Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı keçirilib.
2019-cu ilin avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir.
Filmin hazırlanmasına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Gəncə, Kəlbəcər, Zəngilan, Ağdam, Bərdə rayonu ictimaiyyətinin nümayəndələri dəstək olub.
Filmin ssenari müəllifi və rejissoru Baku Film School Productionun direktoru Əvəz Həsənovdur. Onun sözlərinə görə, bu kimi filmlərin çəkilməsi üçün geniş imkanlar var, lakin istifadə olunmur: “Təəssüf ki, beynəlxalq auditoriyaya Azərbayacanda çətinliklər içində yaşayan məcburi köçkün obrazını tanıtmayıblar. Eyni zamanda dünya ictimaiyyəti kiçik bir dövlətin 1 milyona yaxın məcburi köçkün problemini necə həll edə bildiyindən lazımi səviyyədə məlumatlı deyil?”
Yazıçı-publisist Kərim Kərimli bildirib ki, bu film məcburi köçkünlərin ağır həyat şəraitini göstərmək üçün yaxşı düşünülüb: “Azərbaycanda və onun hüdudlarından kənarda məlumatın olmamasına görə yeni nəsil 25 ildir ki, məcburi köçkünlərin çadır və yataqxanadakı ağır həyat şərtlərindən xəbərsizdir”.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov diqqətə çatdırıb ki, ölkəmizdə məcburi köçkün problemlərinin həllində dövlətin üzərinə böyük yük düşüb: “Eyni zamanda beynəlxalq təşkilatların da rolu böyük olub. Azərbaycanda bu mövzuların geniş ictimaiyyətə çatdırılması üçün bu film diqqətəlayiq təşəbbüsdür”.
Filmdə zəngin arxiv materiallarından istifadə olunmaqla rayonların işğalı və məcburi köçkünlərin ölkə ərazisində, xüsusən çadır şəhərciklərində, vaqonlarda yerləşdirilməsi müsahib və ekspertlərin dili ilə çatdırılıb. Burada yeni salınmış qəsəbələr və onların şəraiti, insanların həmin qəsəbələrə köçürülməsi ilə bağlı proseslər və çətinliklərin də izahı verilib.
Azərbaycan dilində, inglis subtitrləri ilə hazırlanan film Humaintar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində çəkilib. Filmi Baku Film School Production youtube ünvanından və yaxud “Bakufilmschool” facebook ünvanı üzərindən izləmək mümkündür.
Şərhlər bağlıdır.