Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bütün həyatını Mingəçevirə həsr etmiş Qəşəm İsmayılov kimdir?

Qəşəm İsmayılov 24 yaşında şəhər gənclərinin, iki il sonra isə yerli hökumətin başçısı idi

922
Elə insanlar var ki, bir vaxtlar gənc mütəxəssis kimi və digər səbəbdən gəldiyi şəhəri sonralar heç vaxt tərk edə bilmir. Bu şəhərdə çalışır, ailə-uşaq, hörmət-izzət sahibi olur, insanlarıyla doğmalaşır, bir sözlə, bu şəhər onun bütün həyatının qayəsinə çevrilir.
Martın 24-də bütün həyatını öz doğma şəhəri Mingəçevirə həsr etmiş, dəyərli ağsaqqal və ziyalı, təşəbbüskar- təşkilatçı və savadlı müəssisə rəhbərlərindən olmuş Qəşəm Abdulla oğlu İsmayılovun haqq dünyasına qovuşmasının 40-cı günüdür.
O, 1933-cü ildə doğulduğu Xanabad kənd qəbiristanlığında dəfn edildi.
Qəşəm müəllim 1950-ci ildə Xaldan orta məktəbini, 1955-ci ildə isə M. Əzizbəyov ad. Azərb. Sənaye İnstitutunu bitirib mühəndis-qeoloq ixtisasına yiyələnmişdir. Elə həmin il də “Mingəçevir SES tikinti” də tikinti ustası kimi əmək fəaliyyətinə başlamış və az sonra iş icraçısı vəzifəsində tamamlama işlərinin başa çatdırılmasında əzmlə çalışmışdır.
Bütün bunların nəticəsi olaraq cəmi iki il sonra 1957-ci ildə, 24 yaşında şəhər Komsomol Komitəsinin 1-ci katibi, 1959-cu ildə isə Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin sədri seçilmişdir.
Qəşəm İsmayılovu şəhərin tikintisinə var gücünü sərf edirdi
Qəşəm müəllim 1958-ci ildən etibarən uzun illər şəhər Partiya Komitəsinin büro üzvü, habelə şəhər Sovetinin deputatı və daimi komissiyanın sədri olmuşdur.
Şəhərimizdə bu cür zəngin həyat bioqrafiyası olan şəxslərə rast gəlmək çətindir desəm, zənnimcə yanılmaram.
O, 1959 cu ildən, 1969-cu ilin sonunadək 20-dək rayon və şəhərin tikintisinə öz məhsullarını göndərilən 5 nömrəli DBM zavodunda direktor, 1970-78-ci illərdə 5 saylı “Azərtikinti” Trestinin müdir müavini, 1978-1984-cü illərdə Yol və Tikinti Maşınları Təmiri zavodunun direktoru və 1986-1996-cı illərdə “Mingəçevir Heyvandarmaş” İB-nin baş direktoru vəzifələrində çalışmışdır.
Qəşəm müəllim tələbkarlığı ilə yanaşı daim işçilərinin qeydinə qalan, onların mövqeyindən çıxış edən və təmtəraqdan kənar rəhbərərdən olmuşdur.
O, 1966-cı ildə “Əməkdə Fərqlənməyə görə” medalı, 1981-ci ildə “Şərəf Nişanı” ordeni, 1985-ci ildə “Əmək veteranı” medalı və 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” fəxri adına layiq görülmüşdür.
Olduqca mehriban, səliqə-səhmanlı, ünsiyyətcil, şair təbiətli (onun yüksək zövqlə yazılmış xeyli şeirləri var)natiqlik bacarığı olan bir insan idi, Qəşəm müəllim.
Mingəçevir son ağsaqqal və gözəl insanlarından birini itirdi.
Allah rəhmət eləsin. Ruhu şad, yeri behişt olsun! Amin.

 

Bayram MUSTAFA 

Şərhlər bağlıdır.