Bölgənin ən böyük eneji müəssissələrinin tikintisinə rəhbərlik etmiş şəxs
Əli Ağamirov bölgənin ən böyük enerji obyektlərində sahə və idarə rəisi vəzifələrində çalışdığı zaman dəfələlərlə ümummilli liderin həmin tikintilərə tarixi səfərlərinin şahidi və iştirakçısı olub
“Obyektlərdə çalışan milli mühəndisləri, hətta yük maşını sürücülərini barmaqla saymaq olardı. Ulu öndər energetikamıza milli ruh və nəfəs bəxş elədi”.
Bu fikirləri vaxtilə Şəmkir, Sərsəng , Yenikənd və Azərbaycan İstilik Elektrik Stansiyalarının tikintisində çalışaraq, aparıcı sahələrə rəhbərlik etmiş təcrübəli mütəxəssis Əli Ağamirov deyir. Bütün olub bitənlərin canlı şahidi olan müsahibimizin sözlərinə görə, hər addımda yalnız erməni, rus və digər millətlərin nümayəndəlırinə rast gəlinirdi: “Az qala öz dilində müraciət edib tapşırıq verməyə adam tapmırdın. İlk dəfə Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin çiyinlərində böyük yük, qarşısında isə həlli vacib olan vəzifələr dayanırdı. O, Azərbaycanın enerji müstəqilliyini təmin etmək üçün keçmiş ittifaqdan iradə və qətiyyəti sayəsində respublikada iri enerji obyektlərinin tikintisinə icazə almalı, həm başlanılan işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün mövcud imkanları səfərbər etməli, həm də energetika sahəsində açıqca diqqət çəkən milli mütəxəssis boşluğunu aradan qaldırmalı idi. Həqiqətən çox çətin idi. O böyük lider bunu bacardı”.
Əli Ağamirov Sərsəng SES-də işlərin çox ləng getdiyindən danışır. Deyir ki, Heydər Əliyev tikintiyə rəhbərlik edən Yaxşıyan Saak Xaçaturoviçi dərhal vəzifəsinin icrasından kənarlaşdırdı. Yeni və daha başarılı mütəxəssislər cəlb edildi. Ümumiyyətlə paralel olaraq o milli kadrların yetişdirilməsinə yeni vüsət verdi. Tikintilər istər orda, istər Şəmkirdə (keçmiş Şamxor) Yenikənddə, istərsə də Azərbaycan DRES-də (indiki İES) müxtəlif dövrləri və mərhələləri əhatə etdiyi üçün illər gedirdi. Yəni bu illər həm də milli mütəxəssislərin sıralarının genişlənməsi ilə nəticələnirdi.
“Sual edə bilərsiniz ki, Şəmkir SES-dən sonra Yenikəndin tikintisi hansı zərurətdən ortaya çıxdı. Deyim, bilməyənlər də bilsin. Şəmkir SES-in fəaliyyəti istifadə olunmuş çox-çox maye, ya filtə olunmuş vasitələrin mənasız axıdılmasına səbəb olurdu. Ulu öndər sərfiyat itkisindən maksimum yararlanaraq, yeni enerji mənbələri yaratmaq üçün bu möhtəşəm layihənin icrasına start verdi. Doğrudur, sonradan o, Moskvaya yeni vəzifəyə təyinat aldıqdan sonra və növbəti məlum dövrdə burada aparılan tikinti işləri natamam qaldı. Görünür burada da Tanrının bir qisməti var. Çünki ulu öndər ölkənin siyasi həyatına növbəti qayıdışından sonra Yenikənddə başlanılan işlərin uğurla yekunlaşdırılmasına nail oldu. Həm də energetikamızın inkişafına növbəti töhfəsini verdi. Azərbaycan İstilik Elektrik Stansiyasının açılışı ilə ölkə və ölkə energetikası tarixinə bir möhür vurdu”.
Əli müəllimin dediyinə görə, Heydər Əliyevin bölgə energetikasının inkişafı üçün bir başqa təşəbbüsü və layihəsi də vardı. Tovuzda Kirzan Su Elektrik Stansiyası inşa etmək niyyətindəydi. Təəssüf ki, o zamankı arzuolunmaz reallıqlar ona bu layihəni gerçəkləşdirmək imkanı vermədi.
Əli Ağamirov bölgənin ən böyük enerji obyektlərində sahə və idarə rəisi vəzifələrində çalışdığı zaman dəfələlərlə ümummilli liderin həmin tikintilərə tarixi səfərlərinin şahidi və iştirakçısı olub. Hətta ulu öndər analoji tikintilərdə ölkədə ilk dəfə olaraq Əli Ağamirovun təsərrüfat yönlü iş prinsipi təşəbbüslərini dəstəkləyib. Həmin təşəbbüsə əsasən hər kəs standart maaş deyil, zəhməti müqabilində əmək haqqı qazanmaq şansı əldə edib.
Şərhlər bağlıdır.