Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu gün səhər saatlarından Mingəçevirdə avarçəkmə yarışlarına başlandı (yenilənir)

Yığma komandamızın daha bir üzvü İnna Rdomska-Osipenko qadınların kayak yarışında uğurla çıxış edib. O, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.

Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İnna Rdomska-Osipenko ilə yanaşı Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.

***

Mingəçevirdə avarçəkmə yarışları kişi kanoeçilərin 1000 metr məsafəyə ilkin yürüşləri ilə başlayıb. Əvvəlcə 14 idmançı iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “yeddilik”də start xəttinə çıxıb. O, 1000 metr məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini dördüncü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz iyunun 15-də saat 15:54-də start götürəcək yarımfinalda dördüncü zolaqda mübarizə aparacaq.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə dörd yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev birinci yürüşdə səkkizinci zolaqda mübarizə aparıb. O, məsafəni 3 dəqiqə 58,144 saniyəyə qət edib. Təmsilçimiz yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq yarımfinala yüksələ bilməyib.

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ bilib.

Qadınların kayak qayıqlarında 500 metr məsafəyə yarışında isə 18 idmançı çıxış edəcək. Yığma komandamızın üzvü İnna Rdomska-Osipenko 2-ci yürüşdə 8-ci zolaqda start xəttinə çıxacaq.

***

“Kür” Olimpiya Tədris İdman Mərkəzində təşkil olunan Oyunların ilk günü kanoe qayıqlarında yarışlar keçirilir. Kür çayında yarış zamanı 9 atlet eyni zamanda qüvvəsini sınaya bilir. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000 metr, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilir. Yarış sahəsinin uzunluğu 1000 metr, dərinliyi isə 10 metrdən çoxdur.

Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edir. Yarışlarda 37 ölkədən 300 nəfər kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri olimpiya oyunlarının mükafatçısıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunacaq. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, əcnəbi idmançılar Mingəçevirə iyunun 12-də gəliblər. Onlar iyunun 13-14-də Kür çayında təlim-məşq toplanışlarında iştirak ediblər. Kürün sahilində 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırlıb, atletlər üçün istirahət zonası yaradılıb, ərazidə çadırlar quraşdırılıb.

***

Xəbər verdiyimiz kimi, iyunun 14-də Mingəçevirdə avarçəkmə üzrə Birinci Avropa Oyunlarına strart verilib. Yarışın nəticələri barədə bir azdan oxucularımıza geniş məlumat verəcəyik.

Şərhlər bağlıdır.