Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cənab leytenant qızının dünyaya gələcəyini gözləyirdi…

Şəhid atası Müşfiq Həsənov: “Oğlum öz arzusunun dalınca getdi. Vətən sağ olsun!”

İki ay sonra Zərifənin bir yaşı olacaq. Avqustun 13-də isə atasının şəhidliyə ucalmasından bir il keçdi. 2021-ci il avqustun 13-də Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak oldular.

1997-ci ildə doğulmuş Eldar Həsənli Gəncə Texnologiya Universitetinin məzunuydu. Hərbi xidmətdən sonra Bakı şəhərində zabitlik kursunu da bitirib, Kəlbəcərə gəlmişdi. Məqsədi işğaldan azad olmuş torpaqlarımızı göz bəbəyi kimi qorumaq idi. Ata olacağı günü və qızının dünyaya gələcəyini səbirsizliklə gözləyirdi…

Avqustun 14-də Mingəçevir şəhərində,  Natəvan küçəsindəki 1 saylı ünvanda Eldarın  xatirə lövhəsinin açılışı olub və ildönümü mərasimi qeyd edilib. Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgərlərimizin xatirəsi xalqın əbədi yaddaşına köçüb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində bir daha dünyaya qüdrətini göstərdi, şəhidlərimizin qanı yerdə qalmadı”.

Şəhidin atası Müşfiq Həsənov oğlunun hərbçi olmaq arzusundan danışıb: “Oğlum öz arzusunun dalınca getdi. Vətən sağ olsun!”

“Nur” dəstək qrupunun könüllüləri və  və şəhidin təhsil aldığı 19 saylı məktəbin şagirdləri Vətənə, torpağa, şəhidlərə həsr olunmuş kompozisiyalarını təqdim ediblər. Mərasimə şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və  şəhər Bələdiyyəsinin məsul işçiləri də qatılıblar.

Şərhlər bağlıdır.