Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daşqın zamanı necə hərəkət etməli?

İlk növbədə əhalini gözlənilən təhlükə barədə xəbərdar etmək, suyun qalxmasına nəzarət etmək, bütün qüvvələri hazırlıq vəziyyətinə gətirmək lazımdır

Daşqın və su basması – quru ərazinin müəyyən hissəsinin təbii qüvvənin hərəkəti nəticəsində su altında qalmasıdır. O əsasən üç səbəbdən əmələ gəlir.

Birincisi – güclü yağışların yağması və qarın intensiv əriməsi;

İkinci – çayların mənsəbində, dənizin sahillərində güclü küləyin su dalğalarını hərəkətə gətirməsi. Bu zaman külək çay ağzında suyun axınını ləngidir, nəticədə çayın səviyyəsi qalxır. Məsələn, 1990-cı ildə iki dəfə – may ayının 3-ü və 11-də Ural çayının Xəzər dənizinə töküldüyü yerdə güclü küləyin yaratdığı hündür dalğalar sanki çayın qabağını kəsərək suyun şişməsinə, geri axmasına səbəb oldu. Nəticədə Quryev vilayətinin 20 km-lik ərazisi daşqına məruz qaldı.

Üçüncü – dəniz və okeanlarda baş verən zəlzələ nəticəsində yaranan sunami dalğalarının sahilyanı əraziləri basmasıdır ki, hadisə bizim region üçün xarakterik deyil.

Sel və daşqına necə hazır olmalı?

Əgər yaşadığınız rayonda tez-tez sel və daşqın baş verirsə, bu zaman:

  • yaxınlıqda olan su basmayan yüksəkliklərin, təpələrin yerini və oraya gedən ən qısa yolları əvvəlcədən öyrənin;
  • sel və ya daşqın xəbərdarlığı olduqda özünüzlə götürəcəyiniz zəruri sənəd, dərman,isti paltar, ərzaq və su ehtiyatını əvvəlcədən çantaya yığıb hazır saxlayın.

Daşqın təhlükəsi zamanı müvafiq qurumlar qabaqlayıcı tədbirlər görürlər ki, daha az ziyan dəysin, xilasetmə işləri üçün əlverişli şərait yaradılsın. Bu məqsədlə ilk növbədə əhalini gözlənilən təhlükə barədə xəbərdar etmək, suyun qalxmasına nəzarət etmək, bütün qüvvələri hazırlıq vəziyyətinə gətirmək lazımdır. Bəndlərin, sədlərin, körpülərin vəziyyəti yenidən yoxlanılmalı, çatışmazlıqlar aradan qaldırılmalıdır. Əgər ehtiyac varsa, yeni bəndlər salınmalı, təpələr yaradılmalı, su çəkən kanallar qazılmalı, digər hidrotexniki qurğular inşa olunmalıdır.

Bir şeyi unutmaq olmaz ki, daşqın təhlükəsi artarsa, onda ehtimal olunan zonada müəssisə, təşkilat, ali və orta məktəblər, məktəbəqədər tərbiyə ocaqlarının fəaliyyəti dayandırılmalıdır. Uşaqlar evlərinə göndərilməli və ya təhlükəsiz yerə köçürülməlidir.

Evakuasiya – insanların həyatını qorumaq üçün ən vacib amillərdəndir. Bu məqsədlə hər cür üzən vasitələrdən – sal, qayıq, kiçik gəmi, barj və s. istifadə edilməlidir.

Qayığa və katerə bir-bir minmək lazımdır. Hərəkət zamanı yerini dəyişmək, bortda oturmaq, yellənmək olmaz. Yanalmadan sonra böyüklərdən biri sahilə çıxaraq hamı düşənə qədər qayığın bortundan tutub saxlayır.

Əgər üzmə vasitələri yoxdursa, əl altında olan və batmayan hər hansı vasitədən – çəlləkdən, şalbandan, qapı tayından, taxta löhvədən, avtomobil şini və s. istifadə edilə bilər. Uşaqlara onların üstündə üzməyə ancaq böyüklərin iştirakı ilə icazə verilməlidir.

Bəs daşqın sizi çöldə, meşədə haqlayıbsa nə etməli, necə davranmalı?

-Təcili olaraq hündür yerə çıxmalı, meşədə isə iri qol-budaqlı ağaca qalxmalısınız.

Batan adamın başından, çiyinlərindən, əllərindən tutaraq üzüüstə çevirmək və sahilə üzmək lazımdır.

Əgər qayıq varsa zərərçəkənə axına qarşı, küləkli havada isə küləyə qarşı üzməklə yaxınlaşılmalıdır. Onu arxa tərəfdən tutaraq sudan çıxarmaq lazımdır. Daha sonra ləngimədən ilkin tibbi yardım göstərilməlidir.

Sel və daşqından sonra davranış qaydaları:

su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;

evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan işığı yandırmayın, kibrit və digər od mənbələrindən istifadə etməyin;

yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibil və heyvan leşini mümkün qədər tez yığışdırıb həyət və evi təmizləyin,içməli su mənbəyindən isə müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.