QHT

Çoxmənzilli binaları özümüz idarə edə bilərikmi?

Bununla bağlı Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi yeni layihəsinin icrasına başlayır

“Bu gün çoxmənzilli binaların idarə olunmasında, o cümlədən əmlak vergisinin  toplanmasında kifayət qədər problemlər qalmaqdadır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsinin tələbinə görə, mənzil fondu mənzil mülkiyyətçilərinin  müştərək müəssisələri tərəfindən idarə oluna bilər. Bu sahədə əhalini maarifləndirilməsi  həmin mənzillərin saxlanmasında dövlətin yükünün  azalmasına, eyni zamanda bələdiyyələrin əmlak vergisi toplamasında problemlərinin aradan qalxmasına  şərait yaradacaq”.

Bunu mi-news.az  səhifəsinə Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fərman Nəbiyev  bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat  may ayından Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” mövzusunda yeni layihəsinin icrasına başlayacaq: “Layihə çərçivəsində məhəllə komitələrində seminarlar, aktiv insanların iştirakilə ümumşəhər toplantısı, 1 məhəllədə binaların idarəedilməyə verilməsi ilə bağlı yığıncaq keçiriləcək, qazanılmış təcrübə yerli TV vasitəsiə yayılacaq. Bununla da yerli insanların  yaşadıqları binaların idarəedilməsinə həvəsi artırılacaq. Layihənin icrası digər rayonlardakı bələdiyyələr və məhəllə komitələri üçün təcrübə qazanmaq imkanı yaradacaq.  Bu işdə bizə   Mingəçevir Bələdiyyəsi kömək edəcəl. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı isə təcrübəli ekspert kimi layihədə çalışacaq”.

F.Nəbiyev onu da dedi ki, layihəyə cəlb olunanlar layihə müddətində və ondan sonra öz yaşadıqları ərazidə icmanı səfərbər etməyə nail olacaq, çoxmənzilli yaşayış evlərinin sahə mülkiyyətçiləri tərəfindən idarə edilməsi prosesinə başlanmasını, əmlak vergisi toplanmasını sürətləndirəcəklər: “Onların hər biri təxminən 90-100  ailə ilə öz məlumatlarını  bölüşəcək. Öz binasının idarəçiliyini öhdəsinə götürmək istəyən insanlara məsləhət veriləcək, yardım olunacaq. Gələcəkdə bu insanlar şəhərin idarəçiliyinə də maraq göstərəcək, bu da bələdiyyədə və digər qurumlarda aktiv insanların iştirakının artmasına gətirib çıxaracaqdır. Problemlərin müzakirə edilməsi  hökumətin bu məsələyə diqqətinin artmasına da  təsir edəcəkdir”.

Layihə 2016-cı ilin may-sentyabr aylarında icra olunacaq.

Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close