“Bura xəstəxanadan daha çox otelə bənzəyir”
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Haydrun Tempel martın 4-də Mingəçevirə səfərə gəlib və şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Səfir Mingəçevirdə Birinci Avropa Oyunlarına hazırlığın vəziyyəti, məcburi köçkünlərin durumu, şəhərdəki mədəniyyət, təhsil və səhiyyə ocaqlarının vəziyyəti, istehsal və sənaye müəssisələrinin fəaliyyəti barədə maraqlanıb. N.Bayramov qonağa bildirib ki, Avropa Oyunlarına az qalmasına baxmayaraq, Bakıda olduğu kimi, Mingəçevirdə də qısa müddətdə çox böyük işlər görülüb. Belə ki, yeni xəstəxana kompleksi və Olimpia şəhərciyi istifadəyə verilib, yeni mehmanxanalar tikilir. Kür OTİM-də yenidənqurma işlərinə başlanıb. Küçə və məhəllələrin abadlaşdırılması, yeni parkların salınması davam etdirilir. Yaxın vaxtda şəhərə yeni avtobuslar və “London” taksiləri gətiriləcək. İyun ayının əvvəlindən başlayaraq, mütəmadi olaraq konsertlər təşkil olunacaq.
Sonra Haydrun Tempel yeni Xəstəxana Kompleksinə, idmançıların və qonaqların yerləşəcəyi şəhərciyə gəlib. O, bunları gördükdən sonra deyib ki, hər iki obyektdə şərait ən yüksək səviyyəli otellə müqayisə oluna bilər: “Bura xəstəxanadan daha çox otelə bənzəyir”- səfir belə deyib. O, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və şəhərin görməli yerləri ilə tanış olub, 140 yaşlı ağacın qarşısında xatirə şəkli çəkdirib.
Almaniyalı xanım Mingəçevirdə aparılan işləri və Mingəçevirin turizm potensialına yüksək dəyərləndirib, yayda bu şəhərə gələrək, avarçəkmə yarışlarını izləyəcəyini və istirahət edəcəyini deyib: “Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-səhman, müasir binalar mənim ürəyimcə oldu. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə Birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.
Şərhlər bağlıdır.