Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu il tələbə adını qazanan 460 mingəçevirlinin 120-si MDU-nu seçib

Bu barədə fikirlər avqustun 28-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş zamanı səsləndirilib. Gəncləri tələbə adı qazanması münasibətilə təbrik edən Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün görülən işlərdən danışıb: ”Son illərdə Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri da hazırda inşa olunur. 11 məktəbin əsaslı təmiri başa çatıb, 1 məktəbdə isə hazırda əsaslı təmir aparılır. 12 və 17 saylı məkəblərin də əsaslı təmiri nəzərdə tutulub”.

Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov diqqətə çatdırıb ki, 2018/2019-ci tədris ilində şəhərin orta ümumtəhsil məktəblərini 760 nəfər bitirib: “Məzunlarımızdan 630-u ali məktəblərə sənəd verib, 460-ı tələbə adını qazanıb. Onların 120-si Mingəçevir Dövlət Universitetini seçib”.

Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova, 8 saylı məktəbin məzunu Aysel Seyidəhmədova, valideyn Fəryad Qarayev  ötən tədris ilində əldə olunan uğurlar, gələcək planları və ailə-məktəb münasibətləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşə toplaşanları bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad etməyə səsləyən 20 saylı məktəbin müəllimi Günel Bəylərqızı təmsil etdiyi kollektivin gücü ilə şagirdlərini işğaldan azad olunmuş Cocuq Mərcanlı və Lələ Təpə kəndlərinə apardığını deyib: “Yaxşı təhsil almaq fərəh doğurur. Lakin iş bununla bitmit. Biz uşaqlarımızı əsl vətəndaş kimi böyütməliyik. Onlara Azərbaycanımızı və Qarabağımızı, bizim bu günkü firəvan həyatımız naminə şəhid olan övladlarımızı tanıtmalıyıq”.

P.S. Bu il ali məktəblərə qəbulun nəticələrinə və təhsil aldıqları müddətdə daha çox fərqlənmələrinə görə 9 gəncə İH adından hədiyyələr təqdim olunub. Həmin gənclərin siyahısını təqdim edirik:

1.Məmmədova Leyla Vüqar qızı Texniki Humanitar Liseyi qızıl medalla bitirib. 679,7 balla BDU-nun hüquq fakültəsinə qəbul olub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada bürünc medal qazanıb.

2.Əmrahlı Ruqiyyə Famil qızı 10 saylı məktəbi qızıl medalla bitirib. 670,8 balla Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada gümüş medal qazanıb.

3.İsmayılova Şəbnəm Toğrul qızı Texniki Humanitar Liseyi qızıl medalla bitirib. 645,2 balla BDU-nun hüquq fakültəsinə (ingilis dilindı) qəbul olub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada bürünc medal qazanıb.

4.Siraclı Nurtac Vüqar qızı 7 saylı məktəbi qızıl medalla bitirib. 642 balla Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə qəbul olub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada bürünc medal qazanıb.

5.Əhmədli Fatimə Anar qızı 7 saylı məktəbi gümüş medalla bitirib. 631,8 balla BDU-nun hüquq fakültəsinə qəbul olub. Tarix fənn olimpiadasında gümüş medal qazanıb.

6.Seyidəhmədova Aysel Rauf qızı 8 saylı məktəbi bitirib. 666 balla Dövlət Neft Sənaye Universitetinə kompüter elmləri ixtisası üzrə qəbul olub.  Ali məktəblərə qəbul imtahanlarında blok fənlər üzrə respublikada ən yüksək nəticə (400 bal) göstərib.

7.Məmmədova Alsu Zaur qızı 3 saylı məktəbi bitirib. 622 balla Mingəçevir Dövlət Universitetinə riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə qəbul olub.

8.Qarayeva Şəfa Vilayət qızı Texniki Riyaziyyat Humanitar Elmlər Təmayüllü Liseyi bitirib. 657 balla Tibb Universitetinə müalicə işi ixtisası üzrə qəbul olub.

9.İbrahimov Ayxan Təvəkkül oğlu 3 saylı məktəbi bitirib. 644 balla Bakı Ali Neft Məktəbinə neft mühəndisliyi ixtisası üzrə qəbul olub.

Bu gəncləri və digərlərini “Mingəçevir işıqları” qəzetinin kollektivi adından təbrik edirik. Yolunuz açıq, həyatınız işıqlı, gələcəyiniz parlaq olsun.

Şərhlər bağlıdır.