Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib
2020-ci ilin 4 dekabr tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informasiya texnologiyaları sənayesinin artan rolu” mövzusunda nəzəri-praktiki seminar keçirilib.
“ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Vətən Müharibəsində əldə edilən tarixi Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib və 44 gün davam edən döyüşlərdə hər iki universitetin tələbə, məzun və əməkdaşlarının da iştirak etməsindən qürur duyduğunu bildirib. Daha sonra, AzTU-nun 70 illik yubileyi münasibətilə MDU ailəsi adından təbriklərini çatdıran Ş.Bayramov AzTU kollektivinə və tələbələrinə yeni-yeni uğurlar arzulayıb.
Birgə seminarın Azərbaycan Respublikasının Prezidentinin 20 sentyabr 2016-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu vurğulayan Ş.Bayramov ölkəmizdə informasiya cəmiyyətinin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.
Seminar iştirakçılarını salamlayan Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev müzəffər Ali Baş Komandanımızın böyük qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində əldə edilmiş şanlı zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib, Allahdan bütün şəhidlərimizə rəhmət və yaralılarımıza şəfa diləyib.
AzTU və MDU arasında əməkdaşlıq çərçivəsində təşkil olunan nəzəri-praktiki seminarın mövzusunun aktuallığından bəhs edən V.Vəliyev müasir dövrdə innovativ inkişafın təmin olunmasında informasiya texnologiyalarının davamlı artan rolundan və informasiya-kommunikasiya texnologiyaları üzrə yüksək ixtisaslı kadr hazırlığı sahəsində ali təhsil müəssisələri qarşısında dayanan vəzifələr barədə ətraflı məlumat verib.
Sonra, MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi, dosent Almaz Əliyeva “İnformatika – informasiya texnologiyaları sənayesinin əsas bazası timsalında” mövzusunda, AzTU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, dosent Zəfər Cəfərov “İnformasiya texnologiyaları ixtisası üzrə kadr hazırlanmasında təhsil standartlarının rolu” mövzusunda, MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Aidə Mustafayeva “İnformasiya texnologiyaları üzrə kadr hazırlığı: reallıqlar və perspektivlər” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə informasiya cəmiyyətinin inkişafının müəllim və tələbələr qarşısında yaratdığı yeni çağırışlar, informasiya texnologiyaları sənayesinin yüksək ixtisaslı kadrlarla təminatının müasir xüsusiyyətləri, müvafiq ixtisaslar üzrə təhsil standartlarının mövcud vəziyyəti, kadr hazırlığının məzmununun təkmilləşdirilməsi imkanları və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə seminar mövzu ilə bağlı sualların cavablandırılması, AzTU və MDU arasında gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə edilməsi ilə başa çatıb.
Şərhlər bağlıdır.