Mingəçevirdə vaxtaşırı müxtəlif tədbir və mərasimlərdə görünən, əhalinin yanında olan və dərd-sərini eşidib, problemlərinin həllinə yardım göstərən dövlət qulluqçuları iyunun 22-də özləri bir araya gələrək, peşə bayramlarını qeyd ediblər. Heydər Əliyevin abidəsini ziyarət edtikdən sonra onlar İcra Hakimiyyətinin konfrans zalında fikirlərini bölüşüblər.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov tədbir iştirakçılarına xatırladıb ki, respublikamızda aparılan dövlət qulluğu siyasətinin əsasını ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularının hazırlanması təşkil edir. İcra başçısı dövlət idarəçiliyi sistemində islahatların ulu öndər tətəfindən başlandığını və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyib, dövlət qulluğunda çalışanların bundan sonra da öhdələrinə düşən vəzifələri səylə, ləyaqətlə yerinə yetirəcəklərini əminliklə vurğulayıb.
DSMF Mingəçevir şöbəsinin müdiri Emil İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şöbəsinin müdiri Şəlalə Sadəddinova, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və təqaüdçü Telman Həsənov da bildirib ki, dövlət qulluqçusu imtiyaz deyil, məsuliyyətdir, onlar dövlət və cəmiyyətin mənafeyini öz mənafelərindən üstün tutmalıdırlar.
Uzun illər dövlət qulluğunda çalışan və son 7 ili təqaüd həyatı yaşayan Bayram Mustafanın çıxışı daha maraqla qarşılanıb. Vaxtilə su hövzəsinin yaranması üçün qurban gedən Samuxda ata-baba qəbirlərinin, unudulmaz xatirələrinin qaldığını deyən Bayram müəllim qeyd edib ki, Mingəçevir nə yaxşılığı, nə də pisliyi unudan şəhər deyil: “Çimərliyin ərazisində kazarmaları niyə tikiblər, başa düşmürəm. Keçmiş Turist bazasında məskunlaşan soydaşlarımız ətrafı məişət tullantıları ilə çirkləndirirlər, onların mal-qaraları isə sahil boyunca dolaşır. Buradan Xanabad istiqamətinə istirahət etməyə gedənlərin qarşısını isə Yevlağın işbazları alırlar. Onlar ərazini çəpərləyib, içəri girənlərdən pul tıələb edirlər. Vaxtilə dədə-babalarımızın səliqə ilə inşa etdiyi Səməd Vurğun meydanındakı yay kino-teatrı çayxana yerlərinə çevrilib”.
Bayram Mustafa onu da diqqətə çatdırıb ki, İcra hakimiyyəti haqqında əvvəlki Əsasnaməyə görə hər dəfə başçı dəyişəndə dövlət qulluqçuları narahatlıq keçirirdilər: “Köhnə qanunvericiliyə görə, hər kəsin vəzifəsinə xitam verilirdi. Yenidən ərizə yazılır, təzədən işəgötürmə barədə əmr yazılırdı. Sonradan bu boşluq aradan qaldırıldı”.
2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29 min 127 nəfər, Mingəçevirdə isə 251 nəfərdir.
Şərhlər bağlıdır.