Dünya xaosdan yaranıb və xaosa doğru da irəliləməkdədir…
Dünya necə yaranıb, nədən yaranıb, nə vaxt yaranıb, sonu varmı? Əslində bu sualları davam etdirmək də olar, ancaq bu qədəri də bəsdir, çünki heç kim bu suallara düzgün, inandırıcı cavab verə bilmir və cavab verəcək birinin olacağına da inanmıram. Amma çox inandığım bəzi məqamlar var.
İnandıqlarımın nələr olduğunu yazacam, lakin əvvəlcə məni bu inama aparan yollara nəzər salmaq istərdim.
Dünyanın başlanğıcı xaosdur, -deyirlər. Böyük partlayışdan doğulan bir dünya həm də daim xaosla, qarmaqarışıqlıqla iç-içə, həmahəngdir. Bütün bunları düşünərkən onu da düşünürəm ki, əgər dünya böyük bir xaosdan, qarmaqarşıqlıqdan ibarətdirsə, o zaman nizamdan, qayda-qanundan, ədalətdən, haqq-hüquqdan, həqiqətlərdən, doğrulardan danışmaq, onlar uğrunda mübarizə aparmaq nəyə lazımdır? Sonunda hər şey bu dünyaya aiddir və bu dünyada da qalacaq: öyrəndiklərimiz, yaratdıqlarımız, yaşadıqlarımız…Bəs elə isə bütün bunların mənası nədir, yaxud da bir mənası varmı? Kaş ki, heç bir tərəddüd, məchulluq hiss etmədən bu suallara cavab verə biləydim. Lakin qəribə olan odur ki, bir az diqqətlə düşünəndə bu xaosun içərisində əsrlərdir dəyişməyən bir nizam vardır. Günəşin ətrafında dəyişməyən bir hərəkət, fəsillər və gecə-gündüz nizamı vardır. Əlaqəli sistemlər, hər bir maddəni var edən ən kiçik zərrəcik olan atom və onun içərisindəki nizam, maddələri bir-birindən fərqləndirən molekulyar nizam. Bütün bunlar isə insanların həyatında, düşüncələrində də öz əksini tapıb. İnsan da bu dünyanın bir parçası olduğu üçün dünyanın həm xaos, həm də nizam xassəsini daşımaqdadır. Haqq,ədalət də, nizam-intizam da bu dünyanın doğrularıdır, həqiqətləridir, bu dünyanın mahiyyətidir. Doğruları bilmək bizə lazımdır, dünyanın nizam-intizamına yaxın olmaq, bu düzənin içərisində olmaq üçün.
Bildiyimiz doğrular, həqiqətlər bizi haqlı göstərmək üçün deyil, bizi yönləndirmək üçündür, yoxsa anlamadığımız bu xaosun içərisində itib batarıq.
Bəzən adamlar doğruları, həqiqətləri anlamaq istəməyəndə, ya da anlamayanda ünsiyyətimiz baş tutmur və mən də elmə üz tuturam. Fizikadan hər hansı bir qanunu oxuyuram, məsələ həll edirəm, ya da riyazi ifadələri araşdırıram, məntiqini anlamağa çalışıram. Əvvəllər bu hal mənə rahatlıq bəxş edirdi, amma düşünürdüm ki, burda nə isə var, bu, sadəcə məşğuliyyət ola bilməz, nə də insanlardan uzaqlaşmaq üçün sakit bir guşə deyil. Bu hal nədirsə, əslində bütün insanlara aiddir və onlar da bunun fərqində olmalıdırlar, çünki hansısa fiziki qanunu oxuyub başa düşmək, ya da riyazi misal-məsələ həll etmək o qədər də çətin bir şey deyildir. İndi başa düşürəm ki, əslində mənə rahatlıq verən elmin özündə doğruları ehtiva etməsi, doğruları ifadə etməsi və anlatmasıdır. Doğruları anlamaq insanlara aiddir, onlar bunu görməzdən gələ bilməzlər, çünki elm insanlara hər zaman, hər kiçik qaydasında da, ən sadə qanununda da doğruları, həqiqətləri anladır. İnsanlar doğruları kiminsə xatirinə deyil, doğruların özünə görə anlamalı və qəbul etməlidirlər. Doğrular insanı hissə qapılmaqdan, küyə getməkdən, aldanmaqdan, yanlış qərar verməkdən agah edir və qoruyur.
Bəs bu doğrular nələrdir? Ədalətli, vicdanlı insan olmaq, yalan danışmamaq, oğurlamamaq, zalıma biganə qalmamaq, zülmə boyun əyməmək. Məsələn, riyaziyyatdakı bölmə əməli tərəfkeşlik etməz, böləndə tən bölür, bütöv də olsa, yarımçıq da olsa(yəni, kəsrlə). Əgər məchul toplananı tapmaq istəyirsənsə, mütləq cəmdən məlum toplananı çıxmalısan. Əgər öz istəyinə görə həll etmək istəsən: toplasan, vursan, ya da bölmək istəsən, cavabın doğru olmayacaq. Ya da doğru həll etməyi bilməsən, bu zaman da doğru cavabın olmayacaq. Deməli, doğruları bilmək bizi hər cür yanlışdan, məchulluqdan xilas edir. Biz insanlar ailələrimizdən daha çox, bu dünyaya aidik, ona görə də hər bir işimiz, fəaliyyətimiz dünya düzəninə uyğun olmalıdır. Dünyada baş verən haqsızlıqları, hüquqsuzluqları, ədalətsizlikləri və onların səbəb olduğu müharibələri, xəstəlikləri törədənləri dayandırmaq, məsuliyyətə cəlb etmək lazımdır. Çünki bunu, biz insanlardan, dünya nizamı tələb edir, yoxsa daha böyük fəlakətlərlə üz-üzə qalarıq.
Yüz ildir ki, ermənilər bizim torpaqlarımıza köçürülüblər və bu çox böyük bir yanlışlıq və xəyant idi. Çünki onları məhz torpaqlarımızı işğal etmək məqsədilə Azərbaycana köçürmüşdülər. Artıq yüz ildir ki, ermənilər bizim xalqa zülm edirlər, qırğınlar, vəhşiliklər, soyqırımlar törədirlər, lakin onlar layiq olduqları cəzaları almayıblar və burda bizim çox böyük səhvlərimiz, təhlükəli laqeydliyimiz və anlaşılmaz insanpərvərliyimiz var. Biz dünya nizamından çox uzaq düşmüşük, odur ki, itkilərimiz çoxdur. Vaxtında ağılla, doğrulara görə həll edə biləcəyimiz işləri görməmişik, odur ki, indi onu daha çətin yolla həll edirik. Biz doğrulardan xəbərsiz olmuşuq, doğruları anlamamışıq, onlara etibar etməmişik, çünki doğru təhsilə, doğru sağlamlığa kifayət qədər diqqət göstərməmişik. Ədalətli olmağı susmaqla, vicdanlı olmağı görməzdən gəlməklə qarışdırmışıq.
Əgər Tanrı bu böyük, anlaşılmaz xaosun içində bir düzən, nizam qurmuşdursa və bu davam etməkdədirsə, deməli, bu ilahi nizama inanmaq, etibar etmək, əməl etmək lazımdır, bu, elə həm də Tanrıya inanmaqdır.
Mehparə Rəhimqızı. Mingəçevir 09.10.20
Şərhlər bağlıdır.