Cavanşir Yusubov: “Heydər Əliyev Tanrının xalqımıza bəxş etdiyi nadir şəxsiyyətdir”
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edib. Millətini canından artıq sevən Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur.
Viktor Mari Hüqo deyib: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün, ölkəmiz Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı böhran vəziyyətindən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969-cu ilin 14 iyul tarixində Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyə sığmaz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu.
“Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” deyən, otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevin əli ilə bağışlamışdır. 1993-cü ildə ”Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dövrün diktəsi idi.
Hamımızın gördüyümüz, amma hamımızın eyni cür duya və dərk edə bilmədiyimiz Heydər Əliyev bütün dünya azərbaycanlılarının – 50 milyonun ömrünü yaşayan, ömrü xalqının olan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir. Odur ki, milli sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə – doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.
Azərbaycanın dünya miqyasında tanınması, hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, “Əsrin müqaviləsi” ilə Qərbi öz tərəfinə çəkə bildi və Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.
Ümumiyyətlə, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu irsin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə ötürməliyik.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs, lider kimi təsdiq etmiş Ulu Öndər, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi. Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, insan hüquq və azadlıqlarının qorunmasının əsas məqsədlərdən biri olması, respublikamızın ərzaq təhlükəsizliyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması və nəhayət erməni faşizmi üzərində taruixi qələbə ilə ərazi bütövlyümüzün təmin edilməsi bu gün reallıqdır və hər bir vətəndaşın fəxr edə biləcəyi həqiqətdir.
Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Şərhlər bağlıdır.