BMT xəttilə Göyçayda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi” çərçivəsində iyunun 22-də Göyçay rayonunda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib.
Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə keçirdiyi bu seminarın təşkil edilməsində əsas məqsəd fermerlərə dünyada ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarına olan tələbatın artması barədə geniş məlumat vermək, yüksək keyfiyyətə və standartlara uyğun ekoloji təmiz və sağlam nar məhsulunun yetişdirilməsi prosedurunu fermerlərə öyrətmək və onları maraqlandıran sualları cavablandırmaqdır. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin şöbə müdiri, “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi”nin məsləhətçisi Yaqub Quliyev, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Həzi Eynalov, Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elçin İsmayılov çıxış edərək “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi” çərçivəsində görülən işlər və əldə edilən uğurlar haqqında geniş məlumat veriblər.
Seminarda Türkiyənin Ege Universitetinin professoru Uyqun Aksoy və Giresun Universitetinin mütəxəssisi İsmət Boz fermerlərə orqanik kənd təsərrüfatı məhsulları, eləcə də ekoloji cəhətdən təmiz və keyfiyyətli nar məhsulunun istehsalı zamanı hansı tədbirlərin görülməsi və məhsulun dünya bazarına çıxarılması üçün hansı tələblərə diqqət yetirilməsi barədə geniş məlumat veriblər. Mütəxəssislər ekoloji təmiz nar istehsalında dərmanlardan istifadə etmədən ziyanverici həşəratlara qarşı mübarizə yolları barədə monitor vasitəsilə təqdimatlar ediblər. Seminarda fermerlər arasında nar istehsalı zamanı üzləşdikləri problemlərin öyrənilməsi ilə bağlı sorğu keçirilib, narın çürüməsinin qarşısını vaxtında almaq və keyfiyyətli nar istehsalına nail olmaq, məhsuldarlığı daha da artırmaq, narın yetişdirilməsi və saxlanılması qaydaları, ziyanvericilərə qarşı mübarizə sahəsində dərmanlardan istifadə etmədən ekoloji təmiz məhsulun əldə edilməsi və beynəlxalq tələblərin nəzərə alınması ilə bağlı maraqlı təkliflər irəli sürülüb, problemlərin həlli yolları müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində iyunun 23-də Zaqatala rayonunda fındıq istehsalı ilə məşğul olan fermerlər üçün seminar təşkil ediləcək.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.