tətbiq edilən karantin tədbiri xalqın birliyini nümayiş etdirib.
Regionlarda da vətəndaşlar tətbiq edilən qadağalara hörmətlə yanaşıblar. Azərbaycanın dördüncü şəhəri, 130 mindən çox əhalisi olan Mingəçevirdə karantin dövründə bir sıra tədbirlər həyata keçirilib. Ən əvvəl parklara, istirahət bağlarına giriş qadağan olunub. Əhalinin 65 yaşdan yuxarı təbəqəsi evdən çölə çıxmamaqla həm dövlətimizə olan sevgilərini ifadə ediblər, həm də sağlamlıqları üçün bu rejimə ciddi yanaşıblar.
Şəhər İcra Hakimiyyətinin əməkdaşları mart və aprel aylarında əhali arasında maarifləndirmə işləri aparmaqla insanları səhv düşüncələrdən qoruyublar. 600-dən artıq tənha vətəndaşa və aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.
Sosial izolyasiya tədbirləri çərçivəsində Mingəçevir Dövlət Universitetində, Kolleclərdə, ümumtəhsil ocaqlarında, təlim tərbiyə müəssisələrində, idarə və müəssisələrdə, banklarda və marketlərdə davamlı olaraq dezinfeksiya işləri aparılıb. Parklarda, küçələrdə, yaşayış binalarının bloklarında, şosse yollarında mütəmadi aparılan dezinfeksiya əhalinin sağlamlığı naminə reallaşıb. Bu izolyasiya tədbirləri həm də antisanitariyanın yayılmasının qarşısını alıb.
Qeyd etmək yerinə düşər ki, pandemiya ilə mübarizə dövründə Mingəçevir gəncləri, YAP şəhər təşkilatının könüllüləri də maarifləndirmə işlərinin aparılmasında fəallıq göstəriblər. Yaşı 65-dən yuxarı olan vətəndaşlara sosial xidmətlər göstərilib, spirt, maska, əlcək və dərman preparatları alınıb, kommunal ödənişləri ödənilib.
Mirsədi Daşdəmirov,
“Mingəçevir” qəzetinin baş redaktoru
Şərhlər bağlıdır.