“Danışan rənglər”in Mingəçevirdə sərgisi təşkil olunub
Iyunun 8-də Mingəçevir Dövlət Rəsm Qalereyasında meksikalı rəssam Margarita Moralesin “Rəngin simfoniyası” adlı sərgisi açılıb. Sərgi Meksikanın Azərbaycandakı səfirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mədəniyyət vəTurizm Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirin nəinki sənaye və energetika üzrə, həm də təhsil və mədəniyyət sahələri üzrə də tanındığını deyib. O, sərginin təşkili üçün Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardiniyə təşəkkür edib, rəssama uğurlar diləyib: “Mən sərginin hamı üçün maraqlı olacağına inanıram. Bilirəm ki, Marqarita xanım Azərbaycanda 5 rəsm çəkib. Xahiş edərdik ki, o, Mingəçevirdə də bir rəsm çəkib nümayış etdirsin”.
Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini çıxışını azərbancanca edıb. O, bir il öncə Azərbaycanda səfir kimi fəaliyyətə başladığını və Meksikanın mədəniyyəti, tarixi, mətbəxini təbliğ etmək üçün 30-dan çox tədbir həyata keçirdiyini deyib. Səfir hər iki ölkənin oxşar mədəniyyət və təbiətə malik olduğunu, bu sərginin müəllifi Marqarita Moralesin Londonda təhsil aldığını söyləyib: “Onun əsərlərində rənglər danışır. Rəsmlərdəki çalarlar bizi tanımadığımız dünyaya aparır. Onun rənglərinin simfoniyası ilə güllərin rəqsini seyr edirik. Qırmızı, sarı, narıncı və başqa rənglər birlikdə simfoniya yaradır. Rəngsiz həyat olmazdı. Marqarita bu rənglər simfoniyasını qorxmadan həyat konsertinə çevirib”.
Marqarita Morales Mingəçeviri, onun insanlarını, təbiətini və mətbəxini xoşladığını deyib: “Mingəçevirdən sonra yeni əsərlərim olacaq. İnanıram ki, sərgim xoşunuza gələcək”.
Sərgidə iştirak edən ictimaiyyət nümayəndələri rəssamın nümayiş olunan əsərlərinə baxıb, Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini və müəlliflə xatirə şəkilləri çəkdiriblər. Meksika mətbəxindən olan təamlar və içkilər hamının marağına səbəb olub.
Şərhlər bağlıdır.