BMT nümayəndələrinin Şuşada tədbirdə iştirakına Yerevanın reaksiyası və Bakının cavabı
Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyi Şuşada qeyd edilib
Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyinə həsr olunmuş tədbir ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Şuşa şəhərində keçirilib. Tədbirdə Bakıda akkreditasiyadan keçmiş Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də iştirak edib. Rəsmi Yerevan bu tədbirin Şuşada keçirilməsi ilə bağlı etirazını bildirib. Azərbaycan XİN Ermənistanın reaksiyasını cavabsız qoymayıb.
Nə baş verib?
Martın 18-də xarici işlər naziri Ceyhun Bayramovun və prezident köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında Azərbaycan hökumətinin nümayəndə heyəti BMT-nin Bakıda akkreditasiyadan keçmiş rəsmi nümayəndələri ilə birlikdə Şuşaya gediblər.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına daxil olmasının 30 illiyinə həsr olunmuş tədbirin iştirakçıları 2020-ci ilin payızındakı 44 günlük müharibəsdən sonra Azərbaycanın nəzarəti altına qayıdan Qarabağda yerləşən bu şəhərə Füzuli aeroportundan gediblər.
Füzuli aeroportu Azərbaycanın öz nəzarəti altına qaytardığı ərazilərdə inşa etmək istədiyi üç hava limanından biridir. Zəngilan rayonunda ikinci aeroportun inşasına artıq başlanılıb, daha sonra Laçın rayonunda da hava limanının inşası planlaşdırılır.
“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT nümayəndələri ilə birlikdə “Xankəndi” təyyarəsində Füzuli aeroportuna uçuruq ki, ordan Şuşaya gedək. AR-ın təşkilata daxil olmasının 30 illiyi Birləşmiş Millətlər Təşkilatının institutları ilə birlikdə Şuşada qeyd olunacaq. BMT bayrağı azad edilmiş Şuşada dalğalanacaq!” – Hikmət Hacıyev Twitter-də yazıb.
We are flying to Fuzuli airport with the plane entitled Khankandi to visit Shusha with the UN family accredited in Azerbaijan. 30th anniversary of Azerbaijan's admission to @UN will be celebrated in #Shusha with #UN institutions. Flag of UN will be waved in liberated Shusha! pic.twitter.com/sDSnMwSlQX
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 18, 2022
Şuşada tədbirdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva çıxış edib.
Tədbirdən sonra iştirakçılar şəhərlə tanış olublar, Şuşa qalasının əsas girişi qarşısında şəkil çəkdiriblər.
Ermənistan XİN-in notası
Ermənistan XİN Şuşada keçirilən tədbirə BMT nümayəndələrinin cəlb olunması ilə bağlı etiraz notası ilə çıxış edib. Nota martın 19-da BMT-nin Ermənistandakı daimi əlaqələndiricisinin səlahiyyətlərini yerinə yetirən Lil Piters Yahyaya təqdim olunub.
Ermənistan XİN-də görüş zamanı ona bildirilib ki, “ER Xarici İşlər Nazirliyi BMT ofisinin Azərbaycanda martın 18-də Şuşada təşkil olunan tədbirə cəlb olunmasını qınayır”.
XİN-in saytında dərc olunan məlumatda həmçinin deyilir ki, “Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatından Dağlıq Qarabağ münaqişəsi kontekstində qurumun neytrallığının bərpa edilməsi yönündə addımların atılmasını tələb edir”.
Azərbaycan XİN-in cavabı
“Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbir təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil. Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir”, – Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan rətəfinin etirazını şərh edərkən qeyd edib.
“Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir.
Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə, Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil.
Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar”, – Leyla Abdullayeva vurğulayıb.
Şərhlər bağlıdır.