Cavanşir Yusubov: “Moskva Bəyannaməsi 10 noyabr tarixli müqavilədə əskini tapan məsələlərin həlli istiqamətində Azərbaycana əlavə təsir imkanları qazandırır”
Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımızın təmin olunmasının ən böyük qarantıdır. İlk növbədə qeyd etmək lazımdır ki, məhz dövlət başçımızın yürütdüyü balanslı və praqmatik xarici siyasətin nəticəsi olaraq 44 günlük Vətən müharibəsi zamanı Rusiya Ermənistan tərəfinin bir çox amillərdən istifadə etməklə bu ölkəni öz tərəfinə çəkmək cəhdlərinə baxmayaraq təmkinli davranış sərgilədi və neytrallığını saxladı. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi.
Eyni zamanda da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir və bu açıqlama Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək yolunda ölkəmizə mühüm dəstək oldu. O cümlədən fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamədə həm 10 noyabr, həm 11 yanvar, həm də 16 noyabr tarixli üçtərəfli görüşün nəticələrinə əsasən imzalanmış tarixi bəyanatların müddəalarının realizə edilməsi istiqamətində səylərə bundan sonra da hər cür dəstək verilməsi məsələsi bir daha vacib şərtlər kimi öz əksini tapır.
Həmçinin qeyd olunmalıdır ki, Moskva Bəyannaməsində BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Eyni zamanda bu sənəd 10 noyabr tarixli müqavilədə əskini tapan məsələlərin həlli istiqamətində Azərbaycana əlavə təsir imkanları qazandırır. Başqa sözlə desək, Azərbaycan sülh proseslərinin gedişatını ləngitməyə çalışan revanşist qüvvələrə qarşı Rusiya tərəfindən daha konkret addımlar atılacağını gözləyə bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, sözügedən sənədin hazırlanması yeni bir xəbər deyil. Bununla bağlı Prezident İlham Əliyev həm 2020-ci il 10 oktyabr tarixində RBK telekanalına verdiyi müsahibədə, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə xalqa müraciətində anons vermişdi. Dövlətimizin başçısı açıq-aydın demişdi ki, Rusiya ilə əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Yəni, Prezident İlham Əliyevin Rusiyaya səfəri uzun müddət idi ki, planlaşdırılırdı. Bu sənədin regionda gedən son proseslərlə əlaqəsi mövcud deyil. Azərbaycan müstəqil siyasət yürüdərək, hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq kontekstində münasibətlər qurur.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir, ölkə olaraq heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri dinamik və yüksələn xətlə inkişaf etdirir. Azərbaycan hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində əməli və konkret addımlar atır. Rusiya və Azərbaycan Prezidentlərinin fevralın 22-də imzaladıqları Bəyannamə bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əlaqələri yüksək inkişaf tempinə malikdir, heç bir xarici qüvvə bu münasibətlərin inkişafına mane ola bilməz. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.
Belə bir vacib məqamı da nəzərə almaq lazımdır ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir regional konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları isə Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, həm 2021-ci ilin 15 iyun tarixində Şuşada Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğann imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”, həm də bu il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bu yeni konfiqurasiyanın mövqelərini daha da möhkəmlətmiş olur. Hər iki Bəyannamə Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi məqsədinə xidmət edir. İmzalanan Bəyannamələr ölkələrimiz arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açacaq. Bəzi maraqlı şəxslərin, siyasi qrupların bu müqavilənin mahiyyətini təhrif etməsi, onun Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı iddialarının heç bir əsası mövcud deyil. Bu kimi iddialar sənədin mahiyyətini dərk etməmək və yaxud qərəzli şəkildə onun haqqında yanlış rəy formalaşdırmaq cəhdinin nümayişidir.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Şərhlər bağlıdır.