AktualAraşdırmaAzərbaycanCəmiyyətElm və təhsilMaraqlıMingəçevir

Beynim fikir emalatxanası kimi…

Düşün, düşünməkdir beynin xasiyyəti!

Beynim fikir emalatxanası kimidir,

Dolur bir yığın taraz, nataraz, anlamlı, anlamsız fikirlərlə.

Bəzisinin qoxusu, bəzisinin rəngi xoşuma gəlməz,

Bəzisinin naməlumluğu qorxudar məni…

Amma ələ gəlməz, tutmaq olmaz fikirləri,

Nə taxta deyil yonasan, düzəldəsən əyri-üyrüsünü,

Siləsən xoşagəlməz rəngini, itirəsən qoxusunu.

Nə də dəmir deyil əridib tökəsən qəlibə, salasan lazım olan şəklə.

Fikrin qəlibi sözdür, cümlədir.

Yaxşı ustasan, işlə sözlə, cümlə ilə,

Düzəlt, qur cümlələri, yarat o anlamlı mənaları.

Tanrı insana ruh, can verən kimi,

Sən də sözlərə ruh, can ver.

Oxuyan anlasın, duysun səni.

Cilala, aşkara çıxar içindəki cövhəri.

Usta da sənsən, çıraq da sən,

Sənsən emalatxana sahibi, xidmətçi də sən.

Beynim fikirlə dolur, bəzisi özü gələr,

Bəzisini gətirərlər ağlıma.

Bəzisi olduğu kimi gözəl, bəzisi olduğu kimi yaramaz bir işə.

Düşün, düşünməkdir ustanın məharəti.

Anla fikirləri, duy, hiss et, gözlə.

Sonra da sözləri, cümlələri geyindir fikirlərin əyninə.

Beynin, təsəvvürün verə bilirmi fikrə düzgün formanı?

Bacarırmı ağlın fikirdən söz yaratmağı?

Nələr anladır sənə fikirlər, usta?

Növ-növ, çeşid-çeşid fikirlər,

Bəzisi ədəb-ərkanla gələr, bəzisi tələm-tələsik özünü salar içəri.

Bəzisi sadəcə yol keçər, azca dincələr, sonra göstər qapını…

Bəzisi qalıcıdır, fərqində olub anlasan yetər.

Bəzən yorar səni fikrə bir məna, bir forma verənə qədər.

Bəzən də fikir nə imiş anlamazsan, unudular gedər.

Beynim fikir emalatxanası kimi,

Düşün, düşünməkdir ustanın məharəti,

Düşün, düşünməkdir beynin xasiyyəti,

Anla fikirləri, duy, hiss et, gözlə…

Sonra da sözləri, cümlələri geyindir fikirlərin əyninə.

Düşünməsən, anlamasan fikirləri, beynin olacaq qeybət məkanı,

Gərəksiz, mənasız bir sürü söz yığını…

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close