Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tərbiyə, yoxsa təlim…

Kurikulumun tələbi nə idi və niyə alınmadı?

1. 335

Gəlin özümüzü və bir-birimizi aldatmayaq, tərbiyə məsələsi bizdə heç cür alınmır. Tərbiyənin nə məna ifadə etdiyini heç kim doğru-düzgün anlamır, ona görə də İllərdir ki, bu sözün yaratdığı yanlışlar ilə heç nəyə nail ola bilmirik. Deyəcəksiniz ki, onda uşaqlara tərbiyə verməyək, hər kəs bildiyini eləsin? Onsuz da belə deyilmi, hər kəs istədiyi kimi özbaşınalıqlar etmirmi? Əgər tərbiyə  deyə bir şey varsa, niyə heç bir yaxşı  təsiri, yaxşı nəticələri və mühüm rolu yoxdur?  Tərbiyə deyəndə hamı düşünür ki, valideyn uşağına tərbiyə verməlidir və onu ağıllı, mədəni, üzüyola, sakit, ədəbli bir uşağa çevirməlidir( Onu da deyim ki,  bu fikir, bu düşüncə insanları valideynə sehrbaz kimi baxmağa vadar edir). Valideyn bunu bacarmadıqda  isə uşaq tərbiyəsiz, valideyn də günahkar olur, cəmiyyət də belə ailələrin günahı üzündən inkişaf edə bilmir, məktəblərdə intizamsızlıqlar artır, insanların  münasibətləri ailə-məhəllə münasibətlərindən o tərəfə keçə bilmir, intiharlar, qətllər baş alıb gedir…

Bəs niyə belə olur və əslində necə olmalıdır?

Bu günə qədər anladığımız tərbiyə sözünü hələlik bir kənara qoymaq lazımdır, çünki bu şəkildə işimizə yaramır. Əksər valideynlər uşağına şəxsiyyət kimi deyil, heç nədən xəbəri, bilgisi, bacarıqları olmayan, qanmaz bir varlıq kimi baxır. Onu tərbiyə edərkən də, guya onu öyrətməyə “çalışır”, onu daimi olaraq hər hərəkətinə görə danlayır, üstünə qışqırır, döyür, ona nəinki yaxşı heç nə öyrətmir, əksinə onun mənliyini, heysiyyətini tapdalayaraq uşağı korlayır. Tərbiyə verənin məqsədi uşağı tərbiyə etmək olsa da, əslində onun konkret heç bir üsulu və vasitələri olmur, uşağa nəyi və necə öyrədəcəyini bilmir.

Tərbiyə deyil, bəlkə təlim sözünü  anlamağa çalışaq? İstənilən canlıya  təlimlə müxtəlif hərəkətlər öyrətmək olur, hətta aslana, pələngə, filə, timsaha belə təlim keçmək olur. Lakin burda incə bir məqam var, bu da ondan ibarətdir ki, təlim zamanı heç bir canlı öz xasiyyətini dəyişmir, sadəcə, hansısa qaydalar, vərdişlər qazanır və onlara əməl edir. Təlimin də tərbiyədən əsas üstünlüyü məhz budur. Yəni, təlim verərkən qarşındakının xasiyyətini dəyişməyə çalışmadan, şəxsiyyətinə toxunmadan ona müəyyən qaydalar öyrədirsən. İnsan üçün bu hal çox vacibdir, çünki hər bir insan öz xasiyyəti, bacarıqları ilə doğulur və zaman keçsə də heç bir halda, heç kimə görə xasiyyətini dəyişmir, təəssüf ki, bunu da heç zaman anlamaq istəmirik, anlamadığımız üçün də “verilən tərbiyənin” heç bir nəticəsi, özü də yaxşı nəticəsi olmur. Bu da tərbiyənin uğursuzluğa düçar olmasının başlıca səbəbidir, çünki tərbiyənin məqsədi insanı dəyişməkdir.  Təlimdə isə insanın, yaxud uşağın xasiyyətinə toxunmuruq, yəni onun şəxsiyyətinə hörmətlə yanaşırıq, sadəcə olaraq ona anlatmağa çalışırıq ki, müəyyən qaydalara hamı əməl etməlidir və biz də uşaqların bu qaydaları öyrənməsinə çalışırıq, buna şərait yaradırıq. Hər bir uşaq kiçik yaşlardan təlim edilməli, onlara davranış qaydaları, ünsiyyət formaları, nəzakətli və mədəni olmaq öyrədilməlidir, əks halda nələrin baş verə biləcəyi aydınlaşdırılmalıdır. Deməli təlim, uşaqlara evdə, məktəbdə, nəqliyyatda, küçədə və hər yerdə necə davaranacağı haqqında bilgi verməkdir. Yəni, uşaqların xasiyyətini öyrənməklə yanaşı, onlara çox diqqətli və yaxşı davranmaq lazımdır ki, uşaq da yaxşı davranışın nə olduğunu öyrənsin.

Növbəyə dura bilməmək, zibilləri hara gəldi atmaq, sinifdə ədəbsiz davranıb dərsi pozmaq, kobudluq etmək, başqalarına sataşmaq, acılayıb təhqir etmək, ucadan danışmaq, tum çırtlayıb hər yerə tökmək, musiqinin səsini yüksəldib qonşuları narahat etmək və sair insanın xasiyyəti ilə deyil, daha çox ədəb, nəzakət qaydalarını, hüquq və vəzifələrini bilməməsi və insanların bunlara əməl etməyin çox vacib olduğundan xəbərsiz olması ilə bağlıdır. Eyni zamanda, bu qaydalara əməl etmədikdə hansı cəzaları ala biləcəyini də bilməsi vacibdir.

