BMT ilkin ehtiyacları qarşılamaq üçün ictimai təşkilatlarla məsləhətləşmə apardı
BMT-nin ölkəmizdəki ofisi Azərbaycan hökuməti, ictimai təşkilatlar, tədqiqat mərkəzləri və digər inkişaf tərəfdaşlarıyla birgə həm COVİD-19, həm də ikinci Qarabağ müharıbəsindən yaranan sosial-iqtisadi və ekoloji vəziyyəti daim izləyir, müəyyənləşdirilmiş ilkin ehtiyacları qarşılamaq üçün birgə tədbirlər həyata keçirir. Növbəti tədbir dekabrın 3-də onlayn rejimdə ictimai təşkilatlarla məsləhətləşmə şəklində baş tutub. Görüş BMT-nın müəyyən və ictimai təşkilatların təsbit etdiyi humanitar ehtiyacların öyrənilməsi, BMT-nin ortaq məlumat bazasına ictimai təşkilatlar barədə məlumatların daxil edilməsi ilə bağlı məsələlərə həsr olunub.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Tarek Çeniti açılış nitqində diqqətə çatdırıb ki, tədbirin bu tarixdə keçirilməsi təsadüfü deyil, çünki 3 dekabr Beynəlxalq Əlillər Günüdür və əlilliyi olan şəxslərin ictimai həyatın bütün sahələrində hüquqlarının qorunması BMT üçün ümdə məsələlərdən biridir: “Əlillik ayrı-seçkilik mənbəyinə çevrilməməlidir”
Görüşdə BMT-nin Humanitar Məsələlərin Kordinasiyası üzrə İdarəsinin (OCHA) Humanitar Məsələlər üzrə məsul şəxsi Ivane Boçirişvili BMT-nin Qiymətləndirmə İşçi Qrupunun hazırkı ehtiyacların sürətli qiymətləndirilməsinin nəticələri, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin Tərəfdaşlıq və İnkişafin Maliyyələşdirilməsi üzrə məsul şəxsi Şəms Mustafayeva ictimai təşkilatların təsbit etdiyi humanitar və inkişaf ehtiyacları barədə maraqlı təqdimatlar ediblər. Qeyd olunub ki, ikinci Qarabağ müharibəsində Bərdədə 40 min, Ağdamda 8200, Ağcabədidə 4000 nəfər ev-eşiyindən uzaq düşməyə məcbur olub. Onların əksəriyyəti hazırda əvvəlki yaşayış yerlərinə qayıtsalar da, bir qismi ev və digər əmlaklarının yararsız vəziyyətdə olduqlarını görmüşlər. Lakin evləri dağılan insanlar həyətlərində qurulan çadırlarda yaşamaq istədiklərini bildiriblər. Bu gün onların isti pal-paltara, qab-qacaq əşyalarına ehtiyacı yaranıb. Sarsıntı keçirən insanları normal duruma qaytarmaq üçün nə xəstəxanalarda, nə də məktəblərdə psixoloqlar yoxdur. Zorakılığa məruz qalan qadınların sayı artmaqdadır. Kənd təsərrüfatına ciddi ziyan dəyib, məhsulun yığılması və torpağın növbəti payız əkininə hazırlanmasında gecikmələr baş verib. Minalanmış ərazilərdə təhlükə qalmaqdadır, “Anama”nın səylərinə baxmayaraq, bu işi yaxın vaxtlarda başa çatdırmaq mümkün deyil. İnternetin məhdudlaşdırılması, kənd yerlərində internetə əlçatanlığın olmaması onlayn dərslərdə iştiraka maneçilik yaradıb.
Müzakirələrdə QHT nümayəndələrindən Davud Rəhimli, Fərman Nəbiyev, Səbinə Ələkbərova, Umud Mirzəyev, Məryəm Məcidova, Südabə Məmmədova, Zalihə Tahirova və başqaları fikirlərini bölüşüblər. Onlar vurğulayıblar ki, pandemiya günlərində yaşı 70-dən yuxarı olan ahıl vətəndaşlar dövlətin sosial mərkəzləri tərəfindən qayğı ilə əhatə olunsalar da, digər yaşda olan əlillliyi olan şəxslər çətinliklərlə üzləşiblər. Müharibə dövründə sağlamlığını itirmiş şəxslərə müavinətlər nəzərdə tutulub, lakin bu, ehtiyacları tam qarşılamır, buna görə də onlara evdən işləməyə şərait yaradılmalıdır. Müharibədən əziyyət çəkən dinc sakinlər, xüsusən uşaqlar və qadınlar, kompüter və mobil telefonu, internetə çıxışı olmayan ailələr üçün dəstək proqramları həyata keçirilməlidir.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin (OCHA) Data Analizi və Vizual Təqdimat üzrə mütəxəsisi Elsa Katariina Raunio humanitar dəstəyin monitorinq forması və hazırkı humanitar ehtiyac və yardımların əks olunduğu platforma barədə görüş iştirakçılarına məlumat verib. O, bildirib ki, məqsəd yerli vətəndaş cəmiyyətinin bacarıqlarını müəyyənləşdirmək və onların gücü ilə ölkənin hər yerində bir-birini təkrarlamayan fəaliyyətlər həyata keçirməkdir.
Şərhlər bağlıdır.