“Çin İranda 5 minə qədər hərbçi yerləşdirəcək”
“2016-cı ildə bu məsələ ilə bağlı söz-söhbət var idi. İnqilabdan sonra, İran-İraq müharibəsi bitəndən sonra Tehran daha çox Çin və Hindistanla əlaqələrini genişləndirdi.
Hakimiyyət diplomatik münasibətləri, iqtisadi əlaqələri Çin və Hindistanla qurmağa çalışırdı. Çünki Çin ABŞ-la rəqabət aparırdı və qarşıdurma vəziyyətində idi. Sonrakı dövrlərdə iş o yerə gəlib çatdı ki, İranda sahibkarlar onlara verilən pulu istehsala deyil, Çindən ucuz qiymətə gətirilən mallara xərclədilər.
Çünki ölkədə avadanlıq köhnə olduğundan onların istehsal etdiyi məhsul baha başa gəlirdi. Bununla da İran bazarına Çin sürətlə girməyə başladı. Prezidentlər Əli Əkbər Haşimi Rəfsancani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad dövründə, Çinin İran iqtisadiyyatına müdaxiləsində üstünlükləri artdı.
Bu gün bu proses davam edir. Bir müddət öncə İran iqtisadiyyatının 40 faizinin Çinin nəzarətində olmasına dair məlumatlar yayılırdı. 2016-cı ildə Çinlə İran arasında həmin bu 25 il müddətinə müqavilə ilə bağlı sənədlər imzalanmışdı.
O sənəd Çinin enerji müqaviləsi sayılırdı. Anlaşma “İranla Çin arasında strateji əməkdaşlıq çərçivəsində yol xəritəsi” adlanırdı. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Çinə səfər etmiş və müqavilə imzalanmışdı. İranın neft-qaz və kimya sənayesinə 280 milyard dollar sərmayə qoyulması nəzərdə tutulurdu.
Bu, 5 il bundan qabaqkı dövr üçün az rəqəm deyildi. 2015-ci ilin yayında atom-nüvə proqramı ilə bağlı “6-lıq”la İran arasında əhatəli, birgə fəaliyyət planı imzalanmışdı. Tehran güman edirdi ki, Çinlə 280 milyard dollarlıq müqavilə İran iqtisadiyyatını xeyli qabağa salacaq. Eyni zamanda bu, Çinə də sərf edirdi.
Həmin anlaşmaya görə Çin İrandan neft-qaz və neft-kimya məhsullarını 12 faiz ucuz ala biləcəkdi. İran suda boğulan saman çöpündən yapışan kimi Çindən yapışır. Çin də özünə sərf edən şərtləri irəli sürür. Tehranın sonrakı mərhələdə niyyəti həm də İran iqtisadiyyatına 400 milyard dollarlıq sərmayənin qoyulmasıdır.
Bundan başqa Çin İranda sərmayə qoyacağı ərazilərin təhlükəsizliyini təmin etmək üçün 5 minə qədər hərbçi yerləşdirəcək. Bu, o deməkdir ki, İran ərazisində xarici ölkənin hərbçisi yerləşdiriləcək. Bütövlükdə o anlaşmada 100-ə yaxın layihə var.
Anlaşma İran iqtisadiyyatının bütün sahələrini: telekommunikasiya, bank, dəmiryolu, geyim istehsalına qədər hər şeyi əhatə edir. İranda ölkənin gələcəyini düşünən insanlar bu müqaviləyə qarşı çıxırlar. Onlar hesab edirlər ki, İranın bütün neft sənayesini Çin satın alacaq”.
Belə mövcud hakimiyyət özünü qorumaq üçün bütövlükdə İranı az qala Çinə təslim edir. Çin İranda bütün sahələrə nəzarət edə biləcək.
Bu isə çox qorxuludur. XX əsrin əvvəllərində İran iqtisadiyyatı Məhəmməd Rza şahın hakimiyyətə gəlməsi ilə ingilislərin əlinə keçdi. II dünya müharibəsindən əvvəl faşist Almaniyasının əlinə keçdi. Müharibə bitəndən sonra SSRİ İranı öz nüfuz dairəsinə böldü.
1950-ci illərdən sonra İran iqtisadiyyatı bütövlükdə ABŞ-ın əlinə keçdi. 1979-cu il islam inqilabından sonra İran iqtisadiyyatı qeyri-müəyyən vəziyyətə düşdü. Buna səbəb isə İranın o vaxtkı ali rəhbəri, inqilabın lideri Ayətullah Xomeyninin “üçünçü yol” nəzəriyyəsi idi.
O deyirdi ki, biz nə Şərqdənik, nə Qərbdən, bizim öz yolumuz var. Bax, bu “üçüncü yol” İran iqtisadiyyatını bərbad vəziyyətə qoydu. Çinlə bağlı anlaşmada həmin o “üçünçü yol” nəzəriyyəsinin bərbad olmasını təsdiq etdi. Çin İran iqtisadiyyatını alıb.
Bu, perspektivdə İranın bir dövlət kimi təhlükəsizliyinə də zərbə vura bilər. İranın mövcudluğuna da problem yarada bilər. Çin İrana qarşı beynəlxalq təşkilatlarda heç bir etiraz edə bilməyəcək. Niyə? Çünki ölkənin bütün iqtisadiyyatı Çinin nəzarəti altındadır və Çin bir qədər kobud səslənsə də, İranı sanki özünün bir ərazisinə, müstəmləkəsinə çevirir.
Dünyada belədir:iqtisadiyyat kimdən asılıdırsa, dövlət də ondan asılıdır. Bu yolla İran iqtisadiyatının ipi Çinin əlinə keçir. Sabah, biri gün Çində uyğur türklərinin, müsəlmanların haqqlarının tapdanmasına qarşı İran etiraz edə bilməcəyək. Çünki boğazı Çinin əlindədir”.
Çin Qərblə anlaşsa, İran üçün təhlükə yaranacaq. İran Qərbin sanksiyalarına məruz qalmış iki dövlətdən biridir. Rusiya Ukrayna məsələsinə görə, sanksiyalara məruz qalır, İran isə daha çox atom-nüvə proqramına görə. Həm Rusiya, həm İran özünə axıra kimi Çini bilir, Çinə sarı yıxılırlar.
Çin dünyanın ən böyük iqtisadiyyatı olan ikinci dövlətdir. Az qala bir sıra məqamlarda ABŞ-ı da keçərək birinci olur. Dünyada Qərbin blokuna qarşı Çin başda olmaqda Rusiya və İran mərkəz yaratmağa çalışır. Perspektivdə Çin Qərblə anlaşmayacağı təqdirdə Rusiya və İrana zərbə vura bilər.
Yaxud perspektivdə Qərbin sanksiyaları 3 dövlətin üçünə də eyni zamanda tətbiq oluna bilər. Bu isə Çin iqtisadiyyatına təhlükə deməkdir. Çin iqtisadiyyatı təhlükə ilə üzləşərsə bu, İran iqtisadiyyatını da tənəzzülə apara bilər.
İrandakı etirazlar cəmiyyətin baş verənlərə təbii reaksiyasıdır:
Çinlə müqavilənin xeyir-duasını dini rəhbər ayətullah Seyidəli Xamneyi verib. Nazirlər Kabinetinin başında dayanan prezident Həsən Ruhani də bunu icra edir. Sənədin imzalanmasında da Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edib.
Hakimiyyətin qorunmasında, ömrünün uzanmasında daxili ixtilaf görünmür. Etirazlar daha çox ölkənin daxilindəki ayıq qüvvələr, ölkənin qorunmasını, Qərblə əlaqələrin kəsilməsinə qarşı çıxanların aksiyasıdır. İran toplumu Yaxın Şərqdə ən ayıq cəmiyyətdir. İran cəmiyyəti məsələləri daha həssas qiymətləndirə bilir. İqtisadiyyat birtərəfli inkişaf edəndə problemlər yaranır.
Ona görə də ağıllı ölkələr öz iqtisadiyyatlarını çoxşaxəli inkişaf etdirməyə, əlaqələri çoxşaxəli qurmağa çalışırlar. Mövcud hakimiyyət isə ölkənin iqtisadiyyatını aparıb Çinin ayağına bağlayır. Bu, o deməkdir ki, İran iqtisadiyyatı Qərbdən uzaqlaşacaq. Çin İranı hara istəsə ora sürüyəcək. Bu çox təhlükəlidir.
Etirazlar müqavilə imzalanan gündən davam edir. Hesab edirəm ki, İranda etirazlar arta bilər. Çünki bu çox təhlükəli oyundur. Ölkə iqtisadiyyatını əcnəbilərə 25 illiyinə icarəyə vermək çox təhlükəlidir. Bu, İran üçün yaxşı heç nə vəd etmir.
Bu yaxınlarda ABŞ və Avropa İttifaqının İrana sanksiyalar tətbiq etməsi, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirməsi, Çinlə ABŞ arasında münasibətlərin gərginliyi fonunda bu, İran üçün çox təhlükəli görünür”.
Sədrəddin Soltan,
Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri,
politoloq
Şərhlər bağlıdır.