Çilinin ölkəmizdəki səfiri ilk səfərini Mingəçevirə edib
Çilinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Qabriel Xara Mingəçevir şəhərində səfərdə olub. O, öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Başçı qonağı Azərbaycanın energetiklər, turizm və sənaye şəhəri olan Mingəçevirdə görməkdən məmnun olduğunu bildirib, ona şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı, eyni zamanda turizm bölgəsinə çevrilməsi barədə məlumat verib.
Səfir Mingəçevir şəhəri ilə dostluq münasibətləri qurmaq niyyətində olduğunu vurğulayıb. İlham İsmayılov qonağa bildirib ki, Mingəçevir bir neçə xarici ölkələrlə dostluq, qardaşlıq münasibətləri qurub: ”Biz bu münasibətlərdən qaçmırıq, əsas odur ki, səmərəli münasibətlər qurulsun, yəni təkcə müqavilə imzalamaqla iş bitməsin, uyğun gələn əməkdaşlığın ayrı-ayrı hissələrinin gələcək inkişafı davamı olsun”.
Çilinin Azərbaycandakı səfiri Qabriel Xara qəbula görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, o, ilk səfərimi bu şəhərə edir: ”Artıq Azərbaycanda olduğum müddətdən 1 il keçir, inaıram ki, bu şəhərlə sərfəli dostluq, əməkdaşlıq münasibətləri qurulacaq”.
Sonda qonaq özü ilə gətirdiyi hədiyyəni icra başçısına təqdim edib, xatirə şəkli çəkdirib.
Şərhlər bağlıdır.