Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Dərdimə dəymə…”

Səbirə xalanın 54 yaşı var. Şəkər xəstəsi olduğu üçün onun gözləri yaxşı görmür. Özünü dolandırmaq üçün hər gün isti-soyuq demədən küçədə oturur və insanlardan kömək diləyir. Ondan soruşdum ki, siz belə havada, bu vəziyyətdə nə üçün burada oturursunuz? O, “Dərdimə dəymə” – deyə ağlamağa başladı.

Dediklərindən məlum oldu ki, Səbirə xala əslən kəlbəcərlidir. O, gəncliyində mühasib ixtisası üzrə təhsil alıb və işləyib. Qarabağ müharibəsi zamanı ailəsi ilə Mingəçevirdə məskunlaşıb. Onun 34 yaşı olanda evlərində yanğın baş verib və o, həyat yoldaşını itirib. Özü isə qorxudan şəkərli diabet xəstəliyinə düçar olub. Satıcılıq edib, çətinliklə iki oğlunu böyüdüb, hərbi xidmətə də yola salıb. Övladlarının hazırda 20 və 25 yaşları var.

Səbirə xala övladlarını yaxşı evdə böyütmək istəyirdi

9 ildən artıqdır ki, tikdirmək istədiyi evi ustaların “məsuliyyəti” sayəsində hələ də başa çatdıra bilmir. Səbirə xalanın dediyinə görə, evin tikintisinə hələ övladlarının kiçik yaşlarından başlanıb. O, deyir ki, tikinti materialları əskik şəkildə evin inşasına sərf olundu: “Uşaqların birinin beş, digərinin isə 10 yaşı vardı. Ustalara etibar edib, lazım olan hər şeyi verdim ki, evi tiksinlər. Onlar satdıqlarını satdılar, qalanına tikdikləri ev isə indi uçur, çox pis vəziyyətdədir”. Qadın hazırda evi yenidən təmirə verib, övladları artıq böyüdüklərindən bu işin öhdəsindən gələ bilirlər. (Müsahibim övladları və ustaların adlarını çəkmək istəmədi).

“Gündəlik qazandığım qəpik-quruş çörək puluma yetir”

“Sizə kimsə kömək göstərirmi?”- sualıma Səbirə xala belə cavab verdi: “Kömək edənlər var, çox sağ olsunlar, ərzağa, dərman almağa kömək edirlər. Gündəlik qazandığım qəpik-quruş da çörək puluma yetir”. İş qabiliyyətini, sağlamlığını itirən xalanın yaşı təqaüd yaşına çatmadığından o, dörd ildir ki, dilənməyə məcbur qalıb. Ətrafdakı insanlar da onu tanıyır və ehtiyacını ödəməyə yardımçı olurlar. Ananın dediyinə görə, övladları ara-sıra iş olanda usta kimi çalışırlar.
Səbirə xala tez-tez vəziyyətinin pis olduğunu və insanlardan kömək istədiyini söylədi. Mən onun yanından ayrılanda, o, yenə də yoldan ötənlərə səslənirdi: “Allahın yolunda, kömək edin”.

Çarəsiz insanlara sağlığında sahib çıxmağı bacaraq.

Artıq bir neçə gündür ki, həmin yerdə onu görmürəm. Maraq məni üstələdi və onun oturduğu yerə yaxın olan dükanda satıcı işləyən qadından soruşdum. Öyrəndim ki, Səbirə xala vəfat edib. Ailəsi, qohumları haqqında heç bir məlumat ala bilmədim. Tək öyrəndiyim isə o oldu ki, bir vaxtlar təhsilli, imkanlı olub, işləyib. Sonradan isə xəstəliyə tutulub, vəziyyəti çətinləşib.

Ağsu rayon Sübhan Şükürov adına tam orta məktəbin müəllimi Nərgiz Abdurahmanova deyir ki, yaşlı insanların dilənməyini çox insan qınayır, çoxusu isə onlara biganə yanaşır. Həmin qocaların ehtiyac üzündən qatlaşdığı çətinliklər göz önündədir. Nərgiz xanımın dediyinə görə, dilənməyə məcbur olan yaşlıların sayı az deyildir, həm təhsilə malik olmadıqlarına görə işlə təmin oluna bilmirlər, həm də təqaüd yaşına çatmadıqlarından dilənməyə məcbur olurlar.

 

Şərhlər bağlıdır.