Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bizim bütün fəaliyyətimiz, o cümlədən büdcəmiz ictimaiyyət üçün açıqdır”

“Növbəti ildə bələdiyyə tərəfindən abadlaşmaya 95000 manat ayrılacaq. Mağarların təmiri üçün materiallar alınacaq, sosial təminatı zəif olan 200-250 ailəyə maddi yardım göstəriləcək”
Bu fikirləri dekabrın 17-də Mingəçevir Bələdiyyəsində 2015-ci ilin büdcəsinin gəlir və xərclərinin ictimai müzakirəsi zamanı «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri Mircəmil Hacıyev deyib. M. Hacıyev qeyd edib ki, büdcənin gəlirlərinin 2014-cü illə müqayisədə artırılması nəzərdə tutulub. Əsas gəlir mənbələri icarəyə verilmiş torpaqlardan icarə haqqından, torpaq sahələrinin mülkiyyətə verilməsindən, tikinti materialları üzrə mədən vergisindən, əmlak vergisindən, dövlət büdcəsindən ayrılacaq dotasiyadan olan daxilolmalardır. Ümumi büdcə gəlirləri 380 min manat proqnozlaşdırılır.
Xərclər bölməsində abadlaşdırma işlərinə, sosial-mədəni, məişət obyektlərinin əsaslı təmirinə, yolların cari təmirinə, maddi yardımlara, dəfn və mərasim xidmətlərinin təşkilinə və s. ayrılması nəzərdə tutulan vəsaitlər qeyd olunur. Eyni zamanda işçilərin maaşında 15-20 % artım nəzərdə tutulub. Bunun üçün 135000 manat ayrılacaq.
Məruzə ətrafında «Şahin» məhəllə komitəsinin sədri Qabil Alıyev, şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov, Əlillər Cəmiyyətinin sədri Mahir Eyyubov, bələdiyyə üzvləri Zahid Qasımlı, Nəbi Nəbiyev və başqaları çıxış edərək, rəy və təkliflərini bildiriblər.
Bələdiyyə sədri Coşğun Abdullayev diqqətə çatdlrlb ki, Mingəçevir Bələdiyyəsi fəaliyyəti barədə seçicilərinə müntəzəm məlumat verir: “Bizim bütün fəaliyyətimiz, o cümlədən büdcəmiz ictimaiyyət üçün açıqdır. 2014-cü ildə və əvvəlki illərdə təşkilatımızın işi göz qabağında olub. Bu müddətdə gücümüz çatanı etmişik. Məqsədimiz Mingəçevir Bələdiyyəsini respublikada fəallığı ilə seçilən qurum etməkdir.”
Sonda müzakirələrdə irəli sürülən təkliflər də nəzərə alınmaqla büdcə layihəsi bələdiyyə üzvlərinin səsverməsi ilə qəbul olunub. İctimai müzakirədə şəhərdə fəaliyyət göstərən QHT və KİV nümayəndələri də iştirak ediblər.

Aytən Kosayeva

Şərhlər bağlıdır.