Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bu analar olmasa…

Qəzetimizə kömək üçün gələnlərin arasında tez-tez qadınlar, xüsusən şəhidlərin xanımları da  olur. Əksəriyyət onlara biganə münasibətdən incidiklərini gizlətmirlər. Çünki isti kabinetlərdə oturub, yaxşı məvacib alan məmurların arasında şəhidlərin valideynlərinə, həyat yoldaşlarına və övladlarına: “Mənim nəyimə gərək, getməyəydi, ölməyəydi…” deyənlər hələ də var.

Bütün hallarda evin kişisini itirmək ağır faciədir. Bu halda qadının işi və dərdi qat-qat artır. Xüsusən də indiki ağır iqtisadi durumda ailə saxlamaq elə asan deyil. Balalarını ac saxlamamaq üçün qadınlarımızın hər cür əziyyətə qatlaşdığının şahidiyik. Bəzən  ağlayan körpəsinə bir qarın yemək tapmaqdan ötrü işsiz-gücsüz qadının bədənini satması da başadüşüləndir. Hər halda başqasının cibinə girən, rüşvət alan məmurdansa beləsi yaxşıdır.

Bizim sağ qalmağımız naminə həyatını itirənlərin ailələrinin çətin durumda qalması utandırıcı haldır. Torpaqlarının 20 faizini itirən, 1 milyona yaxın qaçqın və köçkünü olan ölkədə  saxta vətənpərvərlikdən danışanlar, Azərbaycandan kənardakı müqəddəs torpaqlara ziyarətə gedənlər ətraflarına, qonum-qonşularına baxsınlar. Heç olmasa arabir kimsəsizlərə sahib çıxsınlar, yardınm əllərini uzatsınlar.

Dövlət şəhid ailələrinə, o cümlədən uşaqlı qadınlara  qayğısını artırır və artırmalıdır. Amma hər işi  hökumətin üzərinə atmalı deyilik. Bu məmləkətdə yaxşı pul qazananlar  bu torpaq üçün canını fəda edənlərin haqqını  verməyə borcludurlar. Eyni zamanda ölkəmizin sərhədlərini qoruyan oğulların, onları  doğan anaların ac-yalavac  qalmasına dözməməliyik. Bu analar olmasa, bu vətən də olmayacaq.

P.S. Hər il 20 Yanvar günündə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq izdihamlı nümayişlər təşkil olunur, insanlar şəhid qəbirləri qarşısında baş əyib, onları unutmayacaqlarını bəyan edirlər.  Amma cəmi bir gün sonra çox şey unudulur.

Şərhlər bağlıdır.