Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Daşqın təhlükəsi zamanı nə etməli?

Fövqəladə Hallar Nazirliyi təhlükə zamanı davranış qaydlarını izah edir

350

Son illər baş verən qlobal iqlim dəyişikliyi dünyanın müxtəlif bölgələrindəki çaylarda və göllərdə, o cümlədən su vadilərində daşqın təhlükəsini nəzərə çarpacaq dərəcədə artırıb. Ümumiyyətlə, sel və daşqınların baş verməsinə səbəb çaylarda, göllərdə və dənizlərdə suyun səviyyəsinin mövsümi və ya qəflətən qalxması, eləcə də dağlarda intensiv qar əriməsi, uzunmuddətli yağan yağışlar nəticəsində yaranan bol sululuq hesab olunur. Bu səbəbdən də daşqınların baş verdiyi bölgələrdə yaşayan insanlar hər zaman sel və daşqın ehtimalına öncədən hazırlıqlı olmalıdır.

Belə ərazilərdə məskunlaşan insanlar əvvəlki illərdə daşqın sularının yayılma sərhədlərini, suların çatmadığı əraziləri yadda saxlamalıdırlar. Mühüm sənədlər, isti əşyalar, ərzaq və dərmanlar rahat və əlçatan yerdə saxlanmalıdır. Daşqın baş verdikdə ailə üzvləri, qonşular və ətrafda yaşayan digər sakinlər dərhal xəbərdar edilməlidir. İlk növbədə uşaqlara, əlillərə və qocalara yardım göstərilməlidir.

Daşqınla bağlı təhlükə siqnalı aldıqda durmadan lazımi əşyaları, ərzaq və su ehtiyatını götürüb əvvəlki illərdə daşqınların çatmadığı təhlükəsiz zonaya tərəf hərəkət edilməlidir. Evi tərk etdikdə elektrik, qaz və su xətləri bağlanmalı, soba və buxar sistemləri söndürülməli, əşyalar yuxarı mərtəbələrə daşınmalıdır. Evdən çıxdıqda qapı və pəncərələr bağlanmalıdır. Ev heyvanları saxlanılan damların qapı cəftələri açılmalıdır. Evdən çıxa bilmədikdə isə yuxarı mərtəbələrə və evin damına qalxın, durmadan xilasedicilərə fəlakət işarələri verin. Xüsusilə gecə saatlarında fənər, fişəng və yanar vasitələrdən istifadə etmək olar. Vaxt imkan verirsə qiymətli ev əşyalarını təhlükəsiz yerə aparın. Müvəqqəti siğınacaq kimi evlərin damlarından, hündür konstruksiyalardan və ağaclardan istifadə edin. Xilasedicilərin bütün əmrlərini dəqiqliklə yerinə yetirin.

Bu zaman təlaşa yol verməyin. İstifadə etdiyiniz və ya köməyə gələn üzmə vasitələrini həddindən artıq yükləmək olmaz. Suya düşdükdə hərəkətlərinizi məhdudlaşdıran ayaqqabılarınızı və paltarlarınızı dərhal çıxarın. Suyun axarı ilə bucaq altında üzərək sahilə doğru çıxın. Suda batan insan gördükdə ona dərhal su üzərində qalabiləcək əşya atın, onu ruhlandırın və ətrafdakıları köməyə çağırın. Suya ancaq özünüzə arxayın olduqda girin və batan insanı çıxarmağa cəhd edin.

Daşqın təhlükəsi zamanı xilasetmə işlərindən sonra yaşadığınız yerə qayıdarkən davranış qaydalarına da ciddi əməl olunmalıdır. Belə ki, daşqın hadisəsindən sonra evinizə qayıdarkən yüksək gərginlikli elektrik xəttlərindən, uçmuş tikililərdən və sınmış ağac budaqlarından özünüzü qoruyun. Evinizin dayanıqlığına əmin olmadan mənzilə girməyin. Mənzilə yığışmış qazların çıxarılması üçün otaqları havalandırın. Daşqın suları ilə təmasda olmuş quyu və boru suyundan, eləcə də ərzaqdan istifadə etməyin. Mütəxəssislərdən icazəsiz qazdan və elektrikdən istifadə etməyin. Tələf olmuş heyvan leşlərindən uzaq durun. Onların yığışdırılması ilə xüsusi qruplar məşğul olmalıdır.

Unutmayın ki, güclü sel və daşqın zamanı düzgün davranış sizin səhhətinizi və həyatınızı qoruyar!

FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.