 Hər bir insan vəzifələrini və hüquqlarını bilməlidir, istər təlim verən, istərsə də təlim edilən.

İnsanlar bir-birini  tanımaya və ya sevməyə bilər, ancaq bir-birinə və ətrafına mədəni, nəzakətli, məsuliyyətli davranmaq məcburiyyətindədirlər. İnsan cəmiyyətinin normal olması və birgə yaşamaq üçün bunlara sözsüz əməl etmək lazımdır. İnkişaf etmiş ölkələr bu problemi çoxdan həll ediblər, biz isə hələ də ailələrdə uşaqlara təlim verib onlara lazım olan qaydaları, yəni hüquq və vəzifələrini öyrətmək əvəzinə, onları fikrimizdəki hansısa model fiqura oxşatmağa, guya tərbiyə verməyə çalışırıq və təəssüf ki, onları korlayırıq. Tanrı onsuz da hər birimizi fərd olaraq yaradır, özü də təkrarsız və əvəzolunmaz, hətta barmaq izlərimiz belə bir-birinə bənzəmir. Nədənsə biz fərd olan uşaqlara müəyyən bacarıqları, xüsusliyyətləri, məsuliyyətləri olan şəxsiyyət kimi deyil,  öz istədiyimiz kimi düzəldəcəyimiz bir əşya, oyuncaq kimi baxırıq. Tanrının yaratdığını “yenidən yaratmaq” onu korlamaqdan başqa bir şey deyildir. Cəmiyyətdə hamının əməl etməli olduğu hərəkətlər-qaydalar cəmiyyətin normallığına, rifahına, inkişafına xidmət edir. Kimin hansı xasiyyətdə olmağı onun fərdiliyindən irəli gəlir, geyimi, saçı, qidalanması da onun öz seçimidir və hər kəs şəxsi seçimlərində azaddır, lakin cəmiyyət üçün hamı, xasiyyətindən asılı olmayaraq, vacib qaydalara əməl etməlidir. Bunu isə ilk növbədə başa düşmək, sonra da hələ kiçik yaşlardan, məktəbə gələnə qədər, uşaqlara öyrətmək lazımdır. O ki, qaldı necə öyrədilməldir, bunun üçün də əvvəlcə həm valideynlər, həm də məktəbəqədər təlimin cavabdehləri özləri hüquq və vəzifələrini öyrənməlidirlər. Ailə cəmiyyətin təməlidir və orada baş verənlər cəmiyyətə ötürülür, odur ki, ailə, övladlarının doğru təlim almasında maraqlı olmalıdır, çünki yanlış davranışlar ancaq pis nəticələrə gətirir.

Son dövrlər müəllimlərin, yaxud da hansısa idarə, müəssisə işçilərinin ixtisasla bağlı təlimlərə cəlb olunduğunu eşidirik. Bu format da bizə Avropadan, Amerikadan gəlib və təlimlər Avropanın, Amerikanın yaxşı nəticələrə hesablanmış fəaliyyət, istiqamətləndirmə üsuludur və yəqindir ki, onların təlimə verdiyi yüksək qiymət də bununla bağlıdır. Biz isə bu təlimləri hələ də anlamırıq və təlimin nə olduğunu başa düşmürük, amma başa düşək ki, insan münasibətləri və bu münasibətlərin rol oynadığı insan cəmiyyəti insana-şəxsiyyətə hörmətlə qurulur, inkişaf edir. Biz bir-birimizi tərbiyə edə bilmərik, amma bir-birimizə hörmətlə yanaşaraq, hamı üçün, cəmiyyət üçün vacib qaydalara əməl etməyi öyrənə bilərik. Çünki insanın xasiyyətini dəyişmək mümkün deyildir, amma hamının ümumi qaydaları öyrənməyi mümkündür, ona görə də mümkün olanı seçmək lazımdır. Deməli bizim ölkəmizdə də, hələ kiçik yaşlardan başlayaraq uşaqlarla təlim ənənələrini yaratmaq, onlara hüquq və vəzifələrini öyrətmək lazımdır. Əslində, bu günə qədər də bizim üçün hüquq və vəzifə anlayışları mövcud idi, sadəcə olaraq bunu harda və necə öyrənməkdə çətinliyimiz var idi, təlim anlayışı isə bunu necə edəcəyimizə  kömək edir. Ümid edirəm ki, bunu hamımız, heç olmazsa bundan sonra başa düşməyə çalışarıq, çünki hər bir insan bir şəxsiyyət, hüquqları qorunan, hörmət olunan bir vətəndaş kimi yaşamaq istəyir.

O ki, qaldı Kurikuluma, bu təlim də məktəblərin onu həyata keçirmək üçün yetərli maddi-texniki bazası olmadığından, eyni zamanda, təlimin ideyasının, yəni şəxsiyyətin toxunulmaz olması düşüncəsinin həm məktəbəqədər təlimdə və davamı olaraq da ailələrdə həyata keçirilməsinin vacibliyi  dərk edilmədiyi üçün uğursuzluğa düçar oldu.

Mehparə Rəhimqızı

 

 

Şərhlər bağlıdır.