“Dost ola bilməsək də an azından düşmənçiliyi yığışdıraq”
Gizir İsmayıl Seydimov deyir ki, atasız övladların sayının artmaması üçün sülh vacibdir
Baş leytenant Teymur Əhmədov: Təbii ki, müharibə ağir bir şeydir. Müharibə itkisiz baş vermir. Hər bir tərəfdən dövlətə mənfi təsir göstərir. İqtisadiyyatı çökdürür, dövlətin büdcəsinə də ziyandır. Bir günün müharibəsi küllü miqdarda vəsait hesabına başa gəlir. Müharibə ekoloji problemlər yaradır. Atılan mərmilər insanları, fauna və floranı məhv edir. Müəyyən xəstəliklər ortaya çıxır.
Sülh siyasi müstəvidə baxılan məsələdir. Dövlətimizin prezidenti bunun üçün çalışır. Yaxşı olar ki, müharibə əvəzinə sülh olsun. İnsanlar rahat yaşasınlar. 30 il idi ki, doğma torpaqlarımızın azadlığı üçün biz şəhid verirdik. Mən istəmirəm ki, ana-atalar, bacı-qardaşlar, gənc xanımlar gözü yaşlı qalsın, uşaqlar atasız böyüsünlər. Ona görə də sülhün olması daha məqsədəuyğundur. Amma mən buna az inanıram. Sülh bir az alınmayan məsələdir.
Əsgər Nicat Haşımov: Gələcək nəslin daha sağlam yetişməsi üçün proseslər sülh dövründə davam etməlidir. Regionda sabitlik olmasa bu münaqişə getdikcə böyüyəcək. Bu, keçmişdən bizə miras qalıb. Bizdən də sonrakılara qalmamalıdır. Demirəm ki, biz ermənilərlə dostlaşaq, an azından düşmənçiliyi yığışdıraq. Əvvəllər mehriban yaşayıblar. Ola bilər ki, 100-200 ildən sonra bu xalqlar yenidən qaynayıb-qarışsınlar. Onların düşüncəsiylə barışmayaq, dostlaşmayaq, amma düşmən də olmayaq. Bir-birimizə xoşbəxt yaşamağa mane olmayaq. Məlum məsələdir ki, kimsə bu fitnə atəşini yandırır. Amma bu düşmənçilik onlara da, bizə də ziyandır. Sadəcə bunu başa düşmək lazımdır. Burda həm maddi, mənəvi, fiziki və iqtisadi cəhətdən hər iki dövlət geri düşür. Sülh olmalıdır ki, itki verməyək. Müharibə olanda onlar da öz itkiləri üçün üzülürlər və itki vermək istəmirlər.
2014-cü ilin avqustunda bizim gücləndirmə dövrümüzdə onlar hücuma keçmişdilər. Biz onlara qarşılıq verdik, onda onlar çox itki verdilər. Həmin vaxt itkisi olan valideynlər İrəvanda “Biz müharibə istəmirik” tələbiylə mitinqə çıxmışdılar. Amma onlar sülh deyil, müharibə istəsələr, biz də geri çəkilməyəcəyik. Düşünürəm ki, bundan sonra böyük döyüşlərə ehtiyac olmayacaq. Az itkilərin də ardını kəsmək üçün regionda konkret sülh olmalıdır. Ətraf qonşuların da marağı budur. Sülh danışıqları davam etdirilməlidir. Bu 30 il ərzində biz vaxtından tez inkişaf etmişik. Müharibəyə, texnikaya, döyüşə xərclədiyimiz pulu daxili istehsala xərcləyərdik, potensialımız artardı. Düşmənçiliklə insanın inkişaf etməsinə çox da imkanı olmur.
Əsgər Namiq İbrahimli: Sual bir az qəlizdir. Çünki bir neçə şaxəyə bölünən sualdır. Ona görə mən öz düşüncə tərzimlə deyəcəm. 1992-ci ildə çox şəhid verdik, torpaqlarımızı verdik. 44 günlük müharibədə də şəhid verdik, amma torpaqlarımızı geri aldıq. Bu müharibədə döyüşən oğlanların çoxu 1992-ci ildə şəhid olanların övladları, qardaşı-bacısı uşaqları idi. Gəldi bizim nəsilə çatdı. Mən həyatda sülh tərəfdarıyam. İstəyirəm ki, dava, itki olmasın, qan axmasın, insanlar mehriban olsunlar.
Sülh o zaman olacaq ki, ermənilər Azərbaycan qanunlarına tabe olacaq, bizim dövlətin tərkibində olan ərazilərdə yaşamaq üçün vətəndaşlığımızı qəbul edəcəklər. Mən müharibə dövründə ermənilərin yaşadıqları evlərdə onların sənədlərini görmüşdüm. Hamısında yazılmışdı: “Азербайджанская Республика, Гадрутский район”. O sənədlərlə dünyaya sübut olunacaq ki, illər boyu ermənilər Azərbaycan vətəndaşlığı altında bizim tərkibimizdə yaşayıblar. Bu gün də sülh istəyirlərsə, bu şərtlərlə yaşamalıdırlar. Bilirsiz niyə sülh istəyirəm? Müharibəni bizim babalarımız, atalarımız görüb, biz görmüşük, bizdən sonra övladlarımız qoy firavan yaşasınlar.
Şəhid ailələrində ana-ataların, bacı-qardaşların, uşaqların əllərindəki dəsmal qurumur. Onların acısını özləri çəkir. Müharibənin təkrarlanmaması üçün insanlar sülh istəyirlər. Bundan sonra gənc nəsil şəhidə çevrilməsin, yurdlar dağılmasın.
Gizir Ceyhun Həsənov: Sualı cavablandırmaq mənim üçün bir az çətin olacaq. Sülh əlbəttə ki, gözəldir. Sülh-problemsiz, itkisiz, şəhid vermədən rahat yaşamaqdır. Bu, hər bir insanın içindən keçən bir hisdir. Amma əgər insanda neqativ hislər güclüdürsə, o sülhü dəstəkləməyəcək. Biz artıq 30 il bundan əvvəlki Azərbaycan deyilik. Bakıda kifayət qədər erməni yaşayır. Mənim anam gürcüstanlıdır. Mən də tez-tez gedirəm anamı görməyə. Anamgilin kəndinin 80 faizi ermənidir. Onlar deyirdilər ki, bizə Qarabağ lazım deyil: “Biz bilirik ki, Qarabağ Azərbaycanındır, bizim deyil. Sadəcə başda oturanlar xalqı oyuna salır”. Əlbəttə ki, mən də sülh istəyirəm. Müharibə təhlükəsi olarsa, cənab prezidentimizin əmrinə tabeyik, canla-başla bu işləri tam 100 faizlik həll edəcəyik.
Əsgər Əyyub Niftəliyev: Məndən əvvəl çıxış edən qardaşlarımızın fikirləri ilə tam razıyam. Müharibə olanda analar övladlarını itirirlər, gözləri yaşlı qalır. Yurd-yuvalar dağılır. İnsanlar köçkün həyatı yaşayırlar. Gənclərimiz müharibədə yaralanır, şəhid olurlar. İtkisiz müharibə olmur. İnsanların həyatını bu bəlalardan qurtarmaq üçün sülh lazımdır. Müharibənin vurduğu ziyanı yaxın müddətdə aradan qaldırmaq çətin olur. İstər maddi, mənəvi, istərsə də psixoloji tərəfdən. Bunu ermənilər başa düşməlidirlər.
Gizir Elvir Qəhrəmanov: Mən mövzuya belə yanaşıram. Mən ehtiyatda olmuş hərbçi, komandir kimi sülhü ona görə istəyərdim ki, bizdən sonrakı nəslin yaşam tərzində problemlər olmasın. Körpələr ata qucağında böyüsünlər, analar sağlam oğulları ilə fəxr etsinlər. Heç bir evdə matəm olmaması üçün sülh vacibdir. Erməni xalqı ilə bizim valideynlərimiz, nənə-babalarımız bir yerdə yaşamışdılar. Bu faktdır. İndiki halda isə Qarabağda bizim tərkibimizdə yaşasınlar, amma bizim hakimiyyət onları nəzarətdə saxlasınlar ki, təxribat törətməsinlər, yenidən müharibə başlamasın. Ekologiya, təbii sərvətlər zamanla öz yerini tapar. Sadəcə insanların məhv olması, körpələrin psixoloji durumda böyüməsini heç kəs istəməz. Xalqın ruh yüksəkliyi ilə yaşaması daha gözəl olardı.
Əsgər Cavid Cavadov: 1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı 4-5 yaşı olanlar var aramızda. Ömrü boyu ermənilərin bizə bu acıları yaşatdığı bizimçün gözdağı olub. Görə-görə gəlmişik. Zəngilanda mənim tabor komandirim vardı. Qubadlıya gedəndə ona dedim ki, cənab polkovnik-leytenant, mən bu gün fəxr edirəm ki, 92-ci ildə yaşadıqlarımızı biz bunlara yaşatdıq. İndi onların körpələri ata həsrətiylə böyüyəcək. Bu iki xalqın arasında bitməyən mübarizədir. Sülh olsa bundan sonra xalqlar rahat yaşayar, analar da acı çəkməzlər. Sülhün olmaması isə dövlətə maddi təfərdən, millətə isə göz yaşı cəhətdən pisdir. Ona görə sülh üçün çalışmaq lazımdır.
Əsgər-kursant Tahir Abuşov: Sülh içində yaşamaq çox gözəldi. Bu, sağlam yaşamaqdı, ruhən rahat olmaqdır. Amma bir şeyi vurğulamaq istəyirəm ki, həmişə ehtiyatlı olmaq və müdafiəni qorumaq və hər zaman da hücum addımı atmağa hazır olmaq lazımdır. Çünki ən azından biz mənfur düşməni tanıyırıq, onların kim olmalarına bələdik. Sülhə nail olmaq isə vacibdir. İnsanlar psixoloji təsir görməsinlər, əzizlərini itirməsinlər. Olan xalqa və onun əsgər balalarına olur. Tanrı xalqımıza ayaqda durmağa güclü oğlanlar nəsib etsin həmişə.
Əsgər Nurlan Vəliyev: Bu döyüşlərdə bizim övladlarımız o stresləri yaşayıblar. Mənim böyük qızım deyir ki, ata, sən döyüşdə olanda mən hər axşam sənin köynəklərini iyləyib, yatırdım. Biz də deyirik ki, sülh bağlansın, gələcək nəsillərin stres pozuntularına yol açılmasın, sağlam gənclik yetişsin, itki verməyək. Amma bizim ürəyimiz sağalmır. Çünki bizim qardaşlarımız gözümüzün qarşısında şəhid oldular. Düşmən də çox itki verdi. Amma təəssüf ki, o ağrılar, o düyğular bizimlə əbədi olaraq yaşayacaq. Sülh prosesi biz desək də, deməsək də Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyevin sayəsində bağlanacaq. Təbii ki, biz də istəyərdik ki, sülh olsun. Ancaq bu ağrı-acılarımızı çəkdiyimiz artıq bəsdi. Real həyatda da bu stresi yaşayaraq bu vədəyə gəlmişik. Bundan belə qoy övladlarımız görməsinlər. Bu belə davam etcə cəmiyyətdəki uşaqların hamısı əsəb, stres pozuntuları içində yaşayacaqlar. Bunlardan qorunmaq üçün sülh olsa yaxşıdı.
Kiçik çavuş Anar Mehdiyev: Hər bir cəhətdən sülh yaxşıdır. Məsələn, biz müharibədə döyüşdük. Amma bizim bütün ətrafımız-analarımız, atalarımız, bacı-qardaşlarımız, uşaqlarımız burda stress yaşadılar. Sülh dostluq, yoldaşlıq, mehribanlıq deməkdir. Son döyüşlərə qədər yaşananları göz önünə alanda biz erməniylə dost, qardaş olası deyilik. Qisas deyilən bir şey var, hardasa qisas almağa çalışacaqlar, onlar da, biz də. Onlar çalışacaqlar ki, zəif bir yerimizdən vursunlar. Ona görə də sülh olsa da övladlarımızın və gələcək nəslimizin xətrinə biz müdafiəyə hazır olmalıyıq. Ordumuz, döyüş hazırlığımız daha da təkmilləşməlidir. Bizim dövlətin tərkibində yaşasınlar. Etirazımız yoxdu.
Gizir İsmayıl Seydimov: Bizim keçmişimiz və indikimiz bəllidir. Gələcəyimiz isə ermənilərdə sual işarəsi altındadır. Çünki onlara güvən yoxdur. Onlara inanıb barış elan etmək, sülh təklif etmək olmaz. Biz Turan ordusuyuq. Bir bayraq altında birləşmiş bir dövlətik. Biz bir yerə vururuq. Məqsədimiz bizim azadlığımızdı, bizim torpaqların azad olmasıdır. Bəli, bizə sülh lazımdır. Amma onların bu sülhə necə qərar verməsinə ehtibar etmək olmaz. Bu sualı ermənilərə vermək lazımdır ki, sizə sülh lazımdırmı? Onlar lazımi dəstəyi göstərəcəkmi? 3-5 ildən sonra yenə müharibəyə can atacaqlar. Mən yaralanmışam, qaziyəm. Bizim övladlarımız qapıdan içəri girəndə yenə bizi görürlər. Bəs atasını itirmiş uşaq hansı ah-naləylə ermənini bağışlasın? Bu sualı bizim gənc övladlarımıza sual vermək lazımdır. Görək onlar necə bağışlayacaqlar ermənini? Atasız bir övlad kəsik, sahibsiz kimidir. Düzdür, dövlətimiz sahib çıxa bilər ona. Amma ona ata qayğısı gərəkdir. Atasız övladların sayının artmaması üçün sülh vacibdir.
Əsgər Sahib Şamiyev: Sülh istəyərdim. Amma düşmən bilməsin ki, ondan ehtiyat etdiyimiz üçün sülh istəyirik. Yox. Sadəcə olaraq onlar bizi gücsüz sanmasınlar. Bizim güclü prezidentimiz, ordumuz və millətimiz var. Sülh olsun. Xalqıma sözümü demək istəyirəm. Neçə illər də keçsə, əsrlər də keçsə, şəhidlərimizi unutmayaq. Onların da bizim kimi yaşamaq, yaratmaq arzuları vardı.
Əsgər Teymur Məmmədov: Sülh lazımdır. Gələcək nəsillər üçün, övladlarımızın rahat yaşaması üçün sülh olsa yaxşıdır. Amma atalarımızda bir misal var, ehtiyatı əldən vermə. Döyüşlərdə bu vəziyyəti yaşamışam. Şüşada olanda erməni əsgəri ilə üz-üzə gəldim. O özünü elə göstərdi ki, elə bil mənə təslim olmaq istəyir. Amma yoldaşları ağacların arasından bizə atəş açdılar. Sən demə bizə pusqu qurublarmış. Sülh olmalıdır. Bizim aldığımız travmanı, yaraları istəmirəm kimsə yenidən yaşasın. Amma ermənilərə etibar, güvən yoxdur. Sülhü onlar özləri istəməlidirlər və bizim torpaqlarımızdan da gözlərini çəkməlidirlər. Qarabağ Azərbaycandır.
Əsgər Mehralı Məcidli: Mən də sülhün tərəfdarıyam. Əgər düşmənimiz sakit durmazsa, məcbur olanda bütün addımları atmağa hazır olmalıyıq.
Şərhlər bağlıdır